SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "KİVDF işi"ndə Əli Həsənovun oğlunun və yeni şəxslərin adları çəkildi

"KİVDF işi"ndə Əli Həsənovun oğlunun və yeni şəxslərin adları çəkildi

Tarix:

20-11-2021, 15:25

/ 575 dəfə oxundu.
"KİVDF işi"ndə Əli Həsənovun oğlunun və yeni şəxslərin adları çəkildi


Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikmiş "Portos" şirkəti Prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olub.

"AzPolitika.info" xəbər verir ki, bunu bu gün - noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şirkətin keçmiş direktoru Nadir Məmmədov deyib.

Xatırladaq ki, N.Məmmədov jurnalist binalarının tikintisi zamanı 16.9 milyon manat yeyintidə suçlanır. O, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərlə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biridir. Lakin 11 nəfərdən yalnız ikisi – Səfərli və Məmmədov həbsdədir, digərləri barəsində istintaq və məhkəmə dövrü üçün başqa növ qətimkan tədbiri seçilib.

Nadir Məmmədov məhkəmədə dindirilərkən deyib ki, Fondun sabiq icraçı direktoru və digərləri ilə əlbir olub, binaların təmir-tikintisində mənimsəmədə iştirakı haqda ittihamda yazılanlar yalandır. Onun sözlərinə görə, şirkətdə maliyyə məsələlərinə Əli Həsənovun oğlu Şamxal Həsənov baxırdı.
"Mənim Vüqar Səfərli ilə qazanc məqsədilə heç bir razılaşmam olmayıb. Kimin kiminlə əlaqəsi var, kim neyləyib, Şamxal Həsənov bilir. Maliyyə məsələlərinə də o baxırdı, suallarınızı da ona verin. Siz elə bilirsiniz biz orada nəsə böyük səlahiyyət sahibi olmuşuq? Biz orada hambal olmuşuq...", – Məmmədov belə deyib. Onun sözlərinə görə, jurnalistlərin binalarının tikildiyi ərazi sürüşmə zonasıdır. Ona görə də binanın dayaqları inşa edilərkən üç qat artıq torpaq və başqa materiallardan istifadə olunub.


Keçmiş direktor deyib ki, "Portos" şirkəti ikinci binanın tikintisində 3.2 milyon manat ziyana düşüb. Buna baxmayaraq, o binada da tikinti normalarına riayət olunub, lift, divar kağızı və s. materialların keyfiyyətli və daha baha olanından istifadə edilib. "Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm", - təqsirləndirilən N.Məmmədov vurğulayıb.

Jurnalistlər üçün binaların tikintisi zamanı 17 milyona yaxın vəsaitin yeyintisi ittihamı üzrə məhkəmə araşdırmaları davam edir. Bu cinayət işi üzrə məhkəmə prosesinin əvvəlində vəkillər vəsatət qaldırmışdı ki, Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyeva əlavə şahid qismində dindirilsin. Lakin bu vəsatət baxılmamış saxlanmışdı.

Xatırladaq ki, ötən prosesdə "Portos"MMC-nin keçmiş direktoru Ədalət Vəliyev bildirmişdi ki, dəyən zərərin ödənilməsi üçün istintaqa 1 milyon manat nağd pul, 32 milyon manat dəyərində olan əmlak verilib. Özü haqqında danışan Vəliyev oxuyub-yaza bilmədiyini, MMC-də aylıq 500 manata işlədiyini, işinin kağızlara qol çəkmək olduğunu, direktor təyin olunmasından sonralar xəbər tutduğunu qeyd edib.

"AzPolitika.info"nun əldə etdiyi məlumata görə, Ədalət Vəliyev Əli Həsənovun bacanağıdır. Məhkəmə açıqlanan faktlardan məlum olur ki, Ə.Vəliyev keçmiş şöbə müdiri tərəfindən "Portos"a formal olaraq direktor təyin edilib. Bütün maliyyə məsələlərinə (oxu korrupsiya əməliyyatlarına-red.) bilavasitə özü və oğlu Şamxal Həsənov rəhbərlik edib. İstintaqa təqdim olunan 1 milyon manat pul və 32 milyon dəyərində olan əmlak da sabiq şöbə müdirinin korrupsiya yolu ilə qazandığı sərvətin kiçik bir hissəsidir.

Şərhlər

XƏBƏR LENTİ