XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Sərkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə

Sərkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə

Sərkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə
10-04-2018, 09:16

Dünən Ermənistanın 4-cü prezidenti Armen Sərkisyanın formal andiçmə mərasimi keçirilib. Ona görə “formal” ki, martın 2-də ilk dəfə parlament tərəfindən prezident seçilən A.Sərkisyan sələfləri kimi ölkədə böyük səlahiyyət yiyəsi olmayacaq. Heç Ali Baş Komandan da o olmayacaq. Əsas səlahiyyətlər yeni baş nazirdə olacaq. Armen Sərkisyanın seçkidə alternativsiz olması, sübhəsiz, həm də bununla bağlı idi.

Tezliklə Ermənistanın yeni baş naziri də bəlli olacaq. Konstitusiyaya görə, köhnə hökumət buraxılmalı, təzəsi formalaşmalıdır. Gözlənilir ki, yeni baş nazir postunu artıq keçmiş prezident sayılan Serj Sərkisyan tutacaq.

*****

Beləliklə, işğalçı ölkə dünəndən etibarən rəsmən parlamentli üsul-idarəyə keçid elədi. Ancaq bu keçid erməni xalqına nə verəcək? 30 ildir həlli uzanan Qarabağ məsələsi, nəhayət, yoluna qoyulacaqmı, blokada rejimi aradan qalxacaqmı? Ölkədə səfalətli həyat bitəcəkmi, ildən-ilə güclənən kütləvi köç necə, səngiyəcəkmi?

Bu sualların hamısının cavabı təbii ki, neqativdir. Ən azı, ona görə ki, Ermənistanda prezidentin adı dəyişsə də, hakim kriminal və talançı rejim, iqtidardakı “Qarabağ klanı” yerində qalır. Demək, erməni xalqının iztirabları da davam edəcək - bu dəfə parlamentli idarəçilik altında.

*****

Sonuncu qənaəti erməni nəşrləri və ekspertləri də bölüşür, bu haqda SOS siqnalları verirlər. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, armenianreport.com saytı ölkədə yeni idarəçiliyə transformasiya ərəfəsində hökm sürən ağır sosial-iqtisadi duruma həsr elədiyi təhlili məqalədə hakim rejimi göydən yerə vurub, onun apardığı iqtisadi siyasəti faş edib.

“Bu gün Rusiya Federasiyasında yaşayan ermənilərin sayı artıq Ermənistan Respublikasında yaşayanları üstələyir. Rusiyada ermənilərin sayı 3.5 milyona yaxındır. Özü də onların sayı təkcə ermənilərin ənənəvi kompakt yaşadığı Moskva, Şimali Qafqaz və ya Krasnodar diyarı hesabına deyil, həm də Ermənistan hesabına artır - insanlar öz ”ayaqları ilə" səs verməkdə davam edirlər. Ermənistanın özündə isə əmək qabiliyyətli və siyasi yetkin elektorat və qoca-uşaqlar da daxil olmaqla, çoxdan 3 milyondan da az əhali qalıb. Təhlükəli tendensiya ortadadır", - deyə məqalədə bildirilir.

Müəllifə görə, Ermənistan əhalisinin sayının azalmasına gətirən belə miqrasiya prosesinin əsas səbəbi ölkədə həyat səviyyəsinin aşağı düşməsi, işsizlikdir: “Hakimiyyət nümayəndələrinin verdiyi gümrahlaşdırıcı bəyanatlar reallıqla kəskin ziddiyyət təşkil edir. Vəziyyətin, nəhayət, yaxşıya dəyişməyəcəyinə əmin olan adamlar heç də yaxşı güzərandan yurd yerlərini tərk eləmirlər. Bugünkü Ermənistanda təsadüfi qazanc yeri yox, məhz ləyaqətli məvaciblə ləyaqətli iş tapmaq olduqca müşkül məsələdir! İnsanlara isə hansısa yolla sabaha sağ çıxmaq, öz ailəsini dolandırmaq, uşaqlarının təhsil haqqını qarşılamaq, həkimin xidmət haqqını ödəmək, ”qara günə" bir şey saxlamaq və s. lazımdır. Odur ki, ölkədən çıxıb gedirlər".

Məqalədə daha sonra deyilir: “Ermənistanın indiki rəhbərliyi tərəfindən seçilmiş dövlət idarəçiliyi sistemi əsla ölkənin sosial-iqtisadi inkişafına kömək etmir, əksinə, böhranlı halları önləməyi ciddi şəkildə qəlizləşdirir. Lənətə gəlmiş ”keçid dövrü" - hansı ki, postsovet ölkələrinin müasir bazar iqtisadiyyatına mərhələli transformasiyası belə adlandırılır - həddən artıq uzandı. Buraxılan səhvlərin xoşagəlməz nəticələri indi göz deşir".

Müəllif ardınca Sərkisyanın prezidentliyi dövründə dövlət borcunun 4.5 dəfə artdığını xatırladaraq yazır: “Əgər o prezident olan ildə - 2008-də dövlət borcu 1.5 milyard dollar və ya ÜDM-in 13%-i həcmində idisə, 2017-ci ilin yekununa görə, artıq 7 milyarda yaxınlaşır ki, bu da ÜDM-in 55%-i deməkdir. Və borc getdikcə böyüyür. Bu fonda keçmiş prezident Robert Köçəryanın varidatı 5 milyard dollardan çoxdur. Serj Sərkisyanın isə hələlik 3 milyardı var. Demək, Köçəryana çatmaq lazımdır”.

*****

Sadalanan rəqəmlərə bəzi başqalarını da əlavə eləmək olar. Misal üçün, Serj Sərkisyanın 10 illik prezidentliyi dövründə ölkədə yoxsulluq və miqrasiya da xeyli artıb. Əgər 2008-ci ildə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 27.6 faiz idisə, hazırda 30 faizdən çoxdur. Müstəqil ekspertlər isə bu səviyyənin 50 faizə çatdığını deyirlər. Rəsmi rəqəmlərə əsasən, ölkədə inflyasiya 2.7 faiz, müstəqil iqtisadçılara görə isə 21 faizdir.

10 ildə Ermənistanı ildə təxminən 38 min nəfər olmaqla 380 min nəfər tərk edib. Eks-prezident Robert Köçəryanın dövründə bu göstərici nisbətən aşağı olub - ildə 20-25 min nəfər. Həmçinin Ermənistandan miqrasiyanın səviyyəsi Sərkisyanın dövründə 2016-cı ildə ən yüksək həddə çatıb - 48 200 nəfər. Aydındır ki, səbəb həm də həmin ilin aprelində Ermənistan ordusunun ağır zərbə almasıdır.

İndi belə göstəricilərə malik, hakimiyyəti korrupsiyalaşan, yetərli insan resursundan məhrum və ordusuna ciddi çağırışçı problemi yaşayan, ən əsası, regionun “izqoy ölkəsi”nə çevrilmiş Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa, böyük müharibə apara bilərmi?

Cavab özlüyündə aydındır. Məsələ bundadır ki, işğalçı ölkə bugünkü ağır siyasi-iqtisadi bataqlıqdan, sosial-siyasi böhrandan idarəçilik formasını dəyişməklə yox, yalnız yanlış Qarabağ siyasətini dəyişməklə çıxa bilər. Yoxsa Armen yox, Vartan da gəlsə, yaxud Serj də (Sərkisyan) getsə, vəziyyət düzələn deyil. Ermənistan batmaqda davam edəcək...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.