SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənistan iqtidarının əli ilə Putinin bölgədə nüfuzu aşağı salınır - hiyləgər gediş

Ermənistan iqtidarının əli ilə Putinin bölgədə nüfuzu aşağı salınır - hiyləgər gediş

Tarix:

3-06-2021, 09:55

/ 579 dəfə oxundu.
Ermənistan iqtidarının əli ilə Putinin bölgədə nüfuzu aşağı salınır - hiyləgər gediş

İrəvanın kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyada iştirakdan imtina qərarının arxasında Qərbin dayandığı iddia olunur

Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır. Bu barədə İrəvanda Errmənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə bildirib. O, bu qərarı erməni “əsirlər” probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.
“Sərhəddə hazırkı vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib” deyən baş nazir müavini əlaqələrin “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.
Zəngəzur dəhlizi mövzusuna toxunan Qriqoryanın sözlərindən aydın olub ki, İrəvan Azərbaycan Prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.
“Ermənistan tərəfi dəhliz məntiqi məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, - deyə o bildirib.
Bəs rəsmi İrəvanın bu addımı Azərbaycan dövlətinə qarşı açıq şantaj və Ermənistanın, onun rəhbərinin öz imzasından geri çəkilməsidirmi? Eyni zamanda bu, Rusiya prezidenti Vladimir Putinin imzasını saymazlıqdırmı? Çünki bəyanatda onun da imzası var. Məntiq və son dövrlər baş verənlər deməyə əsas verir ki, erməniləri bu cığallığa Rusiya yox, Qərb vadar edir. Çünki son 1 ayda ABŞ, həmçinin Fransa, Kanada və digər ölkələr, həmçinin Avropa Parlamenti Ermənistanı açıq müdafiə edərək, onu qızışdırır, cığallıq və şantaj etməyə təhrik edirlər. Ermənistanın danışıqlardan imtina etməsində Qərbin təsiri varmı?
Siyasi analitiklər hesab edir ki, Ermənistanın kommunikasiya ilə bağlı danışıqlardan imtina qərarını elan etməsinin Nikol Paşinyanın Fransa səfərindən sonra baş verməsi özlüyündə hər şeyi deyir.
Digər tərəfdən, Paşinyan hökuməti seçkiqabağı bu addımı atmaqla seçkidə bundan piar kimi istifadə edib, özünə səslər toplamağa çalışır.
Rusiya və Ermənistan arasında narazılıq artmaqdadır və Ermənistandakı mövcud hökumət bu addımı atmaqla Rusiyanın, dolayısı ilə Putinin imzasını heçə saydığını göstərmək niyyətindədir. Burada Fransanın, ABŞ-ın istəyinin də rol oynadığı şübhəsizdir. Qərb Ermənistan hakimiyyətinin əli ilə Putinin bölgədə nüfuzunu aşağı salmağa çalışır.
Eyni zamanda Ermənistan bu addımı atmaqla münaqişəni yenidən qızışdırmaq və beləliklə də münaqişəyə digər tərəfləri, xüsusilə də ABŞ və Fransanı cəlb etmək niyyətindədir.
Hər bir halda, Ermənistanın kommunikasiyaların açılması üçün yaradılan komissiyanın işindən imtina etməsi bölgədə gərginliyin davam etməsində maraqlı olan dövlətlərin və dairələrin maraqlarına xidmət edir.
Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az
Əhəd Məmmədli
Bu mövzuda “Yeni Müsavat”a şərhində politoloq Əhəd Məmmədli bildirdi ki, Ermənistanın üçtərəfli komissiyada iştirakını dayandırması birmənalı şəkildə bu ölkənin 10 noyabr razılaşmasından çıxmağı, ən azı bu razılaşmaya əməl etməmələri kimi dəyərləndirilməlidir. Rəsmi Bakı məsələyə münasibətini məhz bu cür ortaya qoymalıdır. Təbii ki, Ermənistanın bu qərarı ermənilər tərəfindən Rusiyanın sözünün yerə salınması, Vladimir Putinin imzasının saya slınmaması anlamına gəlir: “Heç şübhəsiz burada Qərbin əli var. Unutmayaq ki, Nikol Paşinyan Sorosun - yəni Qərbin projesidir. Paşinyanı hakimiyyətə gətirənlər indi də ona bu təlimatı verə bilərlər ki, Azərbaycan və Rusiya ilə anlaşmadan çıx və vəziyyəti gərginləşdir, bununla da göstər ki, Moskva regionda vəziyyətə nəzarət etmir. Bununla da Paşinyan tərəfindən Qərbi region məsələlərinə cəlb etmək və Ermənistanı Rusiyadan Qərbə tərəf yaxınlaşdırmaq hədəfi bir daha aydın görünür. Müharibədən sonra belə Putin Paşinyanı tam əhliləşdirə bilmədi”.
Politoloq qeyd etdi ki, müharibə dövrü və sonrası Nikol Paşinyanın prezident Vladimir Putinə bütün yalvarışlarına, dönüşlərinə rəğmən Moskva hələ də Nikola etibar etmir. Ona görə də Robert Köçəryan dirildildi və belə görünür ki, Moskva Köçəryana stavka etməyə başlayıb: “Paşinyanın Qərbə tərəf oynaması maraqlarımıza cavab verir. İrəvan-Moskva münasibətlərinin gərginləşməsi Bakı üçün yeni əlverişli situasiya yaradır. Bu vəziyyətdən maksimum yararlanıb Qarabağda tam nəzarəti ələ keçirmək, Zəngəzurda da irəliləmək lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ