XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Vətən müharibəsindən sonra ilk kritik görüş: - Separatçılar Qarabağı tərk edəcək?

Vətən müharibəsindən sonra ilk kritik görüş: - Separatçılar Qarabağı tərk edəcək?

Vətən müharibəsindən sonra ilk kritik görüş: - Separatçılar Qarabağı tərk edəcək?
11-01-2021, 16:37

Hazırda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə, Moskvada Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında görüş başlayıb. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Açıqlamaya görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur: “Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək”.

Bununla yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri arasında baş tutacaq ilk görüşdən sonra, Putinin Əliyev və Paşinyanla ayrıca görüşünün də nəzərdə tutulduğu vurğulanıb.
Görüşdən gözləntilər nədir? Nələr müzakirə edilə bilər və edilməlidir? Azərbaycan hansı məsələləri qaldırmalıdır? AYNA ekspertlərə müraciət edib.

Politoloq Azər Rəşidoğlunun fikrincə, görüşdə Azərbaycan Prezidenti erməni hərbi birləşmələrinin Dağlıq Qarabağın digər ərazilərindən də çıxarılmasını tələb edəcək: “Bu istiqamətdə uğur qazana biləcəyimizə inanıram. Qarşıdakı mərhələdə qaçqınların öz evlərinə qayıtmasını zəruri edən amillər də müzakirə edilə bilər. Ən əsas məsələ kimi Laçın və Mehr dəhlizlərinin, kommunikasiyaların və yük daşımaların perspektivinin müzakirə predmeti olacağı fikrindəyəm. Tərəflər atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı öhdəliklər də götürə bilər”.

“Bununla yanaşı, əsir və girovların mübadiləsi üzrə razılaşmanın əldə olunacağı da istisna deyil. Sülhün yaranmasında Rusiya-Türkiyə birgə müşahidə missiyasının işlək mexanizminin əldə edilməsi istiqamətində də razılaşma əldə oluna bilər. Lakin düşünürəm ki, müzakirələrin müəyyən qismi gizli saxlanılacaq və müəyyən müddətdən sonra açıqlanacaq”, - politoloq bildirib.

O, erməni silahlılarının və separatçı rejim təmsilçilərinin Qarabağ ərazisindən çıxarılmasının əsas müzakirə mövzusu olacağını düşünür: “Həmçinin, Xankəndidə Azərbaycan Konstitusiyasına məcburi qaydada əməl olunmasına nəzarət mexanizminin yaradılması da müzakirə edilməlidir. Azərbaycan bir daha bəyan etməlidir ki, onun qanunlarına əməl edən ermənilərin təhlükəsizliyinə təminat verir, lakin qanunlara tabe olmayanları cəzalandırmaq hüququnu da özündə saxlayır”.

Politoloq Tofiq Abbasov isə AYNA-ya deyib ki, burada mahiyyət kəsb edən əsas məsələ elə görüşün özüdür: “Çünki ziddiyyətli proseslər məhz 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra inkişaf etməyə başladı. Ona görə də bu məsələdə cavablardan daha çox suallar mövcuddur. Suallar isə həm siyasi aspektə, həm iqtisadi proseslərə, həm də humanitar vəziyyətə aiddir. Təbii ki, Azərbaycan üçün ən əsas məsələ bütün ərazilərimizdə ölkəmizin qanunvericiliyinin qüvvəyə minməsini təmin etməkdir. Yəni, bizim hüquqi bazamız bütün ərazilərimizdə qəbul olunsun və qeyd-şərtsiz hər kəs ona əməl etsin. Əgər, biz ermənilərin digər etnik xalqlar kimi Azərbaycan ərazisində təhlükəsiz yaşaya biləcəyini deyiriksə, onlar da bizim qanunvericiliyə pənah gətirib, əməl etməlidirlər. Bu problem də cavabını gözləyən suallar arasındadır”.

Siyasi şərhçi bugünkü görüşün sonuncu olmayacağını hesab edir: “Çünki Azərbaycan artıq stabil dövlət kimi özünü ifadə edir, həm də Ermənistanda hərc-mərclik baş alıb gedir və hakimiyyət axsaq bir vəziyyətdədir. Biz bu şəraitdə elə bir mövqe tutmalıyıq ki, həm regiondaki şəraiti, həm də qarşı tərəfin mövqeyini nəzərə alaq və ondan sonra sözümüzü deyək. Təbii ki, artıq situasiya dəyişib və Ermənistan zəif, Azərbaycan isə güclü bənddir”.

“Düzdür, hələlik partizan müharibəsinin xülyası ilə yaşayan ünsürlər Ermənistanda hakimiyyətdən məhrum edilənlər və xaricdən gələn dəstəklər sayəsində vəziyyəti gərginləşdirir və istəyirlər ki, Ermənistan vasitəsi ilə regionda öz maraqlarını təmin etsinlər. Amma fakt odur ki, Azərbaycan artıq öz torpaqlarında azad və sərbəst şəkildə hərəkət edə bilir”, - Abbasov vurğulayıb.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın bütün proseslərə baxışı praqmatik zəmində qurulub: “Biz ancaq onu istəyirik ki, bütün torpaqlarımızda öz qanunlarımızı bərpa edək və dəhlizlərin istifadə edilməsinə, blokadadan çıxan kommunikasiyaların fəaliyyəti bizim nəzarətimizdə olsun. Təbii ki, Prezident İlham Əliyev Vladimir Putinə rus sülhməramlılarının lazımsız hərəkətləri ilə bağlı da öz iradlarını bildirməlidir. Çünki onlar bir çox hallarda öz səlahiyyətlərini aşaraq siyasi məsələlərə qarışırlar. Halbuki, onların fəaliyyəti sadəcə olaraq humanitar çərçivədə müəyyən edilib. Ona görə də düşünürəm ki, hər üç lider cəmi bir görüşlə kifayətlənməyəcək. Həmçinin, bir çox məsələlərin də gələcəyi Ermənistanın daxili vəziyyətindən asılı olacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.