SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabda kənd sakinləri Azərbaycan vətəndaşlığından imtina edirlər – SƏBƏB

Zərdabda kənd sakinləri Azərbaycan vətəndaşlığından imtina edirlər – SƏBƏB

Tarix:

23-12-2019, 02:43

/ 827 dəfə oxundu.
Zərdabda kənd sakinləri Azərbaycan vətəndaşlığından imtina edirlər – SƏBƏB

Zərdab rayonu Gödəkqobu kəndində bizə və ailə üzvlərimizə məxsus torpaq sahələri var. Başqa iş yerimiz yoxdur, əlacımız ancaq həmin torpaq sahələrini əkib - becərməkdir. Amma buna Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev və idarənin işçisi Əlif Paşayev əngəl yaradıblar. Nəticədə əkinlərimiz susuzluqdan məhv olub. Çıxılmaz vəziyyətə düşmüşük”.

Bunu kəndin sakinlərindən Abdulhəmid Əhədov, Qarabağ əlili Mahir Seyidov və Ramil Zeynalov yazdıqları müraciətdə bildiriblər. Onlar media vasitəsi ilə üzləşdikləri problemin ictimailəşməsini, aidiyyatı dövlət qurumlarının məsələyə diqqət ayırmasını istəyirlər.

Şikayətdə qeyd edilir ki, Mircəlal Mirzəyev və onun işçisi - Gödəkqobu kənd üzrə su merabı Əlif Paşayevin suyu onlara baha qiymətə satırlar. Bu da sakinlərin maddi imkanları ilə üst-üstə düşmür.

“Yaranmış problemin həll edilməsi üçün Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olsaq da, heç bir tədbir görülməyib.

Həmçinin, üzləşdiyimiz qanunsuzluqlar barədə dəfələrlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciətlər etmişik, amma nəticəsi yoxdur. Çünki Mircəlal Mirzəyev talançılıqla əldə etdiyi vəsaitin bir hissəsini “yuxarı” ötürür deyə ona “gözün üstə qaşın var”, deyən yoxdur”.

Şikayətçilərdən Ramil Zeynalov əvvəllər Zərdab rayon Suvarma Sistemləri İdarəsində işlədiyini bildirib.O qeyd edib ki, rəhbərlik tərəfindən qanunsuz olaraq işdən çıxarılıb: “Mircəlal Mirzəyev idarəyə gələn dizel yanacağını mənimsəyir, yanacaq vuran aparatlar düzgün işləmir. Hər hektara su üçün vətəndaşlardan 2 manat 40 qəpik əvəzinə, 5 manat alınır. Texnikalar təmir olunmur, əməkdaşların maaşlarını kəsir, ilin sonunda avans pullarını mənimsəyirlər. Sarıqaya, Alıcanlı və Sovxoz kəndlərində su mühərrikləri üçün ayrılmış dizel yanacaqlarının yoxlanılmasına zərurət var. Çünki həmin mühərriklər işlədilmədiyi halda saxta sənədlərlə dizel yanacağı yazıb, pulunu mənimsəyiblər. Həmçinin, istifadə edilən elektirik enerjisini dəfələrlə artıq göstərib vəsaiti talayırlar. Fəhlələr üçün xüsusi geyimlər verilmir. Zərdab rayon ərazisində suvarma kanalları lildən, qamışdan, kol-kosdan təmizlənmir. Kanalların təmizlənməsi üçün saxta sənədlər tərtib edib dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyirlər. Texnikalar təmir olunmasa da təmir adı ilə vəsait yazıb mənimsəyirlər. Bütün bunlar bizim iştirakımızla, yerində obyektiv araşdırılmalıdır”.
Gödəkqobu kənd sakinləri bildirirlər ki, Mircəlal Mirzəyevin və Əlif Paşayevin qanunsuz əməllərindən cana doyub Azərbaycan Respublikasının vətəndaşlığından, onlara verilmiş pay torpaqlarından imtina etmək istəyirlər.
Şikayətçilər Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan xahiş edirlər ki, sadaladıqları problemlər araşdırılsın və qanunsuz əməllərə yol verən məmurlar cəzalandırılsın.

Azpolitika.info

Şərhlər

XƏBƏR LENTİ