SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

Tarix:

26-05-2023, 18:02

/ 225 dəfə oxundu.
Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır

 
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfüz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. 25 may tarixində Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında iştirak etmişdir.
İclasda Respublikamızın rəhbəri söhbət zamanı vurğuladı ki, “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq”.
Prezident İlham Əliyev iştirakçı dövlətlərin başçılarına məlumat verib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü irəli sürülüb. 
Hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi son iki ildə işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. 
Həmçinin iclasda iştirak edən Ermənistanın Baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlərə dövlətimizin başçısı cənab İlham Əliyev dərin diplomatik biliyi və tutarlı arqumentləri ilə layiqli cavab verərək onu aciz duruma saldı: “Paşinyan hələ də Zəngəzur dəhlizinin açılmasına şübhə ilə yanaşır, amma unudur ki, “Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev bu məsələni qısa müddətə reallaşdırdı. Artıq bu, Ermənistan tərəfindən də dəfələrlə təsdiqlənib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Odur ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı canfəşanlıq etməsi əbəsdir, Azərbaycanın yaratdığı reallıq dəyişməzdir. Buna Ermənistanın gücü çatmaz. O ki qaldı Paşinyanın Laçın yolu ilə bağlı səsləndirdiyi iftiralara, bununla da bağlı layiqli cavabını aldı. Prezident İlham Əliyev əsl həqiqəti iştirakçıların diqqətinə çatdırmaqla Paşinyanın iddialarını alt-üst etdi”. 
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. 
Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır.  Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.
 
Aynur Xəlilova - politoloq 
 

Şərhlər

XƏBƏR LENTİ