XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » “HƏRBİ PROKURORUN MÜAVİNİ MƏNDƏN 5 MİLYON İSTƏDİ” – Vitse-admiral məhkəmədə

“HƏRBİ PROKURORUN MÜAVİNİ MƏNDƏN 5 MİLYON İSTƏDİ” – Vitse-admiral məhkəmədə

“HƏRBİ PROKURORUN MÜAVİNİ MƏNDƏN 5 MİLYON İSTƏDİ” – Vitse-admiral məhkəmədə
3-11-2017, 12:53

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin şikayəti və prokurorun protesti əsasında məhkəmə iclası olub.
Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Şahin Sultanov çıxış edib. O, hökmün qanunsuzluqla yazıldığını deyib: “Mən peşəkar hərbçiyəm. 40 il qüsursuz xidmət etmişəm. Vəzifəyə təyin ediləndə kommunikasiya, rabitə yararsız vəziyyətdə idi. Təmir işlərinə başladım və qısa müddətdə yenidənqurma işləri gördüm. Müdafiə Nazirliyi tərəfindən 86 gəminin təmirinə ildə 50 min manat ayrılırdı. O da köçürülmə yolu ilə. Faizləri çıxılırdı, bəzi məsələlər xaricdən gələn yardım hesabına həll edilirdi. Gəmilərin təmir-bərpa işləri Müdafiə Nazirliyinin Gəmi-Bərpa Zavodu tərəfindən həyata keçirilirdi. Gəmilərin illik təmir planı Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanırdı. Lakin təmirə Müdafiə Nazirliyi tərəfindən pul ayrılmırdı. Biz də təmiri məcbur olub, başqa yollarla həyata keçirirdik. Yalnız fəhlələrə pul ayrılırdı. O da 3-4 ay gecikmə ilə”.
Şahin Sultanov bildirib ki, hansısa anbarda, kimsə nəsə edibsə, onu ora qatmaq şərəfsiz ittihamdır: “Surət Hüseynovun qaldırdığı qiyamın yatırılmasında iştirak etmişəm. Prezident tərəfindən bir sıra adlar, hərbi rütbələr, medallarla təltif olunmuşam. Demək olar ki, hər il medal, orden almışam”.
Ş.Sultanov bildirib ki, barəsində əmr çıxan günün səhəri Hərbi Prokurorluqdan HDQ-yə yoxlama gəlib: “Yoxlamaya da hərbi prokurorun müavini Rasim Kazımov rəhbərlik edirdi. O, mənə ”5 milyon verməlisən”, – dedi. O qədər pulumun olmadığını bildirdim. Camaatdan yığmamı istədi. Sonra da 5 milyondan 2 milyon yarıma düşdü. Heç nə verən deyiləm dedim”.
Ş.Sultanov deyib ki, vəzifədən kənarlaşdırılandan sonra heç bir gəmi alınmayıb. Əksinə, bir neçəsi metallom kimi doğranıb: “Heç bir iş görülməyib. Layihələr dayandırılıb. Hərbi Prokurorluğun yoxlaması da tam qanunsuz keçirilib. Cinayət işini Rasim Kazımov başladıb. Guya 5 milyonluq əmlak yoxdur. İşi aparan müstəntiq Vüqar Məmmədli özü dələduzluğa görə məsuliyyətə cəlb olunub. Ona yeddi il şərti cəza verilib. İstintaq idarəsinin rəisi Mehdi Hüseynzadə ona nə deyirdi, onu da edirdi. Mənimlə birlikdə ittiham olunan Kazım Əsgərovdan 20 min pul almışdı ki, onu azadlığa buraxacaq. Buna görə onu həbs etdilər. Mənə qarşı ifadə verməyənləri də həbs etdilər. Qalanlarını azadlığa buraxdılar. Hərbi Məhkəmə Hərbi Prokurorluğun sifarişini yerinə yetirdi”.
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət və prokurorun protesti təmin edilməyib. Hökm qüvvəsində qalıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla, şərti hesab olunub.

Musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.