XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Eldar Mahmudovun rütbəsi geri alınır? - Açıqlama

Eldar Mahmudovun rütbəsi geri alınır? - Açıqlama

Eldar Mahmudovun rütbəsi geri alınır? - Açıqlama
12-07-2017, 16:10

Eldar Mahmudovun rütbəsi ancaq məhkəmə yolu ilə alına bilər. Cinayət işinin açılması isə hələ cinayətin sübut olunması demək deyil.

Bu sözləri hüquqşünas, professor Fərhad Mehdiyev haqqında cinayət işinin başlanması barədə məhkəmə tərəfindən qərar çıxarılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan general-polkovnik rütbəsinin geri alınması ehtimalından danışarkən deyib.

F.Mehdiyevin sözlərinə görə, rütbənin alınmasına cinayətin təsdiqindən sonra baxıla bilər:

“Sabiq nazir Eldar Mahmudovun rütbəsi ancaq prezident tərəfindən geri götürülə bilər. Ümumilikdə isə rütbə onu verən orqan tərəfindən ancaq qanunda göstərilən şərtlər, nöqsanlar meydana gəldiyi zaman geri alına bilir. Əgər rütbənin verilməsi halında rütbəni daşıyan şəxs müvafiq halları gizlədibsə, qeyri-qanuni fəaliyyətlə məşğul olubsa, onda bu cür rütbənin geri alınması da rütbəni verən orqanın səlahiyyətləri daxilindədir”.

Hüquqşünas qeyd edib ki, belə hallarda məhkəmə hökmünü gözləmək mütləqdir:

“Təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Yəni məhkəmə qərarı olmadan heç kəs cinayətkar sayıla bilməz. Məhkəmə qərarı bir şəxsin cinayət əməlini sübut edildikdən sonra bu əsas verə bilər ki, həmin şəxsin rütbəsi geri alınsın”.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərar çıxarıb. MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb.

Məhkəmə sabiq nazir Eldar Mahmudov barəsində cinayət işinin başlanması haqda qərar çıxararaq, Baş Prokurorluğa göndərib.

Axar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.