SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ölkəmizə qarşı yeni xəyanət projesi hazırlığının anonsu verildi – Prezidentdən sərt xəbərdarlıq

Ölkəmizə qarşı yeni xəyanət projesi hazırlığının anonsu verildi – Prezidentdən sərt xəbərdarlıq

Tarix:

12-03-2020, 09:17

/ 1 574 dəfə oxundu.
Ölkəmizə qarşı yeni xəyanət projesi hazırlığının anonsu verildi – Prezidentdən sərt xəbərdarlıq

Azərbaycan prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin martın 10-da keçirilən iclasındakı geniş çıxışında çox vacib məqamlara toxunub. Dövlət başçısının əsas diqqətçəkən fikirlərindən biri də ölkəmizdəki “Beşinci kolon”la bağlı olub.

İ.Əliyev xarici dairələrin Azərbaycanda yaratdıqları “Beşinci kolon”un etimadları doğrultmadığını və bu tipli yeni anti-Azərbaycan qüvvələrinin yaradılması istiqamətində işlərin aparıldığını bildirib.

Sitat: “Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni ”Beşinci kolon"un yaradılması istiqamətində iş aparılır. Çünki indiki “Beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni “Beşinci kolon” axtarışı gedir.

Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək - bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın".

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, bu fikirlər ölkə Prezidentinin narahatçılığı kimi ifadə edilməməlidir: “Ölkə başçısı hər zaman cəmiyyətə açıq olub, açıq tezislərlə, faktlarla bütün çıxışlarını qurub. Bu baxımdan ”Beşinci kolon"la bağlı söyləmiş olduğu fikirlər sözün həqiqi mənasında reallığı özündə əks etdirir. Azərbaycan müstəqillik qazanandan üzü bəri beynəlxalq güc mərkəzləri və onların himayəsi altında olan beynəlxalq təşkilatlar ölkəmizdə söz sahibi olmaq, Azərbaycanı idarə etmək arzunu və istəklərini heç zaman gizlətməyiblər. Bu günə qədər bir sıra parametrlərinə görə Azərbaycandan fərqli üstün imkanlara malik olan dövlətlər niyyətlərindən əl çəkməyiblər. Ulu öndərimizin zamanında ayrı-ayrı epizodları göz önünə gətirsək, görərik ki, onda da Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə təhdidlər, təpkilər var idi. Bütün bu təhdid və təpkilərin qarşısını ulu öndər alaraq, açıq şəkildə söyləyirdi ki, Azərbaycan müstəqil dövlətdir, bu müstəqil dövlətin bu və ya digər şəkildə kimdənsə asılı olacağına, vassal kimi fəaliyyət göstərəcəyinə imkan verilməyəcək. Ulu öndərimiz son ana qədər söyləmiş olduğu fikirlərin üzərində dayandı, sözün həqiqi mənasında Azərbaycanı heç bir dövlətdən asılı olmayan səviyyəyə gətirib çıxardı. Onun siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev məhz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi dövlətçiliyimizlə bağlı söykənmiş olduğu təməl prinsiplərinə əsaslanaraq, bu xətti 2003-cü ildən bu günə qədər davam etdirir. 2005-ci ildə parlament seçkiləri ərəfəsində “Narıncı inqilab”ın həyata keçirilməsi üçün narıncı rəngdə köynəklər, qalstuklar buraxıldı. Həmin ildə dövlət çevrilişi edib, hakimiyyətə gəlmək istəyən qüvvələr var idi. Sonrakı illərdə ən müxtəlif üsullarla buna cəhd etmək istəsələr də, qarşılarında kifayət qədər iradəli, yetkin siyasi dünyagörüşə malik olan İlham Əliyev kimi dövlət xadiminin iradəsi ilə üz-üzə qaldılar. Bu günə qədər onlar öz istəklərinə nail ola bilmədilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək, işğal olunan torpaqları bizə unutdurmaq üçün qəbuledilməz bir vəziyyətin Azərbaycanda reallaşmasına çalışırlar. Buna qarşı 2003-cü ildən ölkə Prezidenti çox böyük fədakarlıqla mübarizə aparır. Bu gün sözün həqiqi mənasında Azərbaycan heç kimdən asılı olmayan müstəqil bir dövlətdir. “Beşinci kolon” hər zaman olub, bu gün də var. Bu kolonun üzvləri müxtəlif ölkələrin bura yerləşdirmiş olduqları, özlərinə sadiq insanlardır. Onlar maliyyə vəsaitləri ilə təmin olunurlar. Bu və ya digər şəkildə parlamentdə təmsil olunmağa cəhd göstərirlər. Bəzi hallarda buna nail olurlar. Bir sıra hallarda ayrı-ayrı icra strukturlarında yer ala bilirlər. Beləliklə, ayrı-ayrı dövlətlərin “Beşinci kolon”u Azərbaycanda öz nüfuzunu təmin etməyə çalışır. Bu gün ölkə rəhbərinə bunu etmək mümkün deyil. Cənab prezidentin kifayət qədər güclü, dövlətçiliyimizə sadiq olan komandası var. Bu komanda ölkə başçısı ilə bərabər şəkildə Azərbaycanı irəliyə aparır, problemlərin həll olunmasında yüksək formada iştirak edir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Əlbəttə, “Beşinci kolon”u fəallaşdırmaq lazımdır. Bu kolon daha çox demokratiya pərdəsi adı altında fəaliyyət göstərir. “Beşinci kolon”un ən ciddi daşıyıcılarından ikisi var idi. Biri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP idi. Bu özünü Milli Şura deyilən amorf qurumda ifadə edir. Digəri isə Müsavat Partiyası idi. Bunlar ən müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən “Beşinci kolon” kimi istifadə olunublar. Artıq onlara bəslənilən ümid özünü doğrultmayıb. Cəmiyyətdə bunların sosial dayaqları olmadığına, “Beşinci kolon” kimi üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədiklərinə görə indi artıq yeni “Beşinci kolon” axtarışına start verilib".

Deputat özlərini feminist kimi qələmə verən bir qrup şəxsin 8 mart günü keçirdikləri aksiyanı təsadüfi saymır: “8 martda keçirilən o biabırçı aksiya dediklərimizin bariz sübutu idi. Düşünürəm ki, bu, Azərbaycana kənardan sıçradılan, milli adət-ənənələrimizə, dəyərlərimizə tamamilə zidd olan bir hərəkət idi. Məhz bu proseslər azərbaycanlı bir qadın tərəfindən idarə olunur. Bu, Xədicə İsmayıldır, uzun müddət Azərbaycana düşmən mövqeyi ilə fərqlənən bir şəxs. Bu informasiya məndə var. Güman edirəm ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar. Buna qətiyyən şübhəm yoxdur. Xədicə İsmayıl tərəfindən onlara maliyyə yardımı göstərilir. O, bu yardımı kimdən alır? Cavabını tapmaq üçün o qədər də düşünməyə gərək yoxdur. Bundan qeyzlənən radikal dinçilər hərəkətə keçə bilərlər. Ölkədə dini radikalizm güclənərsə, Azərbaycanda bunun üzərində müharibə gedə bilər, məzhəb müharibəsi baş verər. Hərçənd ki, Azərbaycanda bunu etməyə çalışırlar. Fəxrəddin Abbasov kimi satqın birisini tapıb, milli məsələləri önə çəkə bilərlər. Yaxınlarda bir talışın adından Şəhidlər Xiyabanı ilə bağlı görüntü yayıldı. Güman etmirəm ki, bunu talış edə bilər. Əgər bunu edirsə, demək, talış deyil, Azərbaycanın düşməni olan, erməninin yanında yer alan insandır. Müqəddəs hisslərimizlə oynanılmağa cəhdlər olunur. Bunlar reallaşmayacaq. Çünki Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda müharibədə yəhudilər, ləzgilər və digərləri kimi talışlar da çoxsaylı şəhidlər veriblər. Bu vətən Azərbaycanda yaşayan hər kəsin doğma vətənidir. Ölkə Prezidenti daha geniş informasiyaya malik olduğuna görə bu xəbərdarlığı edir, bütün siyasi partiyaları, deputatları ayıq-sayıq olmağa, içərimizə yeridilməyə çalışılan xəyanətkar insanlara qarşı ardıcıl mübarizə aparmağa çağırır. Bu çağırış tamamilə yerində olan çağırış idi. Azərbaycan xalqını səfərbərliyə alan çağırışdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Dövlət başçısı klassik müxalifəti ənənəvi olaraq çıxışlarında sərt tənqid edir və xaricdə bağlarının olduğu barədə ittihamlar səsləndirir. Növbəti nitqində də açıq dedi ki, onlarla iş alınmadı, xarici mərkəzlər yeni qüvvələrlə işləməyə üstünlük verir. Prezident gənclərin bu işə qoşulmasından narahatdır. Düşünürük ki, xarici mərkəzlər gənclərlə iş qura bilərlər və bu fəaliyyət dövlətə qarşı yönəldilər. Belə bir təhlükə varsa, bunun qarşısını almağın yolu dialoqdan keçir. Ölkə başçısı da çıxışının bir hissəsini ona həsr etdi ki, siyasi partiyalarla dialoq gedir. Diskussiyalar daxildə getməlidir. Xarici qüvvələrlə əlaqələr olduqda bu, dövlətə xəyanət kimi qiymətləndirilə bilər. Bu baxımdan hazırda davam edən dialoqların verəcəyi nəticələr çox önəmlidir. Dövlət başçısının çıxışında bir vacib məqam da diqqətimi çəkdi. Ölkə prezidentinin Azərbaycanda dialoq mühitinin olmasında maraqlı olduğu açıq göründü. Hakim Yeni Azərbaycan Partiyasını dolayısı ilə tənqid etdi ki, burada bir partiyanın hökmranlığı olmamalı, başqa partiyalarla da əməkdaşlıq olmalıdır. Xarici qüvvələrin ölkəmiz daxilinə təsirlərinin olmamasının yollarından biri dialoq, diskussiya mühitinin olmasından keçir. Siyasi partiyalara yaradılan müəyyən imkanlar da burada çox vacibdir”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ