Avropa İttifaqı - Azərbaycan əməkdaşlığının uğuru

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatlarında Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha bildirmişdir. Ölkə başçısı bu mühüm məqamı diqqətə çatdırıb ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Ölkəmizdə çox gözəl ab-hava vardır. 1995-ci ildən bu günə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiyanın qoyulması təbii ki, Azərbaycanın bugününə və gələcəyinə olan inamdan irəli gəlir.
Bu gün qeyd edə bilərik ki, Azərbaycan bütün hədəflərə nail olub, Cənub Qaz Dəhlizi reallığa çevrilib. «Yeni əsrin müqaviləsi» uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev Litva Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.
Metin Hüseynov – siyasi şəhrçi XalqXeber.Az