SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda pul da qalmayıb, pula həvəs də - “Əhali “qara gün” üçün yığdığını da xərcləyib”

Azərbaycanda pul da qalmayıb, pula həvəs də - “Əhali “qara gün” üçün yığdığını da xərcləyib”

Tarix:

26-05-2021, 10:35

/ 931 dəfə oxundu.
Azərbaycanda pul da qalmayıb, pula həvəs də - “Əhali “qara gün” üçün yığdığını da xərcləyib”

Ötən il Azərbaycanda əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir. Bildirilir ki, il ərzində əhalinin əmanətləri üzrə 5,3% azalma müşahidə edilib.

Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməmiş, əksinə, əhali əmanətlərinin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb.

İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər.

Maraqlıdır ki, bu azalmanın səbəbi nədir? Yığmağa pul yoxdur, yoxsa pandemiya insanlarda sabaha ümid qoymayıb?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda real gəlir də azalıb, nominalvə orta aylıq əməkhaqqında da azalma var, üstəlik depozitlərdən istifadə həcmi artıb:

“İnsanlar “qara gün” üçün yığdığı vəsaitləri belə xərcləməli olublar. Təbii ki, bunun birbaşa pandemiya ilə əlaqəsi var. Çünki pandemiya dövründə insanların işsiz qalması, bir çox sahələrin qapalı olması, gəlirlərin azalması müşahidə edildi ki, bu da yığıma yönələn vəsaitin azalmasına, hətta öncədən yığıma yönəlmiş vəsaitin xərclənməsinə səbəb oldu. Rəsmi rəqəmlərə görə də işsizlik artıb və 7 faizə yaxındır. Pandemiya təsirindən əlavə, 2015-ci ildən - devalvasiyalardan sonra ölkədə əhalinin vəsaitlərində azalma müşahidə olunur.

Sadəcə, pandemiya bunun daha pik nöqtəyə çatmasına səbəb oldu. Heç təsadüfi deyil ki, ÜDM-də 4 faiz azalma var. Bütün bunları cəmləsək, hazırki vəziyyətin yaranması qaçılmaz olur".

Psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, yaranan vəziyyət insanlarda gələcəyə ümidi öldürüb, eyni zamanda inamsızlıq yaranıb:

"Bu vəziyyət təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Pandemiya bütün insanlarda depressiya yaratdı və bu da insanları günlük yaşamağa, planlar qurmamağa, anı yaşamağa fokuslandırdı. Nəticə etibarilə insanlar əlində olan maksimumunu istifadə etməyə başladı. 2020-ci ildə olan gərgin fon insanlarda bu dərəcə psixoloji yerdəyişmə yaratdı. Ötən il insanlar böyük ölçüdə banklarla bağlı problem yaşadı. Çünki qoyduqları pulu götürə, kredit ala bilmirdilər. Bank sektorunda bəlli dalğa yarandı. İnsanların psixoloji olaraq banklara inamı da sarsıldı, onlar bank dönəmini atlatmağa çalışdı. Bütün bunlardan sonra insanlar psixoloji rahatlıq olaraq, əllərində olan maddiyyatı daha çox əmlak, kriptovalyuta kimi şeylərə yatırtmağa çalışacaq. Bu da bank sektoruna mənfi təsir edəcək. Bununla bağlı bank sektoru da dəyişiklikliyə getməyə başlayacaq. Getməyən banklar zamanla psixoloji tezlik qarşısında qalaraq dəyişməyə məcbur olacaq".

Şərhlər

XƏBƏR LENTİ