SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə

VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə

Tarix:

11-03-2021, 11:12

/ 1 987 dəfə oxundu.
VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə

Ötən həftə qəfildən keçirilən hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı hələ də cəmiyyətin əsas mövzularından biridir. PİA.az-ın əməkdaşı hakim partiyanın qurultayını və mövcud siyasi reallıqları Vətəndaş Həmrəyliyi Partiyasının səfr müavini Nəsimi Şərəfxanlı ilə müzakirə edib.

Nəsimi Şərəfxanlı: “Uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır”.

- Nəsimi bəy, YAP-ın VII qurultayı hazırda cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri hesab edir ki, bu qurultay hakim partiyada böyük dəyişikliklərin başlanğıcıdır. Parlamnetin ana müxalifət partiyasının nümayəndəsi olaraq hakim partiyanın son qurultayını necə dəyərlədirirsiz? Hesab edirsinizmi YAP-dakı yenilənmə ölkədə siyasi münasibətləri dəyişmək üçün stimul ola bilər?

- Hakim partiyanın son qurultayı zaman baxımdan gözlənilməz idi, nəticə çoxdan cəmiyyətdə müzakirə olunurdu və hər kəs iqtidarda aparılan kadr dəyişiklliklərinin partiyaya da sirayət edəcəyinin fərqindəydi. Təbii ki, uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Ramiz Mehdiyevin, Əli Həsənovun, Arif Rəhimzadənin, Əli Əhmədovun və beynində hələ də kommunist təfəkkürü saxlayan şəxslərin partiya rəhbərliyindən kənarlaşdırılaraq nisbətən gənc şəxslərin iş başına gətirilməsi təqdirəlayiqdir. Amma anoloji prosesi rəsmi iqtidar strukturlarında da müşahidə etmişik. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır. Çünki bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Ziya Məmmədov, Səlim Müslümov, Misir Mərdanov və digərləri əvəzləndi nə baş verdi ki? Yenə köhnə hamam, köhnə tas. Yəni təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq. Buna görə şəxslərin əvəzlənməsindənsə idarəçiliyə baxışın dəyişilməsi daha vacibdir. İstər YAP-da, istərsə də hakim komandada aparılan kadr dəyişikliklərinin ölkədə mücbət istiqamətə doğru təkan olacağına bundan sonra ümid etmək olar.

- Azərbaycanın siyasi mühiti əsasən iki qütblü olaraq görülür. Qütblərdən biri hakimiyyət, digəri isə “sistemdən kənar” müxalifət hesan olunur və burda ideologiya, sol, ya da sağ prinsiplər özünü doğrultmur ya da özünə yer tapmır. VHP özünü bu qütblərin hansındasa görə bilirmi, ya da bu qütblərin arasında qalmağı VHP üçün hansısa şans və yaxud şansızlıq kimi dəyərləndirmək olarmı?

- Azərbaycan siyasi sistemində ideologiya problemi var. Siyasi partiyaların böyük əksəriyyətinin proqramı eyni ideoloji dəyərlərə söykənir. Firqə fərqliliyi ideoloji baxışa deyil, siyasi taktikaya və ya liderə görə seçildiyindən Azərbaycanda partiya həyatında anormallıqlar yaşanır. Millətçilik, Liberalizm, Sosial bərabərlik və digər ideoloji prinsipləri əsas götürərək cəmiyyətə fərqli liderlər deyil, fərqli proqramlar, konsepsiyalar, baxışlar təqdim edilmir. Məncə siyasi sistemimizdəki durğunluğun əsas səbəbi budur.

Nəsimi Şərəfxanlı: “Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır”.

Vətəndaş Həmrəyliyi Partiyası “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı ilə yaranaraq milli birlik, həmrəylik prinsipini əsas götürüb. Əlbəttə bu tam ideoloji sistem sayıla bilməz. Amma bu prinsip bir çox məqamlarda VHP-ni digər siyasi partiyalardan fərqləndirib və etiraf edək ki, hakim partiya da ölkənin həlledici anlarında bu prinsipi əsas tutub. Bu baxımdan VHP-ni kəskin qütbləşməyə qarşı olaraq şanslı partiya sayıram. Bu şanslılıq hər zaman parlamentdə təmsil olunmaqla yekunlaşmayıb, özünün təşkilati strukturlarını qoruyaraq inkişaf etdirməkdə də özünü göstərib.

- Belə bir fikir var ki, Azərbaycan elektoratının böyük hissəsi həm hakimiyyət partiyasını, həm də müxalifəti "qocalmış" olaraq görür. Xüsusən də müxalifəti. Sizcə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi üçün siyasi təlabat varmı və ölkə siyasətində nə zamansa üçüncü qütbün yaranmasını mümkün hesab edirsinizmi?

- Mən siyasətdə qoca-gənc fərqliliyinin, qarşıdurmasının tam əleyhinəyəm. İllərdir ki, müxalifət “qocalıb” deyirlər. Çox yaxşı. Əgər belədirsə hanı gənclik? Kim qarşısını alır ki? Azərbaycanda onlarla gənc partiya sədri var və etiraf edək ki, onların ictimai tanınma imkanları klassik siyasilərimizdən daha çoxdur. Amma ortada nəticə də yoxdur.

Nəsimi Şərəfxanlı: “Bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq və olmaqdayıq”.

Bu gün müxalifət liderləri tablosu Azərbaycanın istiqlalı üçün yol başlayan Meydanın tribunası kimi tanınır. Mən konkret adlar çəkib kimlərisə uğursuz siyasətçi kimi tanıtmaq istəmirəm, amma gəlin qəbul edək ki, cəmiyyət bu gün də Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmədov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu və digər klassik siyasi liderlərimizin fikir və taktikalarına diqqət yetirir.

Azərbaycanda üçüncü qütbün ortaya çıxmasına gəlincə isə, mövcud iki qütb: iqtidar-müxalifət arasında münasibətlər və sistem qaydasına düşməyincə hər hansı yeni qüvvədən danışmağa dəyməz. Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır. Bunun ən yaxşı yolu proparsional seçki sistemidir. Bu seçki prinsipi ilə partiyalar gerçək gücünü və siyasi mübarizəsini parlamentə daşımalıdır. Həmin parlamentdə ölkənin problemlərinin həll yollarının ən yaxşı variantları ortaya qoyulacaq.

- Ümumiyyətlə Azərbaycan siyasətində üçüncü qütbün ortaya çıxa bilməsi üçün siyasi mühiti nə qədər əlverişli hesab edirsiniz?

- Bir daha qeyd edirəm ki, mövcud iqtidar-müxalifət münasibətləri üçüncü siyasi güc mərkəzinin ortaya çıxmasını istisna edir. Əslində bu gün parlamentdə təmsil olunanları üçüncü qütb kimi də dəyərləndirmək olar.

Nəsimi Şərəfxanı: Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir”.

Amma biz bilirik ki, bu tam olaraq belə deyil və həmin partiyalara Azərbaycan xalqının etimadı arzu edilən səviyyədə deyil. Bir zamanlar REAL hərəkatı da üçüncü qüvvə olaraq formalaşmaq istəyirdi. Alındıra bilmədilər. Üçüncü qüvvə təbii siyasi proseslə baş verə bilər, bu sifarişlə və ya təhlillə olmur.

- Bəs Azərbaycanda mövcud durumu dəyişdirmək mümkündürmü?

- Mən hazırkı şərtlərdə buna ehtimal vermirəm. Və hesab edirəm ki, buna cəhd etmək Don Kixotun yel dəyirmanı ilə savaşmasını xatırlada bilər. Çünki Azərbaycandakı siyasi mühit hazırda elə formalaşıb ki, ancaq bir-birlərini tamamilə inkar edən iki qütbün birində yer almalısan. Bu qütblərdən kənrda olanlar isə özlərini cəmiyyətə təqdim edə bilmirlər. Bunun yolu da yoxdur. Misal üçün özünə nəyin bahasına olursa olsun karyera qurmaq istəyənlər hakimiyyətin yanında yer alır və ancaq hakimiyyətin bucağından problemlərə yanaşırlar. Azərbaycanı fərqli və daha azad bir vətəndaş cəmiyyəti olaraq görmək istəyənlər isə ancaq “sistemdən kənar” müxalifətin bucağından məsələri həll etmək istəyirlər. Böyük əksəriyyət isə heç bur tərəfə inanmır və fərdi qaydada özlərini xilas etməyə çalışırlar.

Nəsimi Şərəfxanlı: “VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq”.

- Bəs bu böyük əksəriyyəti üçüncü qüvvə niyə özünə cəlb edə bilmir?

- Bunun səbəbi çox sadədir. Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir. Bunu hamı bilir və bu üzdən də böyük əksəriyyəd də yaxşı bilir ki, onların üçüncü qüvvəyə verəcəkləri dəstək elə ikinci qüvvə demək olacaq. Yəni normal siyasi mühitdə hakimiyyət alternativliliyi qəbul etmir. Azərbaycanda isə bu olmadığı üçün böyük əksəriyyət özünə heç də əziyyət vermək istəmir.

- VHP parlamentdə üç deputatla ana müxalifəti təmsil edir. Hesab edirsinizmi ki, müxalifət olaraq öz vəzifələrinizi yerinə yetirirsiz?

- Məşhur bir ifadə var. “Siyasət imkanlar daxilində mümkün olanı etmək sənətidir”. Hesab edirəm ki, parlament müxalifəti olaraq VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq.

Şərhlər

XƏBƏR LENTİ