SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir...” - Əli Həsənov

“Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir...” - Əli Həsənov

Tarix:

16-04-2018, 09:21

/ 991 dəfə oxundu.
“Yalnız bir təşkilatın qərəzli rəyi heç nəyi dəyişmir...” - Əli Həsənov

Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib. Protokol MSK üzvlərinin hamısı tərəfindən imzalanıb. MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir. Bu isə o deməkdir ki, ən geci aprelin 25-dək Konstitusiya Məhkəməsi seçkinin yekunları ilə bağlı qərar verəcək.

İclasdakı çıxışında MSK sədri Məzahir Pənahov deyib ki, MSK prezident seçkiləri ilə əlaqədar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.
Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb. MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs isə etibarsız sayılıb.

MSK-nın iclasında məlumat verilib ki, prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.
M.Pənahov bildirib ki, seçkilərdə namizədlərə bərabər şərait yaradılıb. Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər. Burada hər hansı çətinlik olmayıb.

O, həmçinin deyib ki, prezident seçkilərini dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib: “Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib. Müşahidəçilər MSK-nın seçkiləri hazırlayıb keçirilməsini yüksək dəyərləndirib. Seçkilərdə ikisi beynəlxalq təşkilatlarla birgə olmaqla, 4 təşkilat tərəfindən ”exit-poll" keçirildi. Həm şəhərlərdə, həm də kəndlərdə tək səhər deyil, hətta günortadan sonra seçicilər növbədə dayanmışdı. Bunu müşahidəçilər də xüsusi qeyd edirdilər. Nəticədə seçkilərdə 74 faizdən artıq seçici fəallığı qeydə alındı".

MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının prezident seçkilərində pozuntuların olduğu barədə açıqladığı ilkin rəyin də münasibət bildirib. Qeyd edib ki, MSK buna münasibətini həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirib: “Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər. Azərbaycanda seçkinin səviyyəsi ən inkişaf etmiş ölkələrdəki səviyyəyə uyğundur. Onlar bizi məcbur edirlər ki, fikir bildirək. Azərbaycan xalqı onların fikirləşdiyi xalq deyil, biz Azərbaycan xalqına hörmət tələb edirik. Bu seçki onların xoşuna gələn ölkələrdə keçirilsəydi, axşama qədər təbliğ edərdilər. Bizə təsir edən odur ki, niyə bizə layiq olmadığımız standartlar tətbiq olunur? Ortaya qoyduqları sənədə baxanda görürük ki, missiyanın özü seçki müşahidə missiyasından daha çox başqa missiyaya xidmət edən qurum kimi görünür”.

MSK sədri seçkilərdə təxribatların qarşısının alınmasında roluna görə hüquq-mühafizə orqanlarına və veb-kameraların fasiləsiz məntəqələrdən görüntü ötürməsini təmin etdiyi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür edib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə Xəzər Televiziyasına müsahibəsində deyib ki, seçkilərdə müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzi rəyi heç nəyi dəyişmir. Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir: “Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir. Yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir. Həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb”.

Əli Həsənov bildirib ki, seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm MSK, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəlib. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland isə srağagün Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində Avropa Şurasının baş katibi Azərbaycan prezidenti ilə işləməyə hazır olduğunu qeyd edib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda Tusk bildirib: “Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm. Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək. Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ