SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur..." - GİLEY

"Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur..." - GİLEY

Tarix:

23-03-2020, 11:00

/ 1 089 dəfə oxundu.
"Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur..." - GİLEY

"Büdcəni dağıdırlar, əlilə, xəstəyə baxan yoxdur. Vətəndaşı qapıdan qovurlar, İkinci qrup əlil qardaşım, xəstə anam, bacım, həyat yoldaşım – hamımız betonun üstündə yatırıq. Hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. İş vermirlər ki, başımızı dolandıraq”.

DİA.AZ-ın məlumatına görə, Ağsu sakini Ramil Kərimov bildirir ki, atası Qarabağ döyüşlərində yaralanıb. Müharibənin yaraları onu həyatdan çox erkən aparıb. O və digər 5 uşaq tək ananın himayəsində böyüyüb. Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib. Ramil Kərimov ailənin durumundan danışır:

“Bizi əziyyətlə böyüdən anam yataq xəstəsidir, bacım da, həyat yoldaşım da xəstədir, müalicələrinə maddi imkanımız yoxdur. Həyat yoldaşım böyrək çatışmazlığından əziyyət çəkir, qardaşımsa 2-ci qrup əlildir. Betonun üstündə yatır. Çox acınacaqlı durumdayıq, elə hamımız betonun üstündə yatırıq, evimiz başımıza uçur, dam örtüyü dağılıb, yağış başımıza yağır. Dörd ağır xəstə belə vəziyyətdə zülm çəkir. Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu. Üstəlik də ailəmizdə heç kimin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Hətta məşğul olmaq istəsək belə, iş də yoxdur”.

Ramil Kərimov deyir ki, ailə gözünü 2-ci qrup əlilin pensiyasına dikib. Bu pensiya ailənin nəinki dərmanlarına, heç yavan çörəyinə də çatmır. Ailə üzvləri ünvanlı sosial yardım üçün müraciət etsələr də, imtina cavabı alıblar.

Şikayətçinin sözlərinə görə, həm özü, həm də ailə üzvləri Ağsu Rayon İcra Hakimiyyətində olsalar da, onlara bildirilib ki, qurumun kömək etmək imkanı yoxdur: “Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur. Son vaxtlar ordan da ümidimizi üzmüşük, daha getmirik. Hansı quruma müraciət ediriksə, deyirlər, bura sizinçün yardım paylayan təşkilat deyil. Prezident rayonlara icra başçısı təyin edir ki, xalqın dərdiylə maraqlansın, problemini həll eləsin.Ancaq bizim icra hakimiyyətinə gələn vətəndaşlara deyirlər, bura yardım paylayan, iş verən təşkilat deyil. Bəs vətəndaş neyləsin, gedib oğurluqla məşğul olsun?”

Şərhlər

XƏBƏR LENTİ