XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Azərbaycanın ixracında İtaliya birinci yerdədir

Azərbaycanın ixracında İtaliya birinci yerdədir

Azərbaycanın ixracında İtaliya birinci yerdədir
17-11-2017, 09:56

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17221,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11044,1 milyon dollar, idxalın dəyəri 6177,6 milyon dollar təşkil edib.
Nəticədə 4866,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,2 faiz artıb, real ifadədə isə 11,9 faiz, o cümlədən ixrac 8,3 faiz, idxal 17,6 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın dəyərinin 22,2 faizi İtaliyaya, 13,1 faizi Türkiyəyə, 5,4 faizi Çinə, 4,8 faizi Rusiyaya, 4,6 faizi İsrailə, hər biri 4,3 faiz olmaqla Gürcüstan və Çexiyaya, 4,2 faizi Portuqaliyaya, 4,1 faizi Almaniyaya, 3,7 faizi Kanadaya, hər biri 3,3 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), qalan 22,7 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 16,9 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 9,9 faizi ABŞ-ın, 9,7 faizi Çinin, 5,1 faizi Ukraynanın, 4,6 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, hər biri 2,8 faiz olmaqla Birləşmiş Krallıq və İranın, 2,6 faizi Braziliyanın, 2,0 faizi Norveçin, 1,6 faizi Fransanın, 23,8 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-sentyabr aylarında 1069,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 26,9 faiz, real ifadədə isə 24,4 faiz çoxdur.
2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 94,5 faiz, təzə meyvə – 30,6 faiz, kartof – 50,7 faiz, tütün – 82,2 faiz, bitki yağları – 13,6 faiz, çay – 51,2 faiz, meyvə və tərəvəz şirələri – 68,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 75,0 faiz, meyvə və tərəvəz konservləri – 11,0 faiz, pambıq lifi – 6,4 dəfə, bentonit gili – 3,7 dəfə artıb, şəkər ixracı isə 41,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,6 faiz, polietilen – 7,0 faiz, emal olunmamış alüminium – 29,6 faiz, qara metallardan borular – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 31,3 faiz, pambıq ipliyi – 32,6 faiz azalıb.
2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 5,6 faiz, çay – 10,8 faiz, quş əti və onun əlavə məhsulları – 40,9 faiz, mal əti – 99,4 faiz, polad prokatı – 10,2 faiz, minik avtomobilləri – 70,6 faiz, hesablama maşınları, blok və qurğuları – 62,0 faiz, qara metallardan çubuqlar – 22,5 faiz, mebel – 2,3 dəfə, rezin şinlər – 32,4 faiz, mineral gübrələr – 2,1 dəfə, məişət kondisionerləri – 23,5 faiz, qara metallardan künclüklər ¬– 34,0 faiz, paltaryuyan maşınlar – 69,0 faiz, yük avtomobilləri – 76,8 faiz, avtobuslar – 2,3 dəfə artıb, buğda idxalı isə 33,4 faiz, xam şəkər və şəkər – 16,4 faiz, bitki yağları – 5,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,8 faiz, kartof – 5,5 faiz, təzə tərəvəz – 44,3 faiz, qara metallardan borular – 58,6 faiz, polietilen – 17,4 faiz, sement və sement klinkerləri – 93,5 faiz, məişət soyuducuları – 23,8 faiz azalıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.