XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb

Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb

Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb
20-11-2017, 14:53

İqtisadi hüquqlar arasında ən əsas hüquq mülkiyyət hüququdur. Mülkiyyət hüququ ən qədim hüquqlardandır. 1793-cü il Fransa konstitusiyasında göstərilirdi ki, mülkiyyət hüququ hər bir vətəndaşa məxsusdur və o öz istədiyi kimi bu hüquqdan istifadə edə bilər. Yəni bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bir gün hansısa şəxs tərəfindən bu toxunulmazlıq pozularsa o zaman dövlət bu hüququn bərpa edilməsi baxımından müəyyən addımlar atır.

Konstitusiyanın tələbləri pozulur

Mülkiyyət hüququ Azərbaycan Respublikası konstitusiyasının 29-cu maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışı bu cürdür: “mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.”
Ancaq əslində nə baş verir? İri ranqlı dövlət məmurları, onlarla əlaqədə olan biznesmenlər, tikinti şirkətləri açıq-aşkar qanuna tüpürürlər.
Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar. Söküntünü isə “Fədək” MMC adlı adı indiyədək heç yerdə eşidilməyən şirkət aparır.
Söküntüsü başlayan binada cəmi 102 mənzil var, lakin sakinlərdən 10-u şirkətin təklif etdiyi şərtlərlə köçməkdən imtina edir. Buna baxmayaraq şirkət binanın söküntüsünə başlayıb və köçməkdən imtina edənlərin həyatı faktiki olaraq riksə atılıb. Digər “pilot layihə”lərdə olduğu kimi bu layihədə də şirkət sakinlərlə müqavilə bağlayıb onlara evlərindən kirayə mənzillərə köçməyi təklif edir. Kirayə haqqı kimi sakinlərin yaşadıqları evlərin sahəsindən asılı olaraq 250-450 manat ödənilməsi nəzərdə tutulur. Şirkətin sakinlərlə bağladığı müqaviləyə əsasən onlara yeni binada əvvəlki mənzillərindən 20 faiz geniş yaşayış sahəsi verilməlidir.
Lakin sakinlərin bir qrupu bu şərtlər altında köçmək istəmir. Onlar deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Üstəlik məlum olub ki, söküntünü aparan və sakinlərə yeni mənzillər tikib verməyi vəd edən “Fədək” MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub.
Axı kim sakinlərə qarant olacaq ki, bu dələduz onları aldıdıb, düz yerdə qoymayacaq? Nəsimi icra hakimiyyəti başçısı Asif Əsgərov?

Asif Əsgərovun “iş qovluğu”

Ötən sayımızda Yavər Qurbanovun kimliyi və cinayətləri haqda yazmışdıq. Bəs pilot layihəni dələduza etibar edib qanunları kobud surətdə pozan Asif Əsgərov kimdir, niyə Eldar Mahmudov çetesinin üzvlərinə başçılıq etdiyi rayonda “yaşıl işıq” yandırır?
Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır. Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıbdı.

Başçının skandal dolu karyerası

Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.
Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən “yaşıl soyqrım”lardan biri bu ilin mart ayının 31-də həyata keçirildi. Ola bilsin bu tarix əziz oxucularımıza 100 il bundan əvvəli xatırladır. Ancaq bu dəfə həyatına son qoyulan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində əkdiyi ağaclar idi. Rayonun 4-cü mikrarayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilərək “Kamaz”larla daşındı.

Yaşıl soyqırım indi də Nəsimi rayonunun bütün ərazisində davam edir.

1 sota görə 300 min rüşvət istəyən başçı

Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü. Rafiq Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar: “Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı cavab verməyib. Lakin bir neçə gündən – daha dəqiq desək, oktyabrın 18-də hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək “qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil, yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri olduğunu deyiblər”.
Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək, baş verənləri məmur özbaşınalığı adlandırmışdı.
Ancaq sonradan virtualaz.org saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Qeyd edək ki, söhbət Nəsimi rayonu, Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasından gedirdi.
Unutmayaq ki, 1 sotda tikinti aparılması üçün 300 min manat tələb olunan rayonun ərazisində minlərlə sot torpaq var…

Qoçu dəstələri

Asif Əsgərovla professor Rafiq Əliyev arasında yaranan bu qalmaqalda ilginc bir detal var idi. Belə ki, Rafiq Əliyevə məxsus ərazinin hasarlarını sökməyə gələn 20-ə yaxın şəxsin heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanmışdı. O zaman sual olunur, bəs kim idi bu şəxslər? Darıxmayın, indi aşağıdakı yazıları oxuyanda Rafiq Əliyevin “qoçu” adlandırdığı bu şəxslərin kimliyi barədə mlumatınız olacaq.
Öncə onu xatırladaq ki, 1966-cı il təvəllüdlü Asif Əsgərov 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məzun olmamışdan əvvəl, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
Bu ilin fevral ayının 2-də Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş Şuranın geniş iclası keçirildi. Həmin iclasda Asif Əsgərov rayonda görülən işlərdən daha çox iclasda iştirak edən cüdoçulara görə mətbuatın diqqətinə gəldi. Keçirdiyi toplantıda Nəsimi rayonunun problemlərini müzakirə etmək, onlardan çıxış yolu axtarmaq əvəzinə Asif Əsgərov Olimpiadada mükafat qazanmış idmançıların hesabına özünü reklam etməyə çalışması haqlı narazılığa səbəb oldu. Mediada bu mövzuya geniş yer verilsə də, Nəsimi RİH-i məsələyə münasibət bildirmədi.
Son olaraq qeyd edək ki, Asif Əsgərov haqqında olan bu informasiyalardan hakimiyyətin ali instansiyalarının ən xırda detallara qədər xəbərləri var.

Sakinlərin ümidi prezidentədir

Həm qanunlarımız, həm də dinimiz xüsusi mülkiyyəti toxunulmaz hesab edir. Xüsusi mülkiyyət hüququnun pozulması, xüsusi mülkiyyətə hər hansı formada qəsd edilməsi yolverilməzdir. Bu, sadəcə vətəndaşların əsas huquqlarından birinin pozulması demək deyil. Bu, həm də qanun və ədalətin pozulması deməkdir. Bu isə insanlarda dövlətin ədalətinə olan inamı sarsıdır, mülkiyyət hüququnun möcudluğunu faktiki olaraq əhəmiyyətsiz edir.
Bəli, bu gün Asif Əsgərov öz əməlləri, pilot layihəni Yavər Qurbanov kimi dələduza etibar etməklə vətəndaşlarda bu iqtidara inamı azaldır, zərbə altına qoyur. Niyə? Bu haqda mediada artıq yazılıb.
Bu yaxınlarda Yavər Qurbanov Almaniyada yaşayan Nazim adlı şəxsdən 3 milyon avro vəsait alaraq qeyri qanuni yollarla respublikaya gətirib.
Hal -hazırda tikintidə həmin mənşəyi məlum olmayan qara puuların yuyulma ( leqallaşma ) prosesi gedir.
Ən əsası isə, məlumatlarda bildirilir ki, həmin Nazim adlı şəxs Meydan TV və Emin Milli ilə sıx əlaqədardır. Radikal müxalifətlə ilişkilərinin olması, o cümlədən Eldar Mahmudovun çetesinə meydan verməsi hər-halda Asif Əsgərov üçün xoş nəticələnməyəcək.
Sakinlər Prezident İlham Əliyevə etibar edir, onu stabilliyimizin qarantı hesab edirlər. O hər bir azərbaycanlının prezidentidir. Onlar ümid edir ki, qanunu pozan şəxslər layiqli cəzaların alacaqlar.

Məsələni diqqətdə saxlayacağıq
Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb
Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb
Asif Əsgərov Eldar Mahmudovun adamlarına niyə “yaşıl işıq” yandırıb

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.