SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Pandemiya ilə qlobal mübarizədə Prezident İlham Əliyevin siyasəti beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb

Pandemiya ilə qlobal mübarizədə Prezident İlham Əliyevin siyasəti beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb

Tarix:

22-12-2022, 15:30

/ 261 dəfə oxundu.
Pandemiya ilə qlobal mübarizədə Prezident İlham Əliyevin siyasəti beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb

Amalı yalnız Azərbaycan xalqının firavanlığını, torpaqlarımızın işğaldan azad edilməsi yolunda çarpışmaq olan dövlət başçımız 2020-ci ildə “görünməz düşmən”lə də mübarizəyə qalxdı. İki il müddətində COVİD-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutan Fəaliyyət Planı hazırlandı. Prezidentin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. 
Prezident İlham Əliyev həmin dövrdə iştirak etdiyi bütün tədbirlərdə insanların sağlamlığının onun üçün vacib olduğunu qeyd etmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”  
Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi, ölkə ərazisində, o cümlədən Abşeron rayonunda modul tipli xəstəxanalar tikildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizə daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, ölkəmizdə həmin dövrdə əhalinin 4 növ vaksin seçimi var idi ki, onların da hər biri effektiv və təhlükəsiz idi. Azərbaycan 2021-ci ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başladı. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdu. Bu günə qədər ölkədə COVID-19-dan əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılmışdı.
Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsünə qarşı etirazını bildirən ölkədir. 2021-ci ildə Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamə qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etdiyini bildirmişdir. Qeyd etmişdir ki, hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. 
Təsadüfi deyil ki, düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanıldl və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldıldı. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı.
Dövlət başçımızın bildirdiyi kimi, həqiqətən Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib: “Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu. Təşəbbüslərimizi dəstəkləyən BMT-nin Baş katibi cənab Antonio Quterreşə və bütün dövlətlərə minnətdarlığımı bildirirəm”.
Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı  narazılığını ifadə edib. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib.
Dövlət başçımız bildirmişdir ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada  pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlandı və BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdik. 
Artıq Azərbaycan pandemiyaya qalib gəldi deyə bilərik.  

Səlim MƏMMƏDOV,
Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ