XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » “Qoca” işi Penitensiarı çalxalayır: Kürdəxanı rəisi və Konvoy komandiri niyə dəyişdi?

“Qoca” işi Penitensiarı çalxalayır: Kürdəxanı rəisi və Konvoy komandiri niyə dəyişdi?

“Qoca” işi Penitensiarı çalxalayır: Kürdəxanı rəisi və Konvoy komandiri niyə dəyişdi?
30-11-2017, 10:27

Müğənni Fədayə Laçın və “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov işi Penitensiar Xidməti çalxalayır
Ədliyyə naziri Fikrət Məmmədovun məhkumların qaçışı bu xidmətdə nöqsanların olduğunu göstərdi deməsindən sonra kadr dəyişiklikləri sürətlənib. Artıq Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsindən azad olunub.
Rəşid Səfərovun yerinə 3 saylı İstintaq İdarəsinin rəisi Elnur İsmayılov təyin olunub. Belə ehtimal var ki, R.Səfərovun fəaliyyətində nöqsanlar aşkarlanıb.
R. Səfərov Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bu da onun vəzifəsinin kiçildilməsidir.
Habelə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri dəyişdirilib.
Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Azad Maşanov vəzifəsindən azad edilib.
Onun yerinə isə ədliyyə mayoru Arif Mirzəyev təyin olunub. A.Mirzəyev də Konvoy taborunun komandiri vəzifəsini müvəqqəti icra edəcək.
O, daha əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Quba rayonu ərazisində yerləşən 9 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi olub.
A.Maşanov isə yenidən keçmiş vəzifəsinə – Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayına qaytarılıb.
Nazirin açıqlamasından görünürdü ki, ciddi islahatlara və istefalara gediləcək. Elə saytımız da bir neçə dəfə xəbər yayıb ki, PX-də kadr dəyişiklikləri olacaq.
Qadın konvoyun qabağında, 5 silahlı insanın qabağında dustağa vaqondan qaçmağa necə kömək edə bilər?
Əlbəttə ki, bu inandırıcı deyil. Ola bilər ki, vaqonda görüşüblər. Görüş verilib və görüşməyin özündə cinayət tərkibi yoxdur.
Desələr ki, bunlar rüşvət müqabilində görüşüblər, burada cinayət tərkibi yaranır. Yəni rüşvət vermə və rüşvət alma cinayəti var.
Sübut olunsa ki, rüşvət verilməyib, sadəcə görüş olub burada cinayət tərkibi yoxdur. PX rəhbərliyi səksəkə içindədir və bütün persona təftiş olunur.
Hazırda Xidmət rəisi Ceyhun Həsənov, müavinləri Oqtay Məmmədov, Hüseyn Əlixanov, Məhərrəm Qafarov cidi təşviş içindədirlər.
İstintaqın gedişi və aparılan araşdırmalar böyük bir korpusun tamamilə sökülməsi, demontaj olunması ilə nəticələnə bilər.
Xüsusən də dustaqların vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədovun həbsi dayısı olan ədliyyı general-mayoru H.Əlixanovun vəziyyətini ağırlaşdırıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin həbs olunması prosesin davamının gələcəyi ehtimalını gücləndirir.
Palitika.Az-ın xəbərinə görə, “Qoca” Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib.
Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya şəxsi avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər.
Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Günay Atakişiyeva və Fədaya Laçın tutulub.
İddia olunurdu ki, G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib.
Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək “Qoca”nın yanına girib.
Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı “Qoca”ya verə bilib.
Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar. Bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.
Yada salaq ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb.
Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.