SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Təhsil naziri kim olmalıdır? – Nərgiz Paşayeva, Hamlet İsaxanlı, Altay Göyüşov…

Təhsil naziri kim olmalıdır? – Nərgiz Paşayeva, Hamlet İsaxanlı, Altay Göyüşov…

Tarix:

20-12-2017, 10:21

/ 2 669 dəfə oxundu.
Təhsil naziri kim olmalıdır? – Nərgiz Paşayeva, Hamlet İsaxanlı, Altay Göyüşov…

Dekabrın 4-ü gözlənilmədən iki nazir vəzifəsindən azad edildi.

Belə ki, prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri, Fazil Məmmədovun isə vergiləri naziri vəzifəsindən azad edilmələri haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Artıq iki həftədən çoxdur ki, təhsil naziri postu boşdur. İnsanlar tərəfindən isə müxtəlif versiyalar səsləndirilir. Elə bu məqsədlə sorğu keçirdik. “Təhsil naziri kim olmalıdır?” sualına cavab axtardıq.

İdman jurnalisti Zaur Xudiyev şəxsin kimliyinin elə də əhəmiyyət kəsb etmədiyini dedi:

“Qəliz məsələdir. Belə deyim də, ölkədə bir sistem var və kimliyindən asılı olmayaraq, istənilən vəzifəyə təyin olunanlar bu sistemin qaydaları ilə işləyirlər. Ona görə də şəxslərin o qədər önəmli olmadığını düşünürəm. Misir Mərdanovdan sonra Mikayıl Cabbarov təyin olunanda xaricdə təhsil alan, gənc, müasir şəxs olduğu üçün onunla bağlı yüksək gözləntilər var idi. Doğrudur, Cabbarov müəyyən islahatlar da elədi, ölkədə kurikulum təhsil sisteminə keçildi, dərs proqramı yeniləndi və s. Ancaq tam uğurlu və ideal vəziyyət olduğunu demək olmaz. Yeni gələcək nazir bu hazır vəziyyəti davam etdirib, təkmilləşdirməyə çalışsa, lap yaxşı, yox əgər o da yeni qaydalarla gələcəksə, çox çətin olacaq. Ona görə də dediyim kimi, şəxslərin kim olması önəmli deyil, əsas olan hansı işi görəcəyidir. Çünki təhsil bizim üçün ən həssas yanaşmalı olduğumuz sahədi və hər şeyin təməli ordan başlayır”.

Filosof, fəlsəfə elmləri namizədi Müşfiq Şükürov Xəzər Universitetinin direktoru, professor Hamlet İsaxanlının namizədliyindən yanadır:

“Əslində kiminsə olmasının heç mənası yoxdur. Amma bir halda ki, ad istəyirsiniz, Hamlet İsaxanlını görmək istərdim. Ölkənin ən yaxşı özəl universitetini qurdu. Təhsilin fəlsəfəsinə öz baxışı var”.

Tərcüməçi İlkin Əlisoy Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Atlay Göyüşovu bu posta layiq gördü:

“Fantaziya kimi səslənsə də, Altay Göyüşovu görmək istərdim. Savadı, bilikləri, təhsil təcrübəsi ilə yanaşı, şəxsi keyfiyyətləri də çox yüksəkdir. Mühazirə oxumaq, suallara cavab vermək tərzini çox bəyənirəm. Bir sözlə, maraqlı insandır. Məncə, bu vəzifənin öhdəsindən gələ bilər. Amma dediyim ki, bu sadəcə bir fantaziyadır”.

Jurnalist Günel Əbilova hesab edir ki, kimin olmasının önəmi yoxdur, əsas odur sabiq nazirin vəzifəsini layiqincə davam etdirsin:

“Sabiq təhsil naziri Mikayıl Cabbarovla bağlı fikirlər birmənalı olmasa da, mən həmişə düşünmüşəm ki, o, bu sahədə ciddi dəyişikliklər edib. Təkcə müəllimlərin işə qəbulunun imtahanla baş tutması buna böyük nümunədir. Onu kimin əvəzləməsini istərdim sualına konkret namizədin adını çəkməyəcəm. Nəzərə alsaq ki, bu posta təyinat sərəncamla olur, seçilmir. Amma istərdim kim gələcəksə, müəllim adının şərəfini və əhəmiyyətinin daha da möhkəmlənməsinə xidmət etsin”.

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Bilal Əşrəfov Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanı təhsil naziri postunda görmək istəyir:

“Nərgiz Paşayevanın sağlam təhsil background’u var deyə onu namizəd olaraq göstərərdim, plus qadındır və gəncdir”.

Gənc jurnalist Könül Cəfərli bildirdi ki, kimin olmağından asılı olmayaraq görəcəyi işlər, gətirəcəyi yeniliklər vacibdir:

“Ağlıma heç kim gəlmədi. Amma ümumi olaraq onu deyim ki, nazir postuna gələn adam kim olur olsun, təhsildən başı çıxan olsun. Tələbələrin, şagirdlərin, müəllimlərin işini mümkün qədər asanlaşdırmağa çalışsın, maaşların sonundakı sıfırları artırsın. Qəbul imtahanlarını qaydasına salsın, özəl universitetlərə nəzarəti artırsın və ən əsası nazir olandan sonra üzünü görək”.

Aktivist Haldun Novruzadə hesab edir ki, şəxsin kimliyi önəmli deyil, əsas görəcəyi işlərdir:

“Posta kimin gələcəyinin heç bir önəmi yoxdur. Əsas məsələ posta gələn adamın təhsildə hansı islahatları edəcək olmasıdır. Bildiyiniz kimi, ildən ilə təhsildə geriləmə baş verir. Bunun nəticəsində də hər il ali məktəblərə keçirilən imtahanlarda şagirdlər daha az bal yığır. Bu kimi hallar bir başa təhsilin səviyyəsinə bağlıdı. Təhsildə ikinci əsas məsələ müəllimlərin əmək haqqlarıdır. Bu gün aylıq 100 manat əmək haqqı alan müəllim var. Sizcə, bu müəllimin dərs keçməyə həvəsi olar ya yox? Əsas bu məsələlər üstündə işlənilməli və nəticələr əldə edilməlidir. Təbii ki, nazir bu posta layiq biri olmalıdı”.

Ramin Zaid İqtisad Universitetinin direktoru Ədalət Muradovu bu posta layiq bilir:

“Ciddi olaraq cavab verim, təhsil naziri postu elə boş qalsa yaxşıdır. Nazirdən əvvəl təhsil nazirliyindəki “təhsil ” doldurulmalıdır. Amma mütləq biri o kresloya oturmalıdırsa, Ədalət Muradov otursun. İqtisadda nəsə dəyişiklik edib, bəlkə ümumi təhsildə də nəsə etdi”.

Jurnalist Elvin Səlimov gənc kadrın seçilməyinin tərəfdarıdır:

“Heç bir variantım yoxdur. Amma kim olacaqsa, xaricdə təhsil almış, gənc kadr olsun”.

Gənc yazar Taryel Abdullayev məsələyə sarkazmla yanaşdı:

“Bilirsiniz ki, bu gün dünyada elm üzrə boş işlərlə məşğuldular. Məsələn ilk dəfə olaraq kimyəvi cərrahiyyə baş tutdu, baş nəqli həyata keçirməyə çalışırlar, digər planetlərə kaloniya salmağı düşünür və nəsli tükənmiş canlıları modifikasiya edərək həyata geri qaytarmaq istəyirlər. Bunlar hamısı xərcli və boş işlərdir. Biz isə bu insanlardan fərqli olaraq elm və təhsili fərqli, özümüzə xas xusisiyyətdə inkişaf etdiririk. Mən son zamanlar uşaq ədəbiyyatında salınan dini nüanslar və orta məktəb dərsliklərində müqəddəs kitablardan verilən sitatlara görə hesab edirəm ki, təhsil naziri məhz elə Allah Şükür Paşazadə olmalıdır. Beləliklə, biz məktəbi mədərəsə ilə əvəz edərək, yetişdirəcəyimiz insanlara daha aktiv bir şəkildə “Əyzəbər “Ə”, Beyzəbər “B”ni öyrədə bilərik. Və bu üsul vasitəsi ilə bizlər yuxarıda qeyd elədiyim işlərdən daha çox uğurlar əldə edə bilərik”.

primetime.az

Şərhlər

XƏBƏR LENTİ