XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Banklar yenidən bağlana, problemli kreditlər arta bilər - Bank sistemi yenidən böhranda

Banklar yenidən bağlana, problemli kreditlər arta bilər - Bank sistemi yenidən böhranda

Banklar yenidən bağlana, problemli kreditlər arta bilər - Bank sistemi yenidən böhranda
1-05-2020, 09:50

2020-ci ilin fevral ayının sonu ilə müqayisədə mart ayında Azərbaycanın bank sektorunun cəmi aktivləri 977 milyon manat azalaraq, 32 milyard 219 milyon manata geriləyib.

Mərkəzi Bankın məlumatına görə, fevralın sonunda 33 milyard 196 milyon manat təşkil etmiş bank sektorunun cəmi aktivləri martın sonunda 32 milyard 219 milyon manata düşüb. Mart ayında müştərilərə verilmiş kreditlər 66 milyon manat azalaraq 15 milyard 233 milyon manata geriləyib. Aktiv maddələri üzrə ən çox azalma Mərkəzi Bankda müxbir hesablarda olub. Martda 1 milyard 101 milyon manat azalaraq 2 milyard 918 milyon manatdan 1 milyard 818 milyon manata düşüb. Martda bankların nağd vəsaitləri 417 milyon artaraq 1 milyard 786 milyon manata yüksəlib. 2020-ci ilin fevral ayının sonu ilə müqayisədə mart ayında bank sektorunda depozitlər 1 milyard 204 milyon manat azalaraq 20 milyard 587 milyon manata geriləyib.

Bank aktivlərinin azalması bu sektorda hansı problemlərə gətirib çıxara bilər? Bankların və onların filallarının bağlanma prosesi davam edəcəkmi?

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrən Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya dövründə bankın aktivləri, yəni verdiyi kreditlərin həcmi iki səbəbdən azalır:

“Əvvəla, insanların gəlirləri azaldığından öz vəsaitlərini banklardan çıxarırlar. Başqa sözlə, yığdıqlarını xərcləyirlər. Həm də əmanətçilər devalvasiyadan qorxur və bank sisteminə etibar etmirlər. Bununla da bankların kredit vermək üçün pulu azalır. Digər səbəb isə odur ki, Mərkəzi Bank banklara kredit vermir. Mərkəzi Bank da devalvasiyadan qorxur. Qorxur ki, banklar və ya bankların kredit verdiyi adamlar götürdükləri manatla dollar almağa başlayarlar ki, devalvasiyadan qazansınlar. Buna görə də Azərbaycanda kreditləşmə kəskin şəkildə azalıb, faiz dərəcəsi artıb”.

Ekspert deyir ki, əgər əvvəllər banklar sahibkarlara 12-13 faizlə kredit verirdilərsə, indi bu 18-20 faizə qalxıb:

“Buna görə də aktivlər azalıb. Böyük ehtimalla yaxın aylarda da bu azalma davam edəcək. Bu da bankların maliyyə göstəricilərinin, o cümlədən gəlirliliyinin azalmasına səbəb olacaq. Buna görə də problemli kreditlər artacaq. Artıq bəzi vətəndaşlar ödəniş etmir və Mərkəzi Bank da banklara tövsiyə edib ki, 30 sentyabradək ödənişi vaxtında etməyənləri cərimələməsinlər. Doğrudur, bu tövsiyədir, amma faktiki olaraq bununla Mərkəzi Bank borclulara bildirir ki, krediti ödəməyə bilərlər. Bu baxımdan, bank filallarının bağlanması, işçilərin ixtisarının başlanması, eləcə də bankların özlərinin bağlanacağı ehtimalı böyükdür. Yəni bank sistemimiz yenidən dərin böhrana qərq olur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.