SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənir

Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənir

Tarix:

22-04-2022, 09:28

/ 324 dəfə oxundu.
Azərbaycan və Qırğızıstan arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənir

 
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycana rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb. Görüşdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra hər iki dost ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Bu iki xalq arasında münasibətlər tarixi dövrü əhatə edir. Postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Iki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə geniş tərkibdə görüş zamanı "Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində münasibətlərimiz bu səviyyədə olmayıb" - deyə bildirib. Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması şərait var. Yaradılan dövlətlərarası şura ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. İlk növbədə nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdiriləcəkdir. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına  imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan istifadə edə biləcəkdir.  

Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər. Həmçinin kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək, bu sahənin mütəxəssisləri  yaxın vaxtlarda Qırğızıstana səfər edəcəklər.

Eyni zamanda qeyd edilməlidir ki, dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm yer tutub. Sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ