SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mərhum nazirin yerinə təyinat nə vaxt reallaşacaq?

Mərhum nazirin yerinə təyinat nə vaxt reallaşacaq?

Tarix:

29-06-2018, 12:45

/ 2 121 dəfə oxundu.
Mərhum nazirin yerinə təyinat nə vaxt reallaşacaq?

Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalov iyunun 23-də vəfat edib. Mərhum nazir həmin gün İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib və bir gün sonra Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

İndi əsas müzakirə mövzularından biri yeni nazirin kim olacağı və nə vaxt təyin ediləcəyidir. Qaynarinfo-ya verilən məlumata görə, yeni nazirin təyinatı yaxın günlərdə reallaşmayacaq. Belə ki, təyinat Yavər Camalovun 40 mərasimi keçiriləndən sonra baş tutacaq. Bu isə o deməkdir ki, yeni nazirin təyinatı avqustun əvvəllərinə qədər edilməyəcək.

Təyinatın mərhumun 40 mərasimindən sonraya saxlanması onun ruhuna hörmət əlamətidir. Analoji vəziyyət energetika naziri Natiq Əliyevin vəfatından sonra da baş vermişdi. Natiq Əliyev 2017-ci ilin 9 iyununda vəfat etmiş, onun yerinə təyinat təxminən 4 ay sonra - 12 oktyabrda edilmiş və Pərviz Şahbazov bu posta təyin olunmuşdu.

Yeni müdafiə sənayesi nazirinin kimliyinə gəlincə, bu barədə heç bir məlumat verilmir. Yavər Camalov qəfildən vəfat etdiyindən hələlik bu posta real namizəd yoxdur.

Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə "Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003–2006-cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib. Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

Şərhlər

XƏBƏR LENTİ