SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “MTN işi” Eldar Mahmudovun dirijorluğu ilə keçir

“MTN işi” Eldar Mahmudovun dirijorluğu ilə keçir

Tarix:

16-08-2017, 10:39

/ 59 444 dəfə oxundu.
“MTN işi” Eldar Mahmudovun dirijorluğu ilə keçir

Sabiq MTN rəhbəri barədə xüsusi qərardadın taleyi bilindi

Milli Təhlükəsizlik Nazirliyinin bir qurum olaraq ləğvi ilə sonuclanan prosesin başlamasından 2 ilə yaxın müddət keçir.

2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlanan proses bu gün məhkəmə müstəvisində davam edir. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısındadırlar. Sabiq nazirin özü isə istintaqdan, məhkəmədən kənardır. Prosesi izləyənlərdə məntiqi sonluğun baş verməyəcəyinə əminlik hər gün artmaqdır. Müşahidələr də göstərir ki, bu əminliyin formalaşmasını şərtləndirən amillər illüziya deyil, tam bir gerçəklikdir.

Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumaq gücündədir. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərini hələ də idarə edir, onlara təsir imkanları saxlayır.
Görünən budur ki, “MTN işi” üzrə məhkəmə prosesləri belə sabiq nazirin “drijorluğu” ilə keçir.

Eldar Mahmudov məhkəmədə sanki hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanıb.

Nüanslara diqqət edək.

10 iyul Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.

Stop!

Belə bir qərardadın çıxarılmasına əslində heç bir zərurətin olmamasını E.Mahmudov və M.Şıxəliyev haqda kifayət qədər ciddi ittihamların, faktların ortada olması sübut edir. Başqa sözlə desək, E.Mahmudovun ətrafını məhkəmənin xüsusi qərardadı ilə həbs etməyiblər. Əməliyyat keçirilib və onun ətrafında olanlar həbsə alınıblar.

Qayıdaq sabiq nazirin məhkəmələrdə arxasını hakimlərə çevirmiş şəkildə görünən nataraz seluetinin sezilməsinə.
İyulun 10-da V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərlərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, A.Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi.

O, üstüörtülü, işarəli, göz-qaşlı, şəhadət barmağını yuxarı qaldıraraq fikirlərini izah etmək taktikasını hər şeyi olduğu kimi çılpaqlığı ilə danışmaq taktikasına güzəştə getmişdi.

Dedikləri də bir anın içində günün 1 nömrəli mövzusuna çevrilib hakimiyyəti silkələdi.

MTN işi üzrə zərərçəkənlərdən olan “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovla bağlı epizod “mahmudovçu” general üçün bildikləri mübhəmləri ortaya tökmək meydana çevrildi.

İttihama görə Çovdarov hədə-qorxu ilə Tağı Əhmədovdan 3 milyon pul alıb. Akif Çovdarov Tağı Əhmədov epizodu üzrə iyulun 10-na qədər keçirilən proseslərdə ümumi danışırdı. Məsələn, iyunun 21-də keçirilən prosesdə T.Əhmədov ifadə vermiş, bundan sonra A.Çovdarov ona yönəlik fikirlərini açıqlamışdı.

Sitat: “Tağı Əhmədov, düz danış. Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də olsun ki, səninlə aramda telefon danışığı olmayıb”.

Bundan sonra hakim T.Əhmədova prosesdən uzaqlaşmağa şərait yaratmışdı. Və ümumi fikirlərlə proses davam etmişdi.

E.Mahmudovun barəsində məhkəmə xüsusi qərardad çıxarandan sonra isə A.Çovdarov Tağı Əhmədov epizodu üzrə olduqca sensasion fikirlər açıqladı. Bu iyulun 12-nə keçirilən prosesə təsadüf etdi.

Sitat:

“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.
MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov iyulun 12-də məhkəməsində bunları dedi və dayanmadı.

Sitat:

“Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə... Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan ”Bakı Metropoliteni"nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki, adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi".

A.Çovdarovun bundan sonra dedikləri T.Əhmədovun çoxsaylı, qiyməti milyonlarla ölçülən mal-mülkündən, övladını Xarici İşlər Nazirliyinə yerləşdirib onun vasitəsi ilə ölkədən pul çıxarması və s. haqda oldu.

Ən ilginc məqam isə A.Çovdarovun dilindən söylənən bu fikirlər idi.

Sitat:

“Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.

A.Çovdarov bu fikirləri T.Əhmədovla bağlı epizod üzrə keçirilən əvvəlki proseslərdə deyə bilərdi. Amma danışmırdı. Çünki onun keçmiş şefinin ayağını tapdayan yox idi. İyulun 10-da çıxarılan xüsusi qərardad da əslində ayaq tapdamaq deyildi. Ayaq tapdamağa hazırlıq idi. A.Çovdarovun ifasında verilən qarşılıqdan sonra hazırlığa qərar verənlərin peşman olması da istisna deyil. Xüsusi qərardadın taleyi isə verilən andan bəllidir - arxivə göndəriləcək.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ