XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Astara sakinləri təhlükə ilə üz-üzə... - GİLEY

Astara sakinləri təhlükə ilə üz-üzə... - GİLEY

Astara sakinləri təhlükə ilə üz-üzə... - GİLEY
13-12-2019, 10:37

"10 min voltluq naqillər çürüyüb, qırıq-qırıqdır, hər dəfə qırılanda gəlib calaq edib gedirlər. Azca yel əsən kimi naqillər qırılıb yerə düşür. Uşaqları küçəyə buraxmağa qorxuruq”. DİA.AZ bildirir ki, Astaranın Şahağacı kənd sakinləri yüksək gərginlik keçən naqillərdən narahatdır. Kənd sakinləri danışırlar ki, kəndə işıq xətti hələ Sovet vaxtı çəkilib. O vaxtdan da nə dirəklər, nə də naqillər yenilənməyib.

“Dirəklər qoyularkən burada elə də çox ev olmayıb. Sonradan torpaqlar əhaliyə satılıb, hamı ev tikib. İndi dirəklər evlərin 3-5 metrliyindədir, naqillər evlərin damlarının üstüylə gedir. Elə evlər var ki, damı ilə naqillərin arasında 20-30 santimetr məsafə var. Naqillər qırılıb evlərin, ağacların üstünə düşür. Naqillərin altından qaz xətləri keçir, Allah eləməmiş, o naqillər sızıntı olan qaz xətlərinin üstünə düşsə, partlayış baş verə bilər. Bu, bütün kənd üçün faciə ilə nəticələnər,”- sakinlər deyir.

Onların sözlərinə görə, yağışlı günlərdə ağaclara, yerə cərəyan keçir: “Elə ərazilər var ki, yağış yağanda sakinlər bilir ki, o ərazidən keçmək olmaz, cərəyan vurar. Ancaq bunu kənardan kəndə gələn qonaq, məktəbə gedən uşaq bilmir axı… Əsasən də uşaqlar üçün qorxuruq, məktəbə gedib-gəlirlər, küçədə oynayırlar, ağaclara toxunurlar, ağaclara dolaşan naqillər ağaclara da cərəyan ötürür. O naqillər qırılıb uşaqların üstünə düşsə, ya yağışlı havada hansısa uşaq ağaca toxunsa, külə dönər. Söhbət 10 min voltluq naqillərdən gedir. Qırılan naqillər ağacların budağına dolaşır, dəfələrlə örüşdən qayıdan mal-qaranı cərəyan vurub”.

Sakinlərin istədiyi təkcə dirəklərin, naqillərin təzələnməsi deyil, onlar həm də dirəklərin yerlərinin dəyişdirilməsini, yaşayış evlərindən kənarlaşdırılmasını istəyirlər. Demələrinə görə, elə evlər var ki, dirəklərlə 2-3 metr məsafədə yerləşir. Sakinlər müxtəlif qurumlara, 6 dəfə də prezidentə məktub göndəriblər. Yalnız bir dəfə cavab alıblar: “Astaranın işıq idarəsindən bir dəfə cavab məktubu gəldi ki, dirəkləri, naqilləri dəyişmək, dirəkləri yaşayış evlərindən kənarlaşdırmaq üçün maddi imkan yoxdur, yazıb məsləhət görmüşdülər ki, özümüz ASAN Xidmətə müraciət edək, bu işləri öz hesabımıza görək. Uzun-uzadı yazdıqlarımızdan sonra bizə cavabları bu oldu. Vətəndaş dirək, naqil təzələyəcəksə, dirəyi burdan çıxardıb, aparıb o tərəfdə basdıracaqsa, o zaman işıq idarəsinin işi nədən ibarətdir? İşıqpulu bir gün gecikən kimi gəlib evin işığını dirəkdən ayırıb gedir, dirəyi, naqili dəyiş, həyatımız üçün təhlükəlidir deyəndə, deyir, gedin, özünüz edin”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.