SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Soçidə görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdı

Soçidə görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdı

Tarix:

4-11-2022, 11:07

/ 279 dəfə oxundu.
Soçidə görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdı

 
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü əsasında Soçidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşün yekunları bir daha təsdiq etdi ki, məğlub ölkənin hansı təklif səsləndirməsindən asılı olmayaraq sülh gündəliyini Azərbaycan müəyyənləşdirir. 

Bu görüş ilk növbədə bir reallığı da hər kəsə bəyan etdi - qalib komandan   İlham Əliyev danışıqlar masasına bir şərtlə oturur ki, nəticədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsipləri prioritet tutulmaqla razılıq əldə edilsin.
Azərbaycan Prezidenti qətiyyətli mövqeyini elə üçtərəfli görüşdən öncə Vladimir Putinlə keçirilən təkbətək görüşdə ortaya qoydu. Qalib komandan bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. 
Görüşün yekununda imzalanan bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz əksini tapdı. Soçi Bəyanatı sülh gündəliyini qalib komandanın müəyyənləşdirdiyini bir daha  təsdiqlədi. Sənədə əsasən tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar.  Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar. Rusiya Federasiyası isə buna hər vasitə ilə köməklik göstərəcəyini təsdiqləyib.
Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Soçidə imzalanan Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu.  Soçi Bəyannaməsi də bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara sadiqlik və eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana bilər.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin lideri Vladimir Putinlə təkbətək, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir. Həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyişlərin olduğu görünməkdədir.
Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu həm də o deməkdir ki, İlham Əliyevin ölkəmizin  milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ