SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “MSK Ərdoğana “ayı xidməti” göstərdi” - Elxan Şahinoğlu

“MSK Ərdoğana “ayı xidməti” göstərdi” - Elxan Şahinoğlu

Tarix:

18-04-2017, 11:29

/ 58 039 dəfə oxundu.
“MSK Ərdoğana “ayı xidməti” göstərdi” - Elxan Şahinoğlu

Siyasi şərhçi Elxan Şahinoğlu Türkiyədə referendumun nəticəsindən sonra baş verən prosesləri şərh edib.
O, bildirib ki, 16 aprel referendumunda cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan qalib çıxsa da, Türkiyə cəmiyyətində qələbə eyforiyası hiss olunmur: “Birincisi, əhalinin az qala yarısı Konstitusiya dəyişikliklərinin, prezidentin səlahiyyətlərinin artırılmasının əleyhinə çıxdı.
İkincisi, böyük şəhərlər, o cümlədən, İstanbulda, paytaxt Ankarada, İzmirdə və Antalyada “yox”, “hə”ni üstələdi.
Üçüncüsü, referendumun nəticəsi beynəlxalq aləmdə heç də birmənalı qarşılanmadı, hətta ATƏT mənfi rəy verdi.
Nəhayət, referendumda xoşagəlməz hadisə baş verdi. Belə ki, Mərkəzi Seçki Komissiyası son anda möhürlənməmiş bülletenlərdən istifadəni mümkün saydı. Bununla da MSK referendumun nəticəsinə kölgə saldı və beləcə Ərdoğana “ayı xidməti” göstərdi”.
Onun sözlərinə görə, həmin bülletenlər möhürlənsəydi, Ərdoğan yenə qələbə çalacaqdı, ancaq MSK-nın səhvi müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) nəticələri məhkəməyə daşımasına imkan verir: “Türkiyədə seçkilərdə və referendumlarda adətən nəticələr şübhə altına alınmır, istənilən nəticəni müxalifət tanıyır, ancaq bu dəfə belə olmadı. Buna baxmayaraq, referendum nəticələrinin ləğv olunacağını zənn etmirəm. Ancaq CHP yeni referendum tələbində israr edərsə, vəziyyət dəyişə bilər, bu tələb Türkiyəni içərisindən qarışdıracaq. Türkiyənin problemləri onsuz da çoxdur, bir tərəfdən PKK və DAİŞ terrorçularıyla mübarizə aparılır, üstəgəl FETÖ, o biri tərəfdən də qonşu Suriya və İraqda müharibə davam edir ki, Türkiyə regional oyunçu kimi bu proseslərdən də kənarda qala bilməz.
Belə bir vəziyyətdə Türkiyədə “referendum yenidən keçirilsin” tələbiylə küçə yürüşləri və mitinqlər başlayarsa, qardaş ölkədə idarəolunmaz vəziyyət yarana bilər. Ona görə də CHP və onun lideri Kamal Kılıçdaroğlunun mövqeyindən çox şey asılıdır və mənə elə gəlir ki, o dövlətin təhlükəsizliyini bütün amillərdən üstün tutacaq. Yəni, sonda Kamal Kılıçdaroğlu referendum nəticələrini tanımaq məcburiyyətində qalacaq”.
Ekspert bunun qarşılığında Rəcəb Təyyub Ərdoğandan iki addım atmasını gözləyidiyini vurğulayıb: “Ərdoğan əvvəlcə Türkiyədə ölüm hökmünü bərpa edəcək, daha sonra növbəti referendum hazırlıqlarına başlayacaq. Bu referendumun Türkiyə vətəndaşlarına ünvanlanan sualı isə belə olacaq: “Türkiyə Avropa İttifaqına üzvlük danışıqlarını davam etdirməlidirmi?” Ərdoğan Avropa İttifaqı ilə körpüləri yandırıb. Ona görə də Türkiyə cumhurbaşqanı artıq Avropa İttifaqına üzvlük danışıqlarının aparılmasını lazımsız və vaxt itkisi hesab edir. Digər tərəfdən Ərdoğan ölüm hökmünü bərpa etsə, bunun özü elə Brüssellə münasibətlərin daha çox gərginləşməsinə yol açacaq”.

Şərhlər

XƏBƏR LENTİ