SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bu, həm Qərbə, həm Rusiyaya, həm də daxildəki “beşinci kolon”a mesajdır - TƏHLİL

Bu, həm Qərbə, həm Rusiyaya, həm də daxildəki “beşinci kolon”a mesajdır - TƏHLİL

Tarix:

25-01-2019, 12:45

/ 928 dəfə oxundu.
Bu, həm Qərbə, həm Rusiyaya, həm də daxildəki “beşinci kolon”a mesajdır - TƏHLİL

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması və ya təşkilatda müşahidəçi statusu alması məsələsi hələ qarşıya qoyulmayıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində “RİA Novosti”yə açıqlamasında deyib və bir sıra dairələrin gözləntilərinə son qoymuş olub.

Xatırladaq ki, Rusiyadan rəsmi və qeyri-rəsmi səviyyədə bir sıra hallarda Azərbaycanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olması ilə bağlı istəklər ifadə olunurdu. Hətta Rusiyanın baş diplomatı səviyyəsində belə bir istək ifadə olunmuşdu. Hətta Ermənistan tərəfi daha çox uzağa gedərək Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı məsələyə veto qoyacağını iddia etmişdi. Üstəlik, son zamanlar KTMT-də mövqeləri sarsılan İrəvanda belə iddialar eşidilirdi ki, üzv ölkələr Azərbaycanı quruma üzv, yaxud müşahidəçi statusla qəbul etməkdən ötrü hazırlıq görürlər. Həmçinin Azərbaycandakı Rusiyanın “beşinci kolonu” adlanan bir sıra qüvvələr ölkəmizin KTMT-yə qoşulmasına nail olmağa çalışırdılar.

Lakin Azərbaycan prezidenti Davosda “Bu məsələ hələ ki, müzakirə mərhələsində deyil” deməklə Bakının prinsipial mövqeyini nümayiş etdirdi.

Bu barədə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, prezidentin bu mesajı həm Qərbə, həm Rusiyaya, həm də daxildəki “beşinci kolon”a yönələn cavabdır. Prezidentin bu bəyanatı çox məsələləri öz yerinə qoydu: “Diqqəti cəlb edən məqamlardan biri odur ki, prezident İlham Əliyev bu bəyanatı Davosda verib. Bu bəyanat Qərbdə Azərbaycanın rusiyayönümlü seçimi ilə bağlı yayılmış mifləri, narahatlığı aradan qaldırmaq üçündür. Qərb dairələrinə mesaj göndərildi ki, Azərbaycanın Rusiya ilə yaxın münasibətləri o demək deyil ki, bu gün Azərbaycan KTMT-nin üzvü olur. Azərbaycan balanslı xarici siyasət yürüdür. Rusiya ilə də münasibətlərini inkişaf etdirir, Qərblə də münasibətlərin yüksək səviyyədə olmasını istəyir. Bu siyasətin uğur gətirdiyini Azərbaycan dəfələrlə etiraf edib.

Həmçinin mesaj göndərildi ki, Rusiya ilə yaxın münasibətlər Dağlıq Qarabağ probleminin həlli üçün vacibdir.

Eyni zamanda Azərbaycanda Rusiyanın “beşinci kolon”u rolunda olan qüvvələrə də cəhdlərinin ən azından hələ əbəs olduğunu çatdırmış oldu.

Rusiyaya isə mesaj bu oldu ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bizim ədalətli şərtlər yerinə yetirilmədikcə, Azərbaycan heç bir statusda KTMT-də olmayacaq.

Mən hesab edirəm ki, bu, çox doğru yanaşmadır, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır".

Politoloq qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti də olsa onun Dağlıq Qarabağ kimi böyük problemi var. Bu problemin həlli üçün Azərbaycan siyasi manevrlər etmək məcburiyyəti qarşısındadır. Belə siyasi manevrlərdən biri də KTMT-yə üzv olub-olmamaq məsələsidir: “Azərbaycanda belə fikirləşənlər var ki, KTMT-yə daxil olmaqla Dağlıq Qarabağ probleminin həllində Rusiyanı neytrallaşdırmaq mümkün ola bilər, ən azından həmin təşkilata üzv olmaqla silah alınmasında daxili bazar qiymətləri ilə xeyli mənfəət əldə etmək olar, Rusiya hazırda bizə satdığı hərbi texnikanı dünya qiymətləri ilə satır. Amma Azərbaycan tərəfi təkcə hərbi texnika üçün deyil, Dağlıq Qarabağ məsələsində Rusiyanın ciddi mövqe dəyişikliyinə nail olmaq üçün KTMT-yə doğru addım atmaq fikrində ola bilər.

Rusiyada Kremldə fikir formalaşdıran nüfuzlu ideoloqlar qrupu var ki, onlar Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir və Rusiyanın Azərbaycanla əlaqələrini strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qaldırmaq istəyirlər. Bütövlükdə Avrasiya institutu deyilən böyük bir İnstitutun aparıcı alimləri Rusiyanın xarici siyasət xəttini Azərbaycana yönləndirməsini və Azərbaycanı öndə tutmasını istəyirlər. Bu, xoş olan haldır. Rus ziyalıları arasında Azərbaycanı müdafiə edənlərin sayı artır. Mən deməzdim ki, bunda Azərbaycandakı “beşinci kolon”un ciddi xidmətləri var".

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, prezidentin belə bir mövqe ortaya qoyacağı gözlənilən idi. Çünki Azərbaycanın indiki vəziyyətdə KTMT-yə hətta müşahidəçi üzv olması belə mümkünsüzdür: “KTMT-nin nizamnaməsinə görə müşahidəçi üzvün təşkilatın bütün üzvləri ilə diplomatik münasibətləri olmalıdır. Təsəvvür edin, Azərbaycanın KTMT-yə müşahidəçi üzv olması üçün gərək Ermənistanla diplomatik münasibətlər qurulmalıdır. Təbii ki, indiki şəraitdə bu mümkünsüzdür. Azərbaycan ancaq o halda KTMT-yə üzv ola bilər ki, BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünə qovuşsun. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasından sonra. Müharibə şəraitində olan Ermənistanla Azərbaycan heç bir hərbi ittifaqda ola bilməz. Təbii, prezidentin bu bəyanatı ”beşinci kolon"a da zərbə oldu. Son dönəmlər yaman həvəsə düşmüşdülər. Güman edirəm ki, bundan sonra bir az özlərini yığışdıracaqlar. Prezidentin bu bəyanatı vacib və yerində olan bəyanat idi. Dövlət başçısının bu bəyanatı məhz indiki vaxtda verməsinin səbəbləri kimi, Ermənistanın güzəştsiz siyasətini, Rusiyanın isə İrəvana real təsir etməməsini görürəm. Eyni zamanda Lavrov-Zaxarova cütlüyünün anti-Azərbaycan mövqeyi ilə də əlaqələndirirəm".

Şərhlər

XƏBƏR LENTİ