XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » Bank rəhbərləri milyonlarla mükafatı necə qazanıb? - MÜSAHİBƏ

Bank rəhbərləri milyonlarla mükafatı necə qazanıb? - MÜSAHİBƏ

Bank rəhbərləri milyonlarla mükafatı necə qazanıb? - MÜSAHİBƏ
24-09-2019, 16:35

2015-ci ildə baş verən manatın iki kəskin devalvasiyasından sonra ölkənin bank sektoru böhran vəziyyətinə düşdü.

Bunun məntiqi nəticəsi kimi 11 bank bağlandı, bir bank isə kredit təşkilatına çevrildi. Son 4 ildə isə bank sektorunun sağlamlaşdırılması üçün müəyyən addımlar atıldı, 10 min dollara qədər olan problemli kreditlər həll olundu. Hazırda banklar maliyyə-kredit siyasətini tam bərpa edib və müxtəlif təyinatlar verilir.

Bəs bank sektorunun vəziyyəti necədir?

Bununla bağlı “Cümhuriyət” qəzetinin suallarını bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cavablandırıb.

-Əkrəm bəy, hazırda bank sektorunun vəziyyəti necədir?

-Hətta Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Azərbaycan Mərkəzi Bankının son məlumatlarından da görünür ki, problemli kreditlər yenə də artan xətt üzrə gedir. Bu baxımdan da bütövlükdə bank sisteminin vəziyyəti yaxşı deyil. Təbii ki, bir neçə bankın vəziyyətini qənaətbəxş hesab etmək olar. Amma onların sayı azdır.

-Bir çox bankların hesabatında hələ də zərərlə işlədiyi göstərilir. Necə düşünürsüz, yaxın zamanlarda bağlanan banklar olacaq?

-Hətta sizə başqa bir şey deyib. Dəqiq bilirəm ki, bəzi banklar zərərlə işləyir, amma hesabatlarında mənfəətlə işlədiklərini göstərirlər. Hansı bankların zərərlə işlədiyini dəqiq bilirəm. Bu baxımdan heç bankların maliyyə hesabatına da etibar yoxdur. Təbii ki, bankların bağlanmaq ehtimalı var.

-Bank sektorunda olan problemlərin aradan qaldırılması üçün Strateji Yol Xəritəsində 2018-ci ilin sonuna qədər zaman verilmişdi. Sonradan Azərbaycan Mərkəzi Bankı yeni bir təklif hazırladı və bank sektorunun sağlamlaşdırılması layihəsi 2021-ci ilə qədər uzadıldı. Bu müddət ərzində sağlamlaşma prosesi başa çatacaqmı?

-İlk növbədə Palatanın özünü sağlamlaşdırmaq lazımdır. Ümumiyyətlə, ölkədə bank nəzarəti sahəsinin özü qeyri-sağlamdır. Buna görə də təbii ki, qeyri-sağlam olan qurum bankları sağlamlaşdıra bilməz. Bank nəzarəti orqanı yenidən formalaşdırılmasa, bankların sağlamlaşdırılması mümkün olmayacaq. Çünki bu gün bank nəzarətini qeyri-peşəkar adamlar həyata keçirirlər.

-Problemi kreditlərin həcmi yenidən artır. Bunun səbəbi nədir?

-Problemi kreditlərin artım səbəbi fərqlidir. Açıqlanan məlumatlarda bu deyilməsə də, düşünürəm ki, problemi kreditlərin həcminin artması əvvəlki kreditlərin hesabınadır. Banklar son 4 ildə problemli kreditlərini real həcmini gizlətməyə çalışırdı. Amma bu qədər də gizlətmək mümkün deyil. Misal üçün qaytarılmayan kreditlər üçün bankın məhkəmədə iddia qaldırmaq müddəti 3 ildir. Kredit müqaviləsinin bitmə tarixindən başlayaraq 3 il müddətində bank məhkəmə iddiası qaldıra bilər. Hansısa bir bank müştərinin kreditini problemi siyahıda göstərmir, amma indi məhkəməyə vermək üçün bunu etmək məcburiyyətindədir. Çünki bank məhkəməyə müraciət etməsə, həmin krediti itirəcək. Buna görə də artıq problemli kreditləri tanımağa başlayıblar. Problemli kreditlərin artma səbəbi də məhz bununla bağlıdır.

-Bəs yeni kreditlərdə necə, problemə düşənlər varmı?

-Yeni kreditlərdə də problemə düşənlər var. Çünki banklar əvvəlki illərdə olduğu kimi, yenə də istehlak krediti vermək üçün rəqabətə başlayıblar. Bu da həmin bank rəhbərliyinin siyasətidir. Əvvəllər də bu cür hallar var idi. 2005-ci ildən 2015-ci ilə qədər banklar vətəndaşa kredit vermək üçün bir-birini “qırırdılar”. Çünki bank rəhbərlərinə verdiyi kreditin həcminə görə yaxşı “bonus”lar verilirdi. Bank rəhbərləri var ki, sadəcə, kredit verdiklərinə görə, bir neçə milyon manat mükafat alıblar. Məhz onlar mükafat almaq üçün kimə, necə gəldi kredit verirdilər. Bunun nəticəsini isə hər birimiz gördük. 2016-ci ildə isə Mərkəzi Bank Korporativ İdarəetmə Standartlarına dəyişiklik etdi və belə “bonus”ların verilməsini məhdudlaşdırdı. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası bu yaxınlarda bu məsələni yumşaltdı. Bank rəhbərlərinə şərait yarandı ki, çoxlu kreditlər verməklə yaxşı mükafatlar alsın. Bu məsələ yenə də aktuallaşıb və buna görə də indi verilən kreditlərin də problemə düşməsini gözləmək olar.

-Bank sektorunun qənaətbəxş olması üçün hansı işlər görülməlidir?

-Bunun üçün 3 əsas şərt var. Birincisi, bank qanunvericiliyi çox köhnəlib, bu günün tələblərinə cavab vermir, təkminləşdirmək lazımdır. Əslində, dövlət başçısı 2004 və 2014-cü ildə iki dəfə eyni tapşırıq verib ki, bank məcəlləsi hazırlansın. Birincidən 15, ikinci tapşırıqdan isı 5 il keçib. Amma indiyə kimi bank məcəlləsini hazırlayıb qəbul etməyiblər. İkincisi, bank nəzarəti orqanlarının rəhbərliyi dəyişilməlidir. Bura həm Azərbaycan Mərkəzi Bankı, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası daxildir. Çünki bu sahəni onlar idarə edir və zaman göstərdi ki, bu işin öhdəsindən gələ bilmirlər. Üçüncüsü, banklardakı problemi kreditləri elə bank rəhbərləri özləri süni şəkildə yaradıblar. Öz şirkətlərinə, yaxınlarına qanunsuz şəkildə kreditlər verməklə bu problemi yaradıblar. Bu məsələlər araşdırılmalı və bütün günahkarlar cəzalandırılmalıdır. Onları məcbur etməlidirlər ki, həmin pullar bank sisteminə geri qaytarılsın. Bunlar olmayınca, bank sektorunun sağlamlaşmasından danışmaq mümkün deyil.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.