XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Rusiyanın müharibə ilə qazandığını əlindən aldılar

Rusiyanın müharibə ilə qazandığını əlindən aldılar

Rusiyanın müharibə ilə qazandığını əlindən aldılar
13-05-2022, 22:36

 
Finlandiya sürətlə NATO-ya doğru irəliləyir və beləliklə, Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir.


“Qış müharibəsi” adlanan SSRİ-Fin müharibəsinin nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail oldular. Ukraynanın işğalı hücumunda da Rusiya eyni ssenarini tətbiq etməyi planlaşdırır: Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və “neytral statusu”na nail olmaq.

Müharibənin ilk mərhələsində - rus qoşunları Kiyev ətrafından çəkilməyənə qədər Ukrayna “neytral status”a razı idi, lakin hazırki mərhələdə daha güclü tərəf kimi görünən rəsmi Kiyevin mövqeyi dəyişib və müharibənin uzunmüddətli olacağı, cənub və şərq bölgələrində rus işğalı genişlənsə belə “neytral status”a nail olmağın çətin perspektivi daha güclüdür.

Və Ukraynada fin ssenarisini təkrarlamaq istəyən Rusiya buna nail ola bilmədiyi kimi, Finlandiyanda “neytral status” üstünlüyündən də məhrum olmaq ərəfəsindədir.

Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün nə deməkdir?

- Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir;

- Finlandiya ilə birlikdə İsveçin də ittifaqa üzvlüyü gündəmdədir: bu reallaşarsa, Rusiya Baltik dənizində NATO ilə tam əhatələnəcək, eyni zamanda, Arktikada da Şimal Alyansı qarşısında mövqeyi zəifləyəcək.

Finlərdən (75 faiz əhali dəstəkləyir) fərqli olaraq, isveçlilər (50 faiz əhali dəstəkləyir) üzvlük məsələsinə daha ehtiyatlı yanaşır: İsveçrə neytral mövqeyini və qlobal danışıqlara ev sahibliyi statusunu qorumaq haqda da düşünür, hərçənd, NATO-nun Rusiyaya qarşı cəbhəni genişləndirmək planı fonunda, eləcə də coğrafi mövqelər baxımından bu iki ölkənin eyni vaxtda qəbul edilməsi qərarının olduğu görünür.

Rusiyanın cavab addımı necə olacaq?

Moskva bəyan edir ki, hərbi-texniki və digər xarakterli cavab addımları atacaq.

Digər addımlara xüsusilə qazın nəqlinin dayandırılması daxildir və məlumatlara görə, Rusiya buna hazırlaşır. Hərçənd, Finlandiya rus qazından imtina edəcəyin açıqlamışdı. Buna səbəb idxal edilən qazın ödənişini rublla etmək istəməməsi idi. Rəsmi Helsinki rus qazını tamamilə əvəz edə bilməsə belə, buna hazırlıqlı olduğunu açıqlayır. Bu o deməkdir ki, Finlandiyaya qarşı “qaz kartı” effektli olmayacaq.

Bu prosesdə əsas sual Rusiyanın “hərbi-texniki” addımının nədən ibarət olacağı, daha doğrusu, bunun nə qədər doğru olmasıdır:

- Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil;

- Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır: iddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib.

Bu amillər Moskvanın xəbərdarlığının daha çox “strateji çəkindirmə” xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd, rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.