SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Ramiz Mehdiyev prezidentin verdiyi bütün tapşırıqların nöqtə və vergülünə qədər icra olunmasını istəyir”

“Ramiz Mehdiyev prezidentin verdiyi bütün tapşırıqların nöqtə və vergülünə qədər icra olunmasını istəyir”

Tarix:

19-04-2018, 11:43

/ 2 061 dəfə oxundu.
“Ramiz Mehdiyev prezidentin verdiyi bütün tapşırıqların nöqtə və vergülünə qədər icra olunmasını istəyir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat, prezidentliyə keçmiş namizəd Zahid Orucun “Ölkə.Az” xəbər portalına müsahibəsi:

– Zahid bəy, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi məsələsi də gündəmə gəlib. Necə düşünürsünüz, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə zərurət varmı?

– Qeyd etdiyiniz versiyalar və proqnozlar o mənbələrdən tirajlanır ki, onlar ali icra hakimiyyəti orqanı uğrunda mübarizədə uğur qazanmayıblar və düşünürlər ki, Milli Məclisdə 125 yer ətrafında ümumrespublika siyasi savaşının açılması bir tərəfdən hakimiyyət məsələsini həll etməyin yeni fürsəti olar, o biri yandan maraqlı beynəlxalq oyunçuların müdaxiləsinə şərait yaradar və ictimai həssas qrupların ayağa qalxmasına, ölkəiçi durumun gərginləşməsinə yol açardı. Məqsəd budur. Hətta, aralıq dövrdə qeyri-aktiv olan qüvvələr proseslərin mərkəzinə gəlməyə fürsət əldə edərdi. Lakin hazırki siyasi reallıqda parlament seçkilərinin vaxtının irəli çəkilməsinə yönələn daxili və xarici səbəblər yenicə seçilmiş prezidenti bütün komandasından qoparmaq istəyənlərin də arzusu kimi təzahür edir. Niyə? Ona görə ki,hökumətin və qanunverici orqanın xalq içərisində etimadının yüksək olmaması qətiyyən belə deməyə əsas vermir ki, İsveçrədəki kimi 6 aydan bir referendum və ya plebisit keçirib adamların təəssüratını dəyişmək lazımdır. Əsl demokratik ölkələrdə hökumətlər çox da güclü ictimai dəstəyə malik olmurlar. Çünki qeyri-populyar qərarlar onları gözdən salır.Başlıcası, Birinci şəxsin liderlik keyfiyyətləri, müxtəlif ideolojili və sosial fərqli qrupları öz arxasınca aparmaq qabiliyyəti bütün komandanı çalışdırmağa imkan verir. Ona görə də millət vəkilləri media məkanına həssaslıqla yanaşmalı və təzələnmək çağırışlarını yaxşı işləməyə,ölkədə başlanan yeni mərhələnin və prezidentin qarşıya qoyduğu yeni hədəflərin mənasını düzgün qəbul etməyə çalışmalıdılar. Hökm deyil ki,siyasi böhran şəraiti yaransın və bir hakimiyyət qoluna münasibətdə kimlərsə subyektiv arzularını dilə gətirsin, əsas odur ki, parlamentin fəaliyyətini daha da gücləndirmək üçün hər bir xalq təmsilçisinin aktiv olmasına ehtiyac var.

11 apreldən çıxan nəticələri düzgün oxumaq lazımdır. Diqqət edin, növbədənkənar seçkilər bizi Rusiya ətrafında aparılan beynəlxalq savaşın episentrinə düşməyə qoymadı, lakin Ermənistan mahiyyətcə daha gizli hakimiyyət dəyişikliyini ssenariləşdirsə də daxildəki qüvvələr və Qərb İrəvanda döyüşlərə qatılmağı bacardı. Demək olar ki, 2 ölkədə sinxron gedən hadisələr tam fərqli mənzərəni üzə çıxardı. Bizdə İlham Əliyevin ümumxalq dayaqları güclü olduğundan və xarici maraqların balansı təmin edildiyindən məxməri savaşlardan və küçə döyüşlərindən sığortalana bildik.Sarkisyan rejimi iqtisadi zəif bir ölkənin kənar təsirlərə necə həssas və dayanıqsız olduğunu üzə çıxardı. Orada qan töküləcəyinə şübhəm yoxdur. Çünki Nikol Paşinyan güclü lider olmasa da narazılığı yatırmaq və xalqın müxalifliyini söndürmək üçün Gümrü hərbi bazası aktiv siyasi proseslərə müdaxilə edəcək. Rusiya hələ ki,keçmiş səhra komandirini dəyişmək istəmir.

11 aprel seçkiləri təkcə ölkənin birinci şəxsini deyil, həm də ən vacib siyasi gündəliyini formalaşdırdı. Hamıya bəllidir ki, insanlarımız nələri istəyir. Onları qəbul etmək və dinləmək vacibdir. İnsanlar bir sıra məsələlərin dəyişilməsini, yenilənməsini, islahatların daha sürətlə davam etdirilməsini, büdcə vəsaitlərinə nəzarətin gücləndirilməsini, vətəndaş-məmur münasibətlərində mühüm addımların atılmasını gözləyir.
Etimad limiti deyilən məsələ var ki, bu 5 ilə və ya başqa müddətə də bitə bilər. Yoxlanılıb ki, insanlar öz təmsilçilərinə hansı müddətdən sonra etimad limitini itirir.Ona görə də mütləq xalqa özünü sübut etməlisən. Rəğbət və nifrət-fərq etməz, dünyada parlemantarilərin min illərdir yaşadğı alın yazısı budur.

– Növbəti parlament seçkilərində namizədliyini irəli sürməyi düşünürsünüz?

– Bununla bağlı indi dəqiq fikir söyləmək mənim üçün çətindir. Bu barədə suallar mənə tez-tez ünvanlanır.
Hər kəs bilir ki, ötən dövrdə parlamentin üzvü kimi seçicilərimin problemlərini tribunadan qaldırmağa çalışdım, insanlarımızın yanında oldum, parlament diplomatiyası xətti ilə Azərbaycanın maraqlarının qorunması üçün xarici səfərlərdə iştirak etdim, mediaya əlçatanlığı təmin etməyə çalışdım. Mənə elə gəlir ki, millət vəkillərinin hər birinin üzərində əsas məsuliyyət və ictimai tələb bundan ibarətdir.
Gələcək planlarımla bağlı məsələləri isə zaman-zaman jurnalistlərlə bölüşürəm.

– Siyasi partiya yaratmağı düşünürsünüz?

– Əvvəlcə onu deyim ki, uzun illər siyasi partiyaların yaradılmasının əsasını təşkil edən maliyyləşmə məsələsi rəsmi büdcə vasitəsilə həll olunsa da iş bununla bitmir. Doğrudur, partiyaların kriminal və ya kəşfiyyat mərkəzlərinin ianəsindən asılılığı aradan qaldırmaqda hökumətin verdiyi vəsaitlər önəmli rol oynasa da biz keçmişdə hərbi qüvvələrin siyasi məkana qoşulmasını, partiyaların silahlı dəstələrlə çulğalaşmasının da şahidi olmuşuq. Ona görə də Azərbaycan reallığında uğur qazanmış şəxslər öz çevrələrində əqidə yaxınlığı ilə seçilən adamlarla partiyalar qura bilərlər.
Lakin partiyalı gələcək haqda heç bir plan qurmadım. Bunu keçilmiş mərhələ sayıram. Bu gün mənim siyasi keçmişimin mövcud olmasını hamıya deməyim artıqdır. Müəyyən qədər bunu keçilmiş mərhələ sayıram. Hazırki palitrada yer alan qüvvələrin resurslarına, elitasına və hədəflərinə toxunmaq istəmirəm, lakin mənim standartlarım tamam fərqlidir. Xalq partiyası və ya ümumrespublika miqyasında təşkilat qurmaq, klassik qaydada lenincəsinə hərəkət edib iddiasını bir qrup üzərindən ifadə etmək 21-ci əsrdə işləmir. Ona görə dərinə getmədən, seçdiyim yolun ayrı müstəvidə olduğunu demək istəyirəm.
– Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsində seçkidən sonra gözlənilən böyük islahatların anonsunu verib. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?

– Ramiz Mehdiyev Azərbaycanın dövlət idarəçiliyində yetərincə böyük təcrübəyə, əvəzsiz xidmətlərə malik olan, zəngin tərcümeyi-halı daşıyan bir şəxsiyyətdir. O, yeni dövrün çağırışlarını və tələblərini düzgün qəbul edən, ona yönəlik professional təfəkkürlə, elmi baxışlarla cavab verməyi bacaran dövlət adamıdır. Ona görə də Ulu Öndərin yüksək siyasi etimadını qazana bilmişdi. Razılaşın ki, dünyanın nəhəng siyasi korifeylərindən biri olan Heydər Əliyev heç kimə layiq olduğundan artıq və ya aşağı qiymət verməzdi.

Dövlətin gələcək siyasi qərarlarını hesablamağa çalışanlar və prezidentin addımlarını elmi-fəlsəfi və ideoloji yöndən əsaslandırmağa cəhd edənlər üçün Administrasiya rəhbərinin hər bir açıqlaması əsil hadisədir, güclü rezonans doğuran manifestdir.

Ona görə də son məqaləyə həssas münasibət başadüşüləndir. Çünki Hökumətin istefaya getdiyi bir dönəmdə verilən yüksək ranqlı dəyərləndirmənin hər bir sətrindən sabahın konturlarını və dəyişiliklərin anonsunu çıxarmağa çalışırlar. Lakin o fundamental təhlilləri oxuyan bir adam kimi bütün köhnə kadrlara müharibə olunduğunu və yeni komandanın yalnız gənclərdən ibarət olacağını deyənlər yanılırlar. Belə ola bilməz. Bu cəmiyyətin, harmoniyanın, xidmətlərin və idarəçilik fəlsəfəsinin ziddinə olardı. Dünya iqtisadi birincisi Çin malik olduğu siyasi quruluş formasına baxmayaraq, elitasını yetərincə yaşlı adamlardan ibarət formalaşdırır. Məgər, səma ölkəsi gənclərə etibar etmir? Yox,söhbət bunda deyil. Gürcüstan tam fərqli miqyasa malikdir, ayrı bir fenomendir və orada uğurlu olan resept bir başqa ölkədə heç bir müsbət nəticə verməz.

Şübhəsiz, ilk növbədə çıxaracağımız nəticə odur ki, hörmətli Ramiz Mehdiyev də prezidentin verdiyi bütün tapşırıqların nöqtə və vergülünə qədər icra olunmasını istəyir.

Yəni,vətəndaşa xidmətin səviyyəsi yüksək olmalıdır, ünvanlılıq təmin edilməlidir, orta həlqələrdə diversiyaya yol verilməməlidir.
2-ci nəticə məsuliyyətlə bağlıdır. Hər bir məmur təmsil olunduğu komandada şəxsi intriqalara bir qurumu qurban verəcəksə, gözləmə mövqeyi tutub yalnız tapşırıq icra edəcəksə, təşəbbüskarlığı boğacaqsa, şəffaflığı, reputasiya təmizliyini, xalqın qarşısına getmək davranışlarını bir kənara qoyacaqsa, onları zamanın çarxı üyüdüb özündən kənara atacaq.

Ötən 3 ildə 4 nazir vəzifəsini itirdi. Onların hər biri çox böyük əzəmətə malik idilər. Lakin zamanı və dəyişən çağırışları hiss etmək, ictimai ruhu duymaq lazımdır. O üzdən dövlət rəhbəri 9 apreldə keçmiş xidmətlərin havasını komanda üzvlərinin başından çıxarmağa çağırdı.

Yeni hökumət quruculuğu ideologiyasının və siyasi mühitin dəyişməsi istəklərinin qarşıdakı dövrdə gücləndirən əlavə səbəb regional faktorlardır. Baxın, Ermənistan qeyri sabitlik zolağına daxil oldu. Qarabağ məsələsi hakimiyyətləri sıxır. Çevik qərarlar vermədən ənənəvi sistemləri qorumaq çətindir.
Ona görə də prezidentin komandası onun özü kimi güclü, çevik və xaqlcanlı olmalıdır. Andiçmə mərasimindən sonra tablo tam aydınlaşacaq və yeni paradiqmanın konturları hamıya bəlli olacaq.

Şərhlər

XƏBƏR LENTİ