XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır
Bu gün, 11:22

İyulun 20-21-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri baş tutub. Berlin şəhərində Azərbaycan liderinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Olaf Şolts ilə görüşləri olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. 
Prezident İlham Əliyevin Almaniyaya növbəti səfəri, Berlində keçirilən  yüksək səviyyəli görüşləri sübut edir ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir. Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Hal-hazırda Azərbaycanda 200-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. 
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Berlində keçirilən görüşlərdən sonra mətbuata bəyanatında ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. “Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir. "Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər hansı problem yoxdur”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında həm də Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
 Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu.
 
Metin Hüseynov  -  siyasi sərhçi, politoloq
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.