XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib

Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib

Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib
2-03-2021, 17:01

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycan türkləri də öz növbəsində maddi və mənəvi yardım göstərmişlər.
Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri ilbəil daha da inkişaf etməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə hökümətinin yüksək vəzifəli dövlət məmurlarının Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Dekabrın 10-da Azadlıq meydanında Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsinin Zəfər Paradı keçirildi. Bu təntənəli hərbi nümayişin Zəfər paradı olması ilə yanaşı, başqa bir önəmli tərəfi isə qardaş Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksək vəzifəli məmurların və 2 mindən artıq türk ordu heyətinin paytaxtımızın baş meyda¬nında bizimlə bir yerdə olması idi.
Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Pre¬zidenti Rəcəb Tayyib Ərdoğan hərbi keçidi yanaşı izlədilər. Bu isə Türkiyənin tarix boyu olduğu kimi, önəmli bir mərhlədə də bizim yanımızda, özü də ətlə dırnaq qədər yaxın olmasının göstəricisidir. Hər iki ölkənin dövlət başçılarının apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan– Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaq¬la bərabər, özünün ən qürurverici anlarını yaşayır.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə ali səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olması¬na mühüm töhfələr verir.

Aysel Mənsimova – YAP üzvü

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.