XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Kritik seçim, qapını döyən “Aprel+” savaşı - Sərkisyan “vobank” gedir

Kritik seçim, qapını döyən “Aprel+” savaşı - Sərkisyan “vobank” gedir

Kritik seçim, qapını döyən “Aprel+” savaşı - Sərkisyan “vobank” gedir
7-04-2018, 10:11

Ermənistanda parlamentli üsul-idarəyə keçidi rəsmiləşdirəcək baş nazir seçkisinə cəmi iki gün qaldı. Əksər siyasi ekspertlərə görə, 9 apreldə möcüzə baş verməyəcək və indiki prezident Serj Sərkisyan yeni baş nazir postunu tutacaq. Parlamentdəki hakim çoxluğun mövqeyi və ən əsası, Kremlin verdiyi “dobro” belə söyləməyə əsas verir.

Beləliklə, Sərkisyan rejiminin timsalında “Qarabağ klanı” hakimiyyətinin ömrünü daha 4 il uzatmış olacaq. Yəni faktiki şəkildə işğalçı ölkədə köhnə hakim komanda təzə qiyafədə xalqa sırınacaq. Demək, ölkənin olan-qalan əhalisinin sosial-iqtisadi durumunda yaxşıya heç nə dəyişməyəcək və Qarabağ məsələsində də ənənəvi siyasi kurs davam edəcəyindən, böyük müharibə riski “Domokl qılıncı” kimi erməni xalqının başı üzərindən asılı qalacaq, kasıb erməni ailələrinə əsgər tabutlarının gəlməsi davam edəcək, ölkədən kütləvi köç səngiməyəcək.

*****

Yeri gəlmişkən, ötən il Sərkisyan parlamentdəki çıxışında mifik iqtisadi sıçrayış planından dəm vuraraq, Ermənistan əhalisinin 2040-cı ilədək 4 milyona çatacağına ümid etdiyini bildirmiş, bununla da iqtisadçı ekspertləri və demoqrafların gülüş hədəfinə çevrilmişdi. Baş nazir seçkiləri ərəfəsi Sərkisyanın həmin vədləri yenidən gündəm olub.

“Mən Serj Sərkisyanın başqa vədləri kimi bu vədinə də eyni cür yanaşıram”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “Yelk” (“Çıxış”) parlament fraksiyasının üzvü Ararat Mrzoyan 1 in.am nəşrinə açıqlamasında deyib. Onun sözlərinə görə, bunların hamısı yalan, boş sözləridir: “Sərkisyanın özü də yaxşı bilir ki, vədlərinin heç biri reallaşmayacaq. Bundan əlavə, mən istisna edirəm ki, onlar (hakimiyyətdəkilər - ”YM") bu yöndə nəsə etmək istəsinlər. Hətta istəsələr belə, heç bir iş görə bilməzlər. Serj Sərkisyanın və Respublika Partiyasının başında durduğu Ermənistan heç vaxt 4 milyon əhalisi olan dövlətə çevrilə bilməz. Əksinə, Ermənistan iqtisadiyyatı saatbasaat dağılır, əhalinin sayı azalır".

Əcnəbi analitiklər də Sərkisyan rejiminin davam eləməsinin erməni xalqına yaxşı heç nə vəd eləmədiyi qənaətindədirlər. Məsələn, tanınmış britaniyalı təhlilçi, “Kornegi” fondunun aparıcı eksperti Tomas de Vaal hesab edir ki, Ermənistanın parlamentli respublikaya keçməsi heç nəyi dəyişməyəcək. Bu barədə onun yazdığı məqalədə deyilir (axar.az).

“Demək olar ki, heç nə dəyişməyəcək. Serj Sərkisyanın çalışdığı Prezident Administrasiyasının binası prezident ofisi olaraq qalacaq, amma onun qarşısında başqa lövhə asılacaq. Bu mexanizm hakim elitaya hökumətdə qalmağa imkan verəcək. Sərkisyan 2008-ci ildən hakimiyyətdədir və təəssüf ki, Ermənistan bu zaman ərzində özünə yeni lider seçə bilmir. Serj Sərkisyan uzunmüddətli oyun oynayır. Onun dövründə xarici siyasət daha balanslı olub, lakin Rusiya yenə də əsas tərəfdaş olaraq qalır”, - deyə o bildirib.

*****

Lakin Sərkisyan dəstəsinin iqtidarda qalması artıq qeyd olunduğu kimi, hər şeydən öncə yeni və böyük müharibə riski deməkdir. Söz düşmüşkən, bu arada Avropa Analitik Mərkəzi “EPS” Brüsseldə Qarabağ məsələsinin həll perspektivləri və müharibə ehtimalı mövzusunda dəyirmi masa təşkil edib.

“Yen Müsavat” xəbər verir ki, tədbirdə çıxış edən LİNKS Britaniya Analitik Mərkəzinin direktoru Denis Sammut bildirib ki, Azərbaycan və Ermənistan daxilində, eləcə də beynəlxalq miqyasda müvafiq şərait olarsa, danışıqlarda tərəqqi mümkündür. Politoloq deyib: “Hər iki ölkə üçün gələn həftə mühüm siyasi hadisələrlə zəngin olacaq. Azərbaycanda aprelin 11-də prezident seçkisidir. Bu seçkilər payızda olmalı idi. Ancaq indiki dövlət başçısı İlham Əliyev onu qabağa çəkdi. İcmalçılar hesab edirlər ki, Əliyev təzədən prezident seçiləcək və dördüncü müddətə gedəcək, özü də bu dəfə 5 illiyə yox, 7 illiyə. Ermənistanda isə aprelin 9-da Serj Sərkisyanın ikinci müddətə prezidentliyi yekunlaşır. Ancaq gözlənilir ki, Sərkisyan da hakimiyyət sükanı arxasında qalacaq. Parlamentli idarəçilikdə hakimiyyət baş nazirin əlində olacaq ki, o da yəqin ki, elə Serj Sərkisyan olacaq”.

Analitik güman edir ki, seçkilərdən sonra hər iki ölkə liderinin öhdəsində misli görünməmiş siyasin hakimiyyət və Qarabağ konflikti üzərində işləmək üçün geniş üfüqlər olacaq: “Əgər təbii ki, bunu istəsələr. İndi məhz o andır ki, nəsə müsbət bir şey baş verməlidir. Növbəti 6-8 ay bu xüsusda çox mühüm müddət olacaq və biz indiyədək olmamış bir hərəkətlilik müşahidə edə bilərik”.

Lakin “Böhran Qrupu”nun təhlilçisi, konfliktoloq Zaur Şiriyev nikbin deyil. Hərçənd o da danışıqlarda tərəqqini istisna eləmir. “Azərbaycan cəmiyyətində hakimiyyətdən Qarabağ məsələsinin həllini gözləyirlər. Eyni zamanda hər iki ölkədə respublika qurulmasının 100 illiyini bayram eləməyə hazırlaşırlar. Tərəflər və beynəlxalq vasitəçilər bu şansdan yararlanmaq istəyəcəklərmi, yararlana biləcəklərmi - bunu yaxın aylar göstərəcək”, - deyə o bildirib.

Bununla belə, konfliktoloq xəbərdarlıq edir ki, əgər Qarabağda növbəti hərbi eskalasiya başlasa, bu dəfə o daha genişmiqyaslı olacaq: “2016-cı ildəki döyüşlər həm ərazicə, həm də cəlb edilmiş canlı qüvvə və texnikanın sayı baxımından məhdud idi. Növbəti, ”aprel+" eskalasiyası isə iki il öncəkindən daha dağıdıcı olacaq".

Öz növbəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan “4 günlük müharibə”dən keçən iki ili analiz edərkən deyib ki, hazırda münaqişə tərəfləri heç vaxt olmadığı qədər sülh anlaşmasından uzaqdır: “Yeni müharibə ehtimalını da mən çox yüksək hesab edirəm”.

*****

Yuxarıda qeyd edilənlər nəzərə alınarsa, belə qənaət hasil olar ki, əslində Serj Sərkisyan aprelin 9-da “vobank” gedir. Onun 10 illik prezidentliyi kriminal “Qarabağ klanı”nın fantastik dərəcədə varlanmasından savayı öz xalqına yaxşı heç nə gətirmədi. Əksinə, ermənilərə sırf yeni məhrumiyyətlər və neqativ nəticələri bu gün də davam edən ağır “aprel sindromu” bəxş elədi.

Üstəgəl, qapını indi daha dağıdıcı olacaq “Aprel+” müharibəsi döyməkdədir. Bu müharibənin nə dərəcədə qaçılmaz olacağı iki gün sonrakı baş nazir seçkisindən asılı olacaq. Seçim “Qarabağ klanı” naminə “vobank”a hazırlaşan Sərksiyanındır. Nəticəni həm də 10 ildir aldadılan erməni xalqı çıxarmalıdır...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.