SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vidadi Zeynalov işində sensasion faktlar: “Bu şahid nazirlikdə 5-ci təkərdir”

Vidadi Zeynalov işində sensasion faktlar: “Bu şahid nazirlikdə 5-ci təkərdir”

Tarix:

19-01-2017, 00:26

/ 2 842 dəfə oxundu.
Vidadi Zeynalov işində sensasion faktlar: “Bu şahid nazirlikdə 5-ci təkərdir”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rabitə işi davam etdirilib

Məhkəməyə ezam olunmuş müxbirimizin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses vaxtında 40 dəqiqə gec başlayıb.

Təqsirləndirilən şəxslərin vəkilləri iclasın təyin olunduğu vaxtda məhkəmə zalına gəlsələr də, prosesin gec başlanmasına səbəb şahidlərin olmaması ilə izah edilib.

Təxminən 40 dəqiqə prosesdə gecikmə olandan sonra təqsirləndirilən şəxslər konvoyun müşayəti ilə zala verilib. İlk olaraq təqsirləndirilən Vidadi Zeynalov, daha sonra Məhəmməd Məmmədov və digər təqsirləndirilən şəxslər zala gətirilib.

Hakimlər zala daxil olandan sonra ilk olaraq şahid qismində Faiq Hümbətov ifadə verib. O bildirib, “Aztelekom” MMC-nin Şamaxı qovşağında rəis işləyib: “İstintaqa ifadəmi vermişəm, həmin ifadəmi də təsdiqləyirəm”.

Məhkəmədə ifadə verən şahid bildirib ki, 2012-ci ildən sonra iki kəndə rabitə işləri görülüb: “Görülməli işlər üçün 80 min manat alınıb. Həmin pullarda işlərə sərf olunub. Bu məbləğ nə puldur ki, mənə də qalsın, bizə qalan yeyib-içmək olub. Amma pul qalsaydı yaxşı olardı”.

Daha sonra şahid Faiq Hümbətov dövlət ittihamçısı Fərid Nağıyevin sullarını cavablandırıb:

-Katrovka işlərinin görülməsi ilə bağlı nə deyə bilərsiz?

-2012-ci ildən sonra iki kəndə iş aparmışıq. Buda katrovka işləri ilə bağlı olub.

-Materialların alınması üçün qiymətlərlə bağlı nə deyə bilərsiz?

-Qiymətləri bazara uyğun almışıq.

-Qiymətlər hansı məbləğdə göstərilib?

-Materialların qiymətləri ümumi göstərilib.

-Sizin qohumunuzun katrovkada qalib gəlməsi ilə bağlı nə deyə bilərsiz?

Dövlət ittihamçısının şahidə verdiyi bu suala Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov etiraz edib. Bildirib ki, şahidə belə sualın verilməsi düzgün deyil.

Hakim vəkilin etirazını qəbul edib və şahidə dövlət ittihamçısının verdiyi sonuncu sualı çıxarıb. Bu səbəbdən şahid dövlət ittihamçısının həmin sualına cavab verməyib.

Daha sonra dövlət ittihamçısı şahidə suallar verməkdə davam edib:

-İşlər görüləndən sonra qalan pulu geri qaytarırdız?

-Pul qalmırdı, qalan pula qonaqlıq verirdik.

-Qovşağa 80 min manat ayırılıb, həmin puldan sizə qalmayıb?

-80 min manat pul ayrılıb, həmin pula işlər görülüb.Bu məbləğ görülən işlərin yanında nə idi ki, mənə də nə qalsın.

-Puldan qalıq qalsaydı götürərdiz?

-Amma qalsaydı yaxşı olardı.

Bu zaman Vidadi Zeynalovun vəkili prokurorun sual verməsinə yenə də müdaxilə edib:

-Bu şahid nazirliyin işçiləri arasında 5-ci təkərdir.

Hakim:

-Təkəri qoyun bir kənara, sualları verin.

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər var.

Prokuror şahidin istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib.Prokurorun vəsatəti hakimlər tərəfindən müsbət qarşılanıb və Faiq Hümbətovun istintaqa verdiyi ifadəsi elan edilib.

Faiq Hümbətov istintaqa verdiyi ifadəsində göstərib ki, 2005-ci ildən Şamaxı Telekommunikasiya qovşağının rəisi vəzifəsində işləyib:

“Şamaxı Telekommunikasiya qovşağı rayon ərazisində telefon, rabitə və internet xidmətlərinin göstərilməsi ilə məşğul olub.Qovşağın tabeliyində 28 EATS fəaliyyət göstərib.Qovşağının baş mühasibi Şakir Həzrətəliyev, baş mühəndis isə Gülmurad Qocayev olublar.

Şamaxı rayonu üzrə rabitə xidmətlərindən toplanmış vəsaitlər Şamaxı TKQ-nın hesabına köçürülüb.Qovşağın “Kapital Bank” ASC-nin və “Azəpoçt” MMC-nin Şamaxı filiallarında bank hesabları olub.Şamaxı TKQ təsərrüfat hesablı olmaqla, aylıq dövriyyəsi 70.000-80.000 manat təşkil edib.

Toplanmış vəsait hesabına işçilərin əmək haqqı, vergi, DSMF və digər xərclər ödənilmiş, ay ərzində 600-700 manat yanaçağa sərf olunub. 15 fevral 2012-ci ildə Şamaxı rayonu Qonaqkənd kəndində yerləşən sakinlərin telefon xətti ilə təmin edilməsi və kəndin ərazisində 128 nömrəlik EATS inşa edilməsi məqsədi ilə “Aztelekom” MMC-dən Şamaxı TKQ-nın “Kapital bank” ASC-nin Şamaxı filialında olan bank hesabına 43.300 manat vəsait daxil olub.

Köçürülmüş vəsait hesabına Cabanı və Qonaqkənd arasında 5,5 kilomtrlik fiber optik markalı kabel çəkilib, Qonaqkənd kəndində EATS binası inşa edilib. Vəsaitin ayrılmasına səbəb həmin kənd sakinlərinin çoxsaylı şikayətləri əsasında həyata keçirilib.

İşlərin görülməsi “Aztelekom” MMC-nin 12 fevral 2012-ci il tarixli MİŞ/investisiya 97/952 məktubu əsasında icra edilib. Köçürülmüş vəsait hesabına Şamaxı TKQ-da katirovka sorğusu keçirilib və “Bəhrin” MMC qalib gəldiyi üçün işlərin icrası ona həvalə edilib.

Şahid daha sonra istintaqa verdiyi ifadəsində göstərib ki, həmçinin 17 avqust 2012-ci ildə Şamaxı şəhərində yeni idman komplaksinin tikinti ərazisində istifadədə olan FO-8 markalı iki ədəd fiber optik kabelin çıxarılması məqsədi ilə “Aztelekom” MMC-dən Şamaxı TKQ-nın hesabına 42.300 manat vəsait ayrılıb: “İşlərin görülməsi ilə əlaqədar Telekomnikasiya Qovşağında kotirovka sorğusu keçirilib və “Bəhrin” MMC qalib gələrək işləri icra edib. 2 may 2014-cü ildə Şamaxı Telekomnikasiya Qovşağının təmiri ilə əlaqədar “Aztelekom” MMC-dən Şamaxı TKQ-nın bank hesabına 42.300 manat vəsait köçürülüb.

Telekommunikasiya Qovşağının təmiri üçün vəsaitin ayrılmasının səbəb 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun Şamaxı sakinləri ilə görüşməsi olub.Həmin işlərin görülməsi də katirovka sorğusu əsasında “Bəhrin” MMC-yə həvalə edilib, həmin cəmiyyətin müdiri Nadir Qayıbov olub.

2015-ci ildə “Aztelekom” MMC-nin hesabından Şamaxı TKQ-nın hesabına 41.383,95 manat vəsait köçürülüb.“Aztelekom” MMC-dən köçürüləcək vəsait barədə Cəmiyyətin baş mühasibi Oktay Rüstəmov əvvəlcədən qovşağın baş mühasibinə zəng edərək məlumat verib və hansı işlə əlaqədar köçürüldüyünü deyib.

“Aztelekom” MMC-də müəyyənləşdirilmiş qaydaya əsasən Telekommunikasiya qovşaqları üçün zəruri olan rabitə kabelləri bir qovşaq tərəfindən alınaraq digərlərinə paylanıb.

Kabel alınması üçün “Virqo” MMC ilə katirovka müqaviləsi bağlayıbvə katirovka sorğusu keçirərək 41.383,95 manat vəsaiti həmin cəmiyyətin hesabına köçürüb.“Aztelekom” MMC-nin təchizat şöbəsinin əməkdaşı Əzimə adlı qadın əvvəlcədən “Virqo” MMC tərəfindən onlara rabitə kabeli veriləcəyini, onunla müqavilə bağlamaq lazım olduğunu bildirib.

Müqavilə Şamaxı TKQ ilə “Virqo” MMC-nin arasında bağlanmasına baxmayaraq həmin MMC-nin rəhbərliyini görməyib və kimliyi barədə məlumatı olmayıb.

Təchizat şöbəsinin müdiri Yaqub Cəfərov ”Virqo” MMC tərəfindən imzalanmış və möhürlənmiş müqavilələri mənə göndərib, sifarişçi kimi həmin müqaviləni imzalayaraq, təsdiq etmişəm. “Bəhrin” MMC-nin direktoru Nadir Qayıbov qohumumdur.Sonuncu işləri vaxtında, dəqiq və ucuz qiymətə gördüyünə görə katirovka sorğularında o qalib elan olunub”.

Şahid həmçinin istintaqa verdiyi ifadəsində qeyd edib ki, görülən işlərin ayrılması üçün vəsaitdən ona 3 min manat qalıb və həmin məbləği xərcləyib.

İfadəsini təsdiqləyən şahid Faiq Hümbətov qeyd edib ki, qeyd olunan məbləğdə pul ona qalıb və həmin məbləği sonradan istintaqa ödəyib.

Daha sonra şahid Yaqub Cəfərov ifadə verib. Bildirib ki, “Aztelekom”da təchizat şöbəsinin rəisi işləyib: “Malların alınması ilə bağlı suallar verilib. Cavab olaraq bildirmişəm ki, qovşaqların özləri qanun qayda ilə katirovka işləri görüblər, bizdə işlərinə nəzarət etmişik”.

Sonra Yaqub Cəfərov Vidadi Zeynalovun vəkili Bəylər Məmişovun suallarını cavablandırıb:

-İşlərin görülməsi üçün mal-materialları haradan alıbsız?

-Tenderi udan “Virqo” MMC xaricdən materialları gətirib.

-Tenderler necə elan edilib?

-“AZtelekom” MMC tenderləri elan edirdi, nazirlikdə nəzarət edirdi.

-“Virqo” MMC-nin sahibi kimdir?

-Seymur Quluzadə olub.

-Seymur Quluzadəni tanıyırsız?

-Bəli.

-Seymur Quluzadə nazirlikdə kimin adamı olub?

-Xəbərim olmayıb.

Şahid daha sonra digər suallara cavab verən zaman bildirib ki, kotirovka işlərinin görülməsini qovşaqlar həyata keçirib, baş idarədə buna nəzarət edib.

Bu zaman arayış verən Məhəmməd Məmmədov bildirib ki, Yaqub Cəfərov rayon qovşaqlarının keçirdiyi kotirovkalar da iştirak etməyib: “Yaqub Cəfərov nazirliyin keçirdiyi 3-5 milyon manatlıq tenderlerdə iştirak edib. Lakin qovşaqlarda keçirilən kotirovkalarda iştirak etməyib.Misal üçün Lerikə 100 metr, Əlibayramlıya 50 metr kabel lazım olub.Bununla bağlı həmin qovşaqlarda kotirovka keçirilib.Avadınlıqlar baş idarənin təchiatın saxlancına daxil olub, lazımı səviyyədə hazırlandıqdan sonra adiyyatı rayona göndərilib.Bununla bağlı göstərişi də mən vermişəm.Bununla bağlı da rayon qovşaqlarına rəsmi məktub da ünvanlamışam”.

Digər Ədalət Hüseynov bildirib ki, Qazax filialınln müdiri işləyib: “Baş idarə kotirovkaları keçirirdi, işləridə görürdü. Bu işlərin bizə adiyyatə yoxdur”.

Başqa bir şahid Səbuhi Hüseynov ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib. Prokurorun suallarını cavab verən şahid bildirib ki, qovşağa ayrılan pullardan “Aztelekom” MMC-nin hesabına ödəmələr olmayıb.

Şahidin məhkəmədəki ifadəsi ibtidai istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil edib.

Buna görə də prokuror onun ifadəsini elan edib.Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirilib ki, “Aztelekom”un hesabına ayda 5 min manat pul ödənilirdi. “Bu, abunəçilərdən yığılan pullar idi”.

Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alınmasını təsdiq edib. O qeyd edib ki, bu, kredit pulları idi:

“Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı.Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay pul ödəyirdi.Bununla bağlı qovşaqlara rəsmi məktub göndərmişdi”.

Şahid Hafiz Qurbanov deyib ki, Goranboy rayon telefon qovşağının rəisi vəzifəsində işləyir. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. Daha sonra hakimlər məhkəməyə gəlməyən digər şahidlərin məcburi gətirilməsi haqqında qərar verib.

Proses yanvarın 25-də davam edəcək.Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMCo-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib

Şərhlər

XƏBƏR LENTİ