SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident Yevlaxda keçirdiyi müşavirədə mühüm mesajlar verdi

Prezident Yevlaxda keçirdiyi müşavirədə mühüm mesajlar verdi

Tarix:

18-04-2017, 09:43

/ 42 076 dəfə oxundu.
Prezident Yevlaxda keçirdiyi müşavirədə mühüm mesajlar verdi

Aprelin 17-də Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev mühüm mesajlar verib. Dövlət başçısı cari ilin birinci rübündə ölkəmizdə əldə edilən uğurlara toxunaraq deyib: “Bu ilin göstəriciləri çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib”.
Dövlət başçısı bildirib ki, bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb: "Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik".
“Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq” - deyə prezident qeyd edib.
Dövlət başçısı həmçinin deyib: “Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir. Bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik”.
Prezident qeyd edib ki, bunun müxtəlif yolları var: “İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur. Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən, ilk növbədə, qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var. Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla, bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Ona görə bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu, yoxdur. Ancaq bir daha demək istəyirəm ki, biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci belə təcrübə var. Artıq burada çıxışlarda da səsləndi. Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar”.
“Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir” - deyə, prezident bildirib: “İxracatda isə biz bunu hələ ki deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.
Prezident İlham Əliyev regional inkişaf proqramlarının icrasının öz gözəl nəticələrini verdiyini, minlərlə yeni müəssisənin yaradıldığını vurğulayıb. Dövlətimizin başçısı bir milyon 700 min yeni iş yerinin açıldığını, onların bir milyon 300 mininin daimi iş yeri olduğunu bildirib.
Bu il fermerlərə təxminən 150 min hektar yeni suvarılan torpağın təhvil veriləcəyini diqqətə çatdıran prezident deyib: “Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir.
“Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir" - prezident bildirib: “Mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır. Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilibdir və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, subsidiyalar verilir. Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir”.
Azərbaycan prezidenti 2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsulları açıqlayıb: “Birinci yerdə fındıqdır. Bu məhsul ölkəmizə 105 milyon valyuta gətirib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda bu il badam bağlarının salınmasına başlanılıb. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var. Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıq qərarlaşıb. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik. Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var. Bu gün müşavirənin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri sahibkarların suallarına cavab verəcəklər və bu məsələləri daha da geniş işıqlandıracaq”.
“Turizmə ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq” - deyə prezident bildirib.

Şərhlər

XƏBƏR LENTİ