XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Geriləmənin səbəbləri... - TƏHLİL

Geriləmənin səbəbləri... - TƏHLİL

Geriləmənin səbəbləri... - TƏHLİL
29-03-2021, 09:26

Azərbaycanda bu ilin 2 ayında xarici ticarət dövriyyəsi 4 milyard 400 milyon dollara yaxın olub. Bunun 2,7 milyardı ixracın, qalanı idxalın payina düşür.

Ancaq keçən ilin yanvar-fevral aylarında xarici ticarət dövüyyəsi 5 milyard dollardan çox olmuşdu. Eyni zamanda, bu ilin 2 ayinda Ümumi Daxili Məhsulda (ÜDM) da 3,2 faiz azalma var.

Xarici ticarət dövriyyəsində azalmanın səbəblərini neft amiliylə əlaqələndirənlər də var. Ancaq son aylar “qara qızıl”ın qiymətində artım müşahidə edilib. Bu mənada mövcud vəziyyətdə koronavirus pandemiyası da təsiredici amil kimi xatırlanır...

Bu mövzuda AzadliqRadiosunun suallarına cavab verən iqtisadçı-deputat Vüqar Bayramov isə mövcud azalmaların birbaşa pandemiyanın təsiri ilə bağlı olduğunu söyləyib:

“Pandemiya hər iki makroiqtisadi göstəriciyə təsir göstərdi ”

“Söhbət cari ilin və ötən ilin ilk aylarının müqayisədə dəyişmədən gedir. Nəzərə alın ki, ötən ilin yanvar-fevral aylarında praktik olaraq pandemiyanın ( koronavirus ötən il martın 11-də pandemiya elan edilib) təsirləri yox idi. Koronavirus Azərbaycana mart ayından etibarən təsir etməyə başlayıb. Ona görə o vaxt xarici ticarət dövriyyəsində və Ümumi Daxili Məhsuldakı artım tempini qoruyub saxlamaq mümkün oldu. Amma pandemiya hər iki makroiqtisadi göstəriciyə təsir göstərdi”.

Vüqar Bayramovun sözlərinə görə, xarici ticarət dövriyyəsində pozitiv məqam ondan ibarətdir ki, ümumi ticarət dövriyyəsinin 65 faizini Azərbaycan ixracaatı təşkil edir:

“Neftin qiymətinin...”

“Təbii ki, bu da nəticə etibarıyla ixracaatın idxaldan çox olması və müsbət saldonun həcminin artması anlamına gəlir. Həm də praktik olaraq ixrac Azərbaycanın ümumi ticarət dövriyyəsində dominantlığını qoruyub saxlayır və bu amil müsbət saldonun da qalmasına imkan verir. Neftin qiymətlərinin dünya bazarında bu ilin ilk aylarında artımla müşahidə olunmasına gəlincə, ötən ilin eyni vaxtında da qiymətlər aşağı deyildi, qiymətdə azalmalar martdan başladı. O baxımdan bu da makroiqtisadi göstəricilərə təsir edir”.

Vüqar Bayramov deyib ki, qlobal və Azərbaycan iqtisadiyyatının bu il dəyişməsi birbaşa pandemiyanın hansı dövrü əhatə etməsindən asılı olacaq:

“Azərbaycan hökuməti cari ildə ölkə iqtisadiyyatının 3 faizdən çox artacağını proqnozlaşdırır”

“Çünki pandemiyanın ticarət əlaqələrinə birbaşa təsirləri var. Amma 2021-ci il üçün beynəlxalq maliyyə qurumlarının Azrbaycanla bağlı proqnozları müsbətdir. Belə ki, Azərbaycan hökuməti cari ildə ölkə iqtisadiyyatının 3 faizdən çox artacağını proqnozlaşdırır, Dünya Bankı isə 2 faizə yaxın artım olacağını proqnoz edib. Gələn il üçün isə proqnozlar daha pozitivdir, hətta beynəlxalq maliyyə qurumları 5 faizə yaxın artım olacağını proqnozlaşdırırlar”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Ümumi Daxili Məhsulun azalması iqtisadi fəallığın azalması deməkdir. Onun fikrincə, neftin qiymətlərinin yüksək olmasına baxmayaraq həcm olaraq Azərbaycan ixracatında ciddi azalma var:

“Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi,...”

“Çünki OPEC+ ( Neft İxra Edən Ölkələr Birliyi və başqa dövlətlər neft istehsalının azaldılması ilə bağlı saziş bağlamışdılar) anlaşması çərçivəsində Azərbaycan da öhdəlik götürmüşdü. Ölkənin hasil etdiyi neftin həcminə görə öhdəlik kifayət qədər yüksək idi. Azərbaycan indi də bu öhdəliyini yerinə yetirir. Nəticədə neftdən daxil olan valyutanın həcmi azalır və bu da ticarət dövriyyəsinin zəifləməsinə səbəb olur”

İqtisadçının fikrincə, ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, insanların dolanışıqla bağlı problemlərinin olması idxal məhsullarının da həcminə təsir göstərir:

“Bu da ümumi ticarət dövriyyəsinə təsir göstərən əsas amildir. Ona görə də iqtisadi aktivliyin, ÜDM-nin, neftin həcminin azalması Azərbaycanın makroiqtisadi göstəricilərinə və ticarət dövriyyəsinə mənfi təsir edir”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.