XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Deputatlığa namizəd Biləsuvarda təzyiqlə üzləşdiyini deyir

Deputatlığa namizəd Biləsuvarda təzyiqlə üzləşdiyini deyir

Deputatlığa namizəd Biləsuvarda təzyiqlə üzləşdiyini deyir
12-01-2020, 22:02

İcra başçısının müavini: "Namizədliyi təsdiqlənən şəxsə niyə təzyiq olunmalıdır və nə üçün təzyiq etməliyik?”

66 saylı Biləsuvar Seçki Dairəsindən namizədliyini irəli sürən Nurlan Mirəli ona imza vermiş şəxslərə təzyiq edildiyini deyir.

Bu barədə Meydan TV-yə danışan Nurlan Mirəli deyir ki, Ümid Partiyasının təşəbbüsü ilə seçkiyə qatılıb və o, imza vərəqələrini yanvarın 9-da DSK-ya təqdim edib:

"Ancaq Ovçubərə, İsmətli, Günəşli kənd bələdiyyələrinin sədrləri və icra nümayəndələri mənə imza verənlərə təzyiq göstərir. Konkret olaraq, İsmətli kənd icra nümayəndəsi Mübariz Mürsəlov, Günəşli kənd icra nümayəndəsi Əli Eyvazov vətəndaşları bələdiyyənin verdiyi pay torpağın və dövlət tərəfindən ayrılmış sosial müavinatlərın əllərindən alınacağı ilə hədələyirlər”.

O, hətta yaxın qohumlarına da oxşar təzyiqlərin olduğunu bildirib.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov Meydan TV-yə deyilənləri təkzib edib:

"Nurlan Mirəliyə necə təzyiq ola bilər ki, o, imza vərəqlərini DSK-ya təqdim edib və namizəliyi təsdiqlənib? Namizədliyi təsdiqlənən şəxsə niyə təzyiq olunmalıdır və nə üçün təzyiq etməliyik? Belə şey yoxdur, hamısı yalandır”.

İcra başçısının müavini "Nurlan Mirəli imza vərəqələrini dünən DSK-ya təqdim edib, amma özünün xəbəri olmadığı halda siz hardan bilirsiniz ki, namizədliyi təsdiqlənib” sualına "biz hər şeyi bilirik, heç bir narahatlıq yoxdur” deyərək telefonu qapadıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.