XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...

İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...

İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...
14-10-2020, 13:41

İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalovdan və bələdiyyə sədri Mirzəağa Mirzəxanovdan şikayətçidir. DİA.AZ-ın məlumatına görə, o, deyib ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edib, kənd camaatına məxsus örüş sahələrini mənimsəyiblər:

“2014-cü ildən bu günə kimi bir sıra dövlət qurumlarına kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı dəfələrlə müraciət etmişəm. Təəssüf ki, heç bir xeyri olmayıb. Bu illər ərzində Mirzəağa Mirzəxanov məni bir neçə dəfə məhkəməyə verib. Guya onun şərəf və ləyaqətini alçaltmışam, işgüzar fəaliyyətinə xələl gətirmişəm. 2014-cü ildə məni məhkəməyə verib, iki min manat təzminat tələb etmişdi. 2016-cı ildə kənddə insanların yaşayışının yaxşılaşdırılması məqsədilə on beş-on altı adamın adından ölkə başçısına məktub ünvanladım. Xahiş etdik ki, kəndimizə investisiya qoyulsun, fermalar tikilsin, üzüm bağları salınsın, yeni iş yerləri açılsın. Bələdiyyə sədrinin mənə qarşı düşmənçiliyi daha da artdı”.

Rüstəm Hüseynov deyir ki, bələdiyyə sədri onu 2019-cu ildə yenidən məhkəməyə verib. Bu dəfə beş min manatdan çox təzminat tələb edib. Məhkəmədə uduzan Rüstəm Hüseynova həmin pulu ödəmək, ya da təkzib vermək şərti qoyulub: “İmkanım olmadığı üçün pulu ödəyə bilmədim. Bunu fürsət bilib, məni çox sıxdılar. Məhkəmənin probasiya şöbəsi məni ötən ay çağırdı ki, biz ya səni həbs etməliyik, ya da təkzib yazmalısan. Dedilər ki, pul ödənilməsə, cinayət işi açılacaq. Hətta on gün müddətinə həbs olundum. Vəkilimlə də məsləhətləşdim, dedi ki, təkzib yazmasan, həbs olunacaqsan. İçəridə də bir iynə vurub, öldürtdürəcəklər. Təkzibi yazandan sonra bələdiyyə sədri mənə qarşı pul iddiasını geri götürdü”.

“İcra nümayəndəsi ilə bələdiyyə kəndi dağıdır, çapıb-talayır” – şikayətçi belə deyir: “Prezident Adminstrasiyasına müraciət etmişəm, dəfələrlə rayonun icra hakimiyyətinə getmişəm. Yerli icra hakimiyyəti də onların tərəfindədir.

Bütün şikayətlərim kəndin abadlaşdırılması naminə olub. Dayanmadan prezidentə qədər hamıya yazmışam, problemləri qabartmışam. Yol çəkdirmişəm, məktəbimizi düzəltdirmişəm. Məktəbin sanitar qovşağını yenidən təmir etdirmişəm. Kəndin 2500 nəfər əhalisi var. Mənim bunlarla davam yalnız o olub ki, kəndin pulunu yeyirsiz. Kəndin böyük torpaq ərazisi var. Orada adambaşına hektar yarım sahə düşür. Böyük sahələrimiz, yaylağımız, qışlağımız, əkin sahələrimiz var. Bələdiyyə bunun hamısının vergisini yığıb yeyir, dağıdır. Bu qanunsuzluqları ifşa etdiyim üçün məni də məhkəməyə veriblər”.

Şikayətçi iddia edir ki, həyatı təhlükə qarşısındadır. Qorxu, səksəkə ilə yaşayan Rüstəm Hüseyov artıq kimə müracət edəcəyini bilmədiyini söyləyir: “Bələdiyyə sədri qohumu, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanova arxalanıb məni tutdurmaq istəyir. Yaşar Cəlilov isə hər yerdə deyir ki, “yuxarı”ya 35 min manat pul vermişəm. Mənə heç kim heç nə edə bilməz. Mənə və ailəmə hədə və təzyiqlər olub. Bələdiyyə sədri Mirzəağa Mirzəxanov uzun müddət həbsdə yatmış adama pul təklif edib ki, məni oğurlasın. Polis evimə basqın edib. Yaşlı atamı itələyib, yerə yıxıblar. Bunlar hamısı müxtəlif illərdə baş verib. Körpə uşağım qorxudan epilepsiya keçirib, anam iflic olub. Bu əməlləri törədən bələdiyyə sədri Mirzəağa Mirzəxanovdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.