SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Konstitusiya Məhkəməsinin qərarı necə olacaq? - GƏLİŞMƏ

Konstitusiya Məhkəməsinin qərarı necə olacaq? - GƏLİŞMƏ

Tarix:

3-03-2020, 09:54

/ 1 306 dəfə oxundu.
Konstitusiya Məhkəməsinin qərarı necə olacaq? - GƏLİŞMƏ

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası fevralın 25-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərə yekun vurub və ümumi yekunlara dair protokolu tərtib edib. Sonra isə yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini, bəzi dairələrdə nəticələrin ləğv edilə biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəzi siyasi ekspertlər iddia edir ki, Konstitusiya Məhkəməsi hansısa dairənin nəticələrini ləğv edə bilər, ancaq bu, bütövlükdə ölkə üzrə seçkinin nəticələrinə təsir etməyəcək. Lakin indiyə qədər heç bir seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin tarixində belə bir təcrübə olmayıb.

Xatırladaq ki, fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 4 seçki dairəsinin nəticələri MSK tərəfindən etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

MSK-nın ilkin açıqladığı nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq, Hüseynbala Mirələmov, Rauf Abbasov (Arifoğlu), Hadi Rəcəbli və Çingiz Qənizadənin qalibiyyəti elan edilmişdi.

Dairələrin nəticələrinin etibarsız sayılması ilə artıq əlavə seçkinin keçirilməsinə zərurət yaranıb.

Seçki Məcəlləsinin tələbinə görə, nəticələri ləğv edilmiş dairələrdə əlavə seçkilər keçirilməlidir. MSK katibi Mikayıl Rəhimov bildirib ki, qanuna görə, əlavə seçkiləri ölkə prezidenti təyin edir. Məhz prezidentin bu barədə qərarından sonra seçkinin günü bəlli olacaq. Prezidentin əlavə seçkiləri təyin etməsi üçün isə qanunda konkret müddət əksini tapmayıb.

Bir sıra siyasi analitiklər isə hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiq etməsindən və yeni Milli Məclisin fəaliyyətə başlamasından bir müddət sonra boş dairələrdə əlavə seçkilər keçirilməsi barədə qərar veriləcək.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ