XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Bakıda kərə yağı vannasında çimən şirkət rəhbəri

Bakıda kərə yağı vannasında çimən şirkət rəhbəri

Bakıda kərə yağı vannasında çimən şirkət rəhbəri
25-10-2017, 16:07

Rəsmi qurumlar məsələ ilə maraqlanmağa başlayıblar

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz artıb.
Statistik məlumatlar bunun son 9 il üzrə ən yüksək göstərici olduğunu ortaya çıxarır. Son 21 il ərzində isə inflyasiya göstəricisi bu rəqəmdən yalnız qlobal maliyyə böhranının baş verdiyi 2007-ci və 2008-ci illərdə yüksək olub. Həmin illərdə qiymətlər müvafiq olaraq 16,7% və 20,8% artmışdı.
İndiki bahalaşmanın əsas hərəkətvericisi ərzaq məhsullarıdır və yanvar-sentyabr aylarında ərzaq məhsullarının qiyməti 17,9 faiz qalxıb. Bəzi kütləvi işlədilən ərzaq məhsulları, məsələn kərə yağı bir il ərzində 3 dəfəyə qədər pisləşib. İlin əvvəlindən manatın məzənnəsi xeyli möhkəmləndiyi, dolların qiymətinin 1,92 manatdan 1,7 manata düşdüyü nəzərə alınarsa, bahalaşmanın heç də devalvasiyadan qaynaqlanmadığı ortaya çıxar.
Azərbaycanlıları xərçəng edən əsas məhsul
Çox vaxt bahalaşmanın hansısa inhisarçı şirkətlərin rəhbərlərinin göstərişi ilə baş verdiyini anlamaq olur. Məsələn, bananın kiloqramı ilin əvvəlində 2 manatdan ucuz satılırdısa, yazda qəflətən 3,5 manata qaldırıldı. Təbii ki, 2 manat da banan üçün şişirdilmiş qiymətdir, aparıcı qərb ölkələrində bananın qiyməti 1 manatdan baha deyil. Yaxud Türkiyədə hazırda mandarinin kiloqramının qiyməti 35-40 qəpik arasında dəyişdiyi halda, Azərbaycanda 2 manatdan baha satılır. Təbii ki, burada yol və gömrük xərcləri ilə yanaşı şirkətlərin ticarət marjasını 200-300 faizə qədər qaldırmaq istəyi də rol oynayır. Son nəticədə inflyasiya artıq ikinci ildir ki, iki rəqəmli göstərici ilə qeydə alınır.
Millət vəkili Vahid Əhmədov İstiPress-ə müsahibəsində bütün imkanlardan istifadə edərək ilin sonuna inflyasiyanın bir rəqəmli göstəriciyə endirilməsini vacib sayır:
“Təbii, bunun obyektiv səbəbləri də var. Məsələn, dünya bazarında kərə yağı 2-3 dəfə bahalaşdı, bu, bizim bazara da ciddi təsir etdi. Yaxud avronun məzənnəsi dollara nisbətən qalxdı, bu, dünya bazarında ərzaq qiymətlərini artırdı. Lakin bütün bunlarla yanaşı dövlət inflyasiyanın aşağı salınması istiqamətində addımlar atmalıdır. Əks halda, əhalinin güzəranı daha da pisləşəcək. Lakin bazar iqtisadiyyatına zidd olmayan addımlar atmalıdır. Dövlət yenidən qiymət formalaşdırılması ilə məşğul ola bilməz”.
İqtisadçı ekspert, professor Zahid Məmmədov isə İstiPress-ə müsahibəsində bazar iqtisadiyyatı şəraitində də dövlətin qiymətlərə nəzarət etməsini mümkün sayıb: “Əsas istehlak məhsullarının qiyməti mütəmadi izlənilməlidir və bahalaşma yaradan məhsullar üzrə xüsusi qərar verilməlidir. Məsələn, götürək kərə yağını. Əgər şirkətlər öz mənfəətləri üçün gətirdikləri kərə yağı baha satmağa məcburdurlarsa, bu ticarətə dövlət girişməlidir və birbaşa Yeni Zelandiyi ilə əlaqə qurulmalıdır. Bu, kərə yağın bahalaşma səviyyəsini xeyli aşağı sala bilər”.
Araşdırmalara görə, dünya bazarında kərə yağının kiloqramı 6,5 dollar (11 manat) ətrafında dəyişir. Azərbaycanın bəlkə də yeganə kərə yağı istehsalçısı olan şirkət isə qablaşdırılmış 200 qramlıq məhsulunun kiloqramını 6,9 dollardan (11,7 manatdan) təklif edir. Amma pərakəndə satış bazarında ənənəvi kərə yağın kiloqramının qiyməti 17-19 manat, yəni 10-11,2 dollar ətrfınad dəyişir. Yəni kimlərsə, pərakəndə satışda marjanı 70 faizə qədər qaldırır ki, bu da bazarda ciddi bahalaşmaya yol açır. Dövlətin nəzarəti məhz bu cür əsassız bahalaşma hücumlarının qarşısını almaq üçün vacibdir.
Bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarətin müxtəlif variantları var. Məsələn, İsveçin mərhum baş naziri, vəzifə başında qətlə yetirilmiş iqtisadçı alim Ulof Palme ərzaq məhsullarının son qiymətində ticarət və nəqliyyat sektorunun payının 15%-dən artıq olmamasını, emal müəssisəsinə son qiymətin 15%-inin, kəndli təsərrüfatı isə 70 faizinin çatmasını vacib görürdü.
Zahid Məmmədov isə Azərbaycan üçün qiymətlərə nəzarətin Türkiyə variantını daha məqbul sayır: “Türkiyədə qiymətlərinin şişirdilməsinin qarşısını almaq üçün xüsusi qurum məşğul olur və o, bazarda xüsusi araşdırma apararaq ticarət və xidmət sektoru ilə alıcı arasında məqbul qiymət həddini müəyyən edir. Burda sırf bazar vasitələrindən istifadə olunur. Məsələn, əgər bir nəfər bahalı restoran açaraq inhisarçılıqdan yararlanırsa, dərhal onun yanında bələdiyyə və ya alternativ özəld şirkət eyni xidməti göstərən ucuz restoran açır və s. Məndə olan məlumata görə, Azərbaycanda da tezliklə belə bir qurum fəaliyyətə başlayacaq”.
Əslində, belə qurumun fəaliyyəti bəzi idxal mallarının yerli analoqları ilə əvəzlənməsinə də dəstək ola bilər. Qurum elə siyasət yürüdə bilər ki, eyni mallar istehsal edən yerli şirkətlər bazarı nəzarətə götürə bilər, bahalı xarici malların satılması isə rentabelsiz olar. Nəticədə, həm büdcəyə vergi daxil olmaları artar. Həm də Azərbaycan iqtisadiyyatının şaxələndirmə səviyyəsi qeyri-neft sektorunun çiçəklənməsi hesabına xeyli dərinləşər. Bu həm də xüsusilə regionlarda on minlərlə yeni iş yerinin açılması da demək olar.

İstiPress

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.