SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev

Xalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev

Tarix:

7-06-2023, 17:09

/ 192 dəfə oxundu.
Xalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev

İnsanlıq özünü dərk edəndən ədalətli rəhbər axtarışında olub. Ədalətli rəhbər dedikdə,  şübhəsiz ki, ilk növbədə cəmiyyətin sosial vəziyyətini, yaşayış və inkişafını təmin edəcək şəxs nəzərdə tutulur.
Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi.
9 iyun 1993‑cü il tarixində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi.  
Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.  
Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. 
Bu gün Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
 
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ