XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » “Leyla Şıxlinskaya” klinikasında nə baş verir?

“Leyla Şıxlinskaya” klinikasında nə baş verir?

“Leyla Şıxlinskaya” klinikasında nə baş verir?
23-11-2017, 10:34

İşi məhkəmədə olan klinikanın bir binası təmir olunur, digər binalarında isə iş öz axarında davam edir...
Bir aydan çoxdur ki, xalq artisti Leyla Şıxlinskaya və onun rəhbərliyi altında olub, onun adını daşıyan klinika barəsində mətbuatda ard-arda yazılar dərc olunur. Bir ay öncə yayılan məlumatda qeyd olunurdu ki, “Leyla Şıxlinskaya”nın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.
Femida.az saytının yaydığı məlumatda bildirilib ki, Leyla Şıxlinskayaya qarşı CM-in 213-cü (vergidən yayınma) maddəsi ilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Yayılan məlumatlarda o da qeyd olunurdu ki, cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilirdi.
Bütün bunların ardınca Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanıldı. Noyabrın 20-də isə “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə klinikanın nümayəndəsi Günay Sultanova mülki iddia ilə çıxış edib.
O, təqsirləndirilən şəxslər tərəfindən klinikaya dəyən 804 min, 343 manat məbləğində ziyanın ödənilməsini istəyib. Məhkəmə baxışı noyabrın 24-nə təyin olunub.
Klinikanın yuxarıda adını sadaladığımız əməkdaşları Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Onlardan Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Güman olunur ki, bütün baş verənlər də onun adı ilə bağlıdır.
Məsələyə aydınlıq gətirmək, “Leyla Şıxlinskaya” klinikasında hazırkı vəziyyəti öyrənmək üçün əməkdaşımız klinikanın yerləşdiyi ünvana yollanıb.
Müşahidə etdik ki, klinikada iş öz axarında davam edir. Qapıda mühafizə olsa da, o, maşınlara nəzarət etdiyi üçün piyadaların içəri keçməsində heç bir məhdudiyyət yoxdur. Klinikanın bir binası isə hazırda təmirə bağlanıb. Orada hazırda ustalar işləyirlər. Digər binalarda isə normal iş prosesi davam edir. Xüsusilə də uşaq mərkəzinin qarşısında övladını müayinə üçün gətirən xeyli sayda valideyn vardı. Onlar bildirdilər ki, klinikada işləyən həkimlər əvvəlki kimi uşaqlarını qəbul edib, yoxlayırlar. Qiymətlər barəsində söylədilər ki, burada qiymət hər zaman yüksək olub. Ancaq qiymətə uyğun olaraq keyfiyyət də yaxşıdır. Daha sonra isə klinikanın digər şöbəsinə yollandıq. Müşahidə etdik ki, içəri girən kimi qeydiyyat şöbəsində çalışanlar müraciət edənləri qəbul edib, problemləri ilə maraqlanırlar. Onlara Leyla Şıxlinskaya ilə görüşmək istədiyimizi söylədik. Bildirdilər ki, Leyla xanım hazırda ölkədə olmadığı üçün onu baş həkim əvəzləyir. Bizi baş həkimlə görüşdürmələrini xahiş etsək də, bu da mümkün olmadı. Qeydiyyat şöbəsində əyləşən xanımlar telefonla danışdıqdan sonra dəstəyi bizə uzatdılar. Özünü baş həkimin köməkçisi kimi təqdim edən xanım bildirdi ki, klinikada hər şey qaydasındadır: “Bildiyiniz kimi, ”Leyla Şıxlinskaya" klinikası artıq öz sözünü deyib və gördüyümüz peşəkar iş də göz önündədir. Digər məsələlərlə bağlı isə mətbuata və ictimaiyyətə açıqlayacaq sözümüz yoxdur. Bircə onu deyə bilərəm ki, klinikamızda hər bir iş öz axarında davam edir. Heç bir problemimiz də yoxdur".
Daha sonra klinikanın həyətində gəzib, gördüyümüz həkimlərlə də söhbət etdik. Onlar da söylədilər ki, maaşlarında hansısa problem yoxdur. Həkimlər qeyd etdilər ki, əslində yayılan söhbətlər və vergi ilə bağlı məsələlər uzun müddət öncə yaşanıb: “Həmin məsələnin üstündən xeyli vaxt keçib. Sadəcə olaraq, məhkəmə prosesi olduğu üçün yenidən gündəmə gəlib. Nə o vaxt, nə də indi maaşlarımızda problem olmayıb. Klinikamızda yüksək keyfiyyətli xidmətimiz davam edir”.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Leyla Şıxlinskaya lent.az saytına açıqlamasında aşağıdakıları bildirmişdi:
“Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.
Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.

"YM"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.