XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Rusiya Bakıya kreditə də silah verə bilər - yeni gəlişmə

Rusiya Bakıya kreditə də silah verə bilər - yeni gəlişmə

Rusiya Bakıya kreditə də silah verə bilər - yeni gəlişmə
26-12-2019, 10:26

Qarabağa dair sülh danışıqlarında bu il də irəliləyiş olmadı. Ermənistanda hakimiyyət dəyişikliyindən dolayı müəyyən ümidlər bəslənən 2019-cu il təəssüf ki, müsbət mənada fərqlənmədi və əvvəlkilər kimi itirilmiş illər sırasında yer aldı. Doğrudur, Qazax və Naxçıvanda uğurlu lokal əməliyyatlarla Azərbaycan torpaqlarının müəyyən hissəsini geri alıb yeni taktiki üstünlüklər əldə edə bildi, amma bütövlükdə ərazilərimizin de-okkupasiyası yönündə mühüm dəyişiklik qeydə alınmadı.

Digər yandan, işğal rejiminin uzanmasına rəğmən, Ermənistan da bu il öz əsas hədəfinə çata bilmədi. İrəvanın hədəfi isə Dağlıq Qarabağın işğalını nəyin bahasına olur-olsun, legitimləşdirmək, bundan ötrü separatçı ermənilər üçün öz müqəddəratını təyin etmə hüququna nail olmaqdır. Bu, Ermənistan üçün həm də ona görə vacibdir ki, işğalçı yarlığından xilas olsun və münaqişənin guya Bakı ilə Xankəndi arasında mövcud olduğuna dünya birliyini inandırsın.

Lakin düşmən tərəfin bu yöndə bütün cəhdləri əvvəlki on illər kimi 2019-cu ildə də fiasko oldu. Əksinə, Bakının moderatorluğu ilə Azərbaycan paytaxtında keçirilən silsilə beynəlxalq tədbirlərdə, o sırada 120 ölkəni birləşdirən Qoşulmamaq Hərəkatının zirvə toplantısında, Türk dövlətlərinin sammitində, Bakının ev sahibliyi elədiyi digər mötəbər tədbirlər və beynəlxalq forumlarda Ermənistan birmənalı olaraq, növbəti dəfə təcavüzkar kimi damğalandı. Azərbaycan torpaqlarının işğalı pisləndi, Ermənistan beynəlxalq hüquqa, nizamnaməsinə imza atdığı BMT-yə və onun qətnamələrinə əməl etməyə və sayğılı olmağa çağırıldı, erməni işğalçı qoşunların qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxması tələb edildi - hansı ki, İrəvanda haqlı olaraq isterika qarışıq, ciddi təlaş doğurdu.

****

Qarabağla bağlı “nə hərb, nə də sülh” vəziyyəti davam eləsə də, artıq bir şey gün kimi aydındır ki, Ermənistan zəbt elədiyi yad torpaqları legitimləşdirə bilməyəcək. Bunu bacara bilsəydi, 30 ildə bacarardı. İndi erməni toplumunda belə bir dərk getdikcə güclənir ki, dünyanın, Azərbaycanın zaman ötdükcə işğalla barışacağını gözləmək vaxt itirməkdən başqa bir şey deyil. Üstəlik, müharibə haqqını, Vətən müharibəsi aparmaq haqqını Bakının əlindən heç kim almayıb.

“Ermənistanın ”dqr"i legitimləşdirmək cəhdi iflasa məhkumdur. Bir neçə səbəbdən: hazırda regional oyunçulardan heç kimə Qarabağ nizamlanmasına dair hər hansı hərəkətlənmə sərfəli deyil".

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq Ervand Bozoyan Yerevan.today portalına açıqlamasında deyib.

“İndi heç kimə Qarabağı Azərbaycandan ayırmaq, onun ”müstəqilliyini" tanımaq və ya Ermənistanın tərkibinə qatmaq sərf eləmir. Əvvəla, İran Azərbaycandan və azərbaycanlılardan ehtiyat edir. Türkiyə Azərbaycanın tərəfdaşıdır. Gürcüstanın isə ən azı iki, Rusiyanın 89 Qarabağı var. Və bizim qonşulardan heç birinin bu problemi həll resepti yoxdur", - erməni politoloq qeyd edib.

Bozoyan onu da deyib ki, hərbi toqquşma baş verərsə, Azərbaycan Ordusu Qarabağın bütün ərazisini öz nəzarəti altına alacaq. “Ermənistan üstəlik, Zəngəzuru da itirəcək. Ona görə ki, Azərbaycan Naxçıvanla birbaşa əlaqə üçün dəhliz ”açmağa" başlayacaq", - deyə o əlavə edib.

*****

Erməni politoloqun təlaşı əsassız deyil. Hərçənd Azərbaycan Ordusu KTMT-nin (“Rus NATO-su”nun) məsuliyyət zonasına daxil olan Ermənistanın ərazisinə girməyə hazırlaşmır. Bizim hədəfimiz işğalçı qüvvələri torpaqlarımızdan çıxarıb ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa eləməkdir. Bundan ötrü Bakı beynəlxalq hüquq çərçivəsində hər şeyi edəcək - o cümlədən hərb variantı daim masa üzərindədir.

Bu arada Rusiya ilə Azərbaycan arasında silah ticarətinin həcminin artacağı proqnoz edilib.

“Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az- a açıqlamasında Rusiyanın Azərbaycana hərbi texnika satışını şərh edən “Alpari” informasiya-təhlil mərkəzinin rəhbəri Aleksandr Razuvayev söyləyib.

Ekspertin sözlərinə görə, neft gəlirləri Bakıya dünya silah bazarında özünü inamlı alıcı kimi hiss etməyə imkan verir. “İndiyədək Rusiyadan S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionu, 100-ə qədər T-90S tankı və 118 ədəd BMP-3 piyada döyüş maşını, 18 özüyeriyən ”Msta-S" artilleriya qurğusu, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğuları və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb", - deyə o bildirib.

Şərhçinin sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür: “Bakı Su-57-ləri alacaq ki, bu da Ermənistanın daha 8 qırıcını almaq şərti ilə 4 ədəd Su-30 SM qırıcısını əldə etməsinə cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür. Maraqlıdır ki, Bakının əsas müttəfiqi olan Türkiyə də Su-57-lərə maraq göstərir”.

Razuvayev qeyd edib ki, Bakı indi seçim qarşısındadır, məsələn, o, Rusiya təyyarələrinin əvəzinə daha ucuz başa gələn Çin-Pakistan istehsalı olan qırıcıları əldə edə bilər: “Müvafiq olaraq, Bakı seçimini Moskvanın xeyrinə etsə, S-400-lərin Türkiyəyə çatdırılması halında olduğu kimi, Rusiya dövlət kreditinə arxayın ola bilər”.

Beləcə, Ermənistanın Azərbaycanla hərbi balans yaratmaq arzusu da gözündə qalmaqdadır. Əlavə edək ki, Bakı bu kimi müasir və bahalı döyüş sistemlərini heç də vitrinə qoymaq üçün almır. Bunu İrəvanla yanaşı, artıq Moskvada da bilməmiş deyillər...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.