SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Camaatımız Vilyam Hacıyev kimi pulu evində saxlayır... - ekspert danışır

Camaatımız Vilyam Hacıyev kimi pulu evində saxlayır... - ekspert danışır

Tarix:

12-06-2020, 09:46

/ 1 331 dəfə oxundu.
Camaatımız Vilyam Hacıyev kimi pulu evində saxlayır... - ekspert danışır

Azərbaycanda mart ayından başlayan əhalinin əmanətlərini banklardan çəkməsi prosesi daha da sürətlənib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin 1 may tarixinə əhali tərəfindən ölkə banklarına qoyulmuş əmanətlərin həcmi 7 milyard 758 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz az deməkdir.

Bu ilin aprelin birinə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 251,7 milyon manat, martın 1-nə 8 milyard 694,4 milyon manat olub. Bu isə o deməkdir ki, iki ayda əmanətlərin həcmində 936,4 milyon manat azalma baş verib. Halbuki fevral ayı ərzində bu göstəricidə 105,9 milyon manat artım qeydə alınmışdı.

Qeyd edək ki, aprelin 28-də iki bankın “AtaBank” və “Amrahbank”, mayın 12-də isə “AGBank” və “NBC Bank”ın lisenziyası ləğv olunub. Bu banklarda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Buna baxmayaraq, ekspertlər bankların bağlanmasının əhalidə banklara olan inamın daha da azalmasına gətirib çıxaracağını proqnozlaşdırırlar.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, Azərbaycanda əmanət qoyuluşunun azalması gözlənilən idi: “Buna səbəb olan birinci amil neftin dünya bazar qiymətinin ucuzlaşmasıdır. Əhali əvvəlki acı təcrübəni nəzərə alaraq devalvasiya olacağını düşünür və vəsaitlərini banklardan geri çəkirlər. Az bir qisim manatla olan əmanətlərini dollar çevirib yenidən banka yatırır, amma əksəriyyət, ümumiyyətlə, özündə saxlayır. Əmanətlərin azalmasının digər mühüm səbəbi bankların bağlanmasıdır. Bu amilin əmanətlərə təsiri daha çox may ayında özünü göstərəcək. 680 milyon manat təkcə bu banklarda olan əmanətlərdir. İyundan həmin əmanətlərin geri qaytarılması başlanır, deməli, iyun-iyulda da ölkə üzrə əmanətlərin məbləği azalacaq”.

Ekspertə görə, əmanətlərin azalması bir neçə problemə səbəb ola bilər: “Əvvəla, banklar kreditləri əhalidən əmanət olaraq topladıqları vəsaitlərlə verirlər. Əmanətlər azalırsa, demək, tezliklə kreditləşmədə də azalma müşahidə olunacaq. Postpandemiya dövründə iqtisadiyyatın dirçəlməsi üçün son dərəcə vacib olan kreditləşmənin azalması isə daha böyük problemlərə yol aça bilər. Bundan əlavə, manat əmanətlərinin dollar çevrilməsi prosesi gedir ki, bu da banklar üçün ciddi çətinliklər yaradır”.

Əmanətlərin geri çəkilməsi prosesi ölkədə makroiqtisadi sabitliyə, manatın məzənnəsinin dəyişməyəcəyinə inam yarandıqda dayanacaq: “Əhalidə inam olmalıdır ki, devalvasiya olmayacaq. Digər məsələ əmanətlərin sığortalanması mexanizminə dəyişiklik olunmasıdır. Yalnız fiziki şəxslərin deyil, hüquqi şəxslərin də əmanətlərinin sığortalanması təmin olunmalıdır. Bununla yanaşı, sığorta faizinə də yenidən baxılmalıdır. Ən mühüm məsələ əmanətlərin məzənnə dəyişikliyindən sığortalanmasıdır. Bu olarsa, əhali rahatlıqla öz vəsaitlərini banklara yerləşdirər”.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirir ki, əmanətlərin azalmasına gətirən əsas səbəblərdən biri koronavirus pandemiyasıdır: “Pandemiya iki istiqamətdən təsir göstərir. Birincisi budur ki, əhalinin gəlirləri kəskin azalıb, iş yerləri bağlanıb. Bu şəraitdə əhali məcburdur əmanət qoyduğu vəsaitləri çıxarıb xərcləsin. Pandemiyanın digər təsiri psixolojidir. Adətən belə ümumi təhdid yaradan hallarda insanlar əmlakını-pulunu gözünün qabağında istəyir - onu qorumağa çalışır. Pessimist proqnozların çoxaldığı bir ərəfədə belə yanaşmaların sayı çoxalır. Əmanətlərin azalmasının daha bir səbəbi banklara olan etimadın düşməsidir. Bağlanan banklardan ”AtaBank"ın problemlərinin olduğu, əmanətləri qaytara bilmədiyi ötən ilin payızından məlum idi. Bu isə əhalidə təşvişə səbəb oldu. Hətta bütün əmanətlərin sığortalanması da insanları rahatlatmır. Çünki bank bağlandıqdan ən tezi iki ay sonra əmanətlərin verilməsinə başlanılır. Məsələn, “AtaBank” apreldə bağlanıb, oradakı əmanətləri indi başlayırlar qaytarmağa. Nəhayət, əmanətləri azaldan daha bir məsələ milli valyutaya olan inamsızlıqdır. Mart ayında, xatırlayırsınızsa, böyük dollar ajiotajı yaranmışdı. O zamandan əhali manat əmanətlərini çıxarıb dollara çevirib saxlamağa çalışır. Dollarla əmanətlərin faizi çox aşağı olduğuna görə insanlar buna getməyə lüzum görmürlər. Bütün bunlar isə son nəticədə əmanətlərin sürətlə azalmasını şərtləndirir".

Ekspertin fikrincə, əmanətlərin azalması kreditləşmənin də azalmasına səbəb olur: “Banklar əmanət cəlb etmək üçün məcbur olurlar əmanət faizlərini qaldırsınlar. Yüksək faizlərı cəlb olunan vəsaiti də daha yüksək faizlə kreditləşməyə yönəldirlər. Yəni bu proses zəncirvaridir və bir həlqədə yaranan problem tezliklə digərlərinə də keçir. Düşünürəm ki, əmanətlərin azalması prosesi yaxın aylar ərzində davam edəcək”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ