SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudov "kəfəni yırtdı"... - Gəlişmə

Eldar Mahmudov "kəfəni yırtdı"... - Gəlişmə

Tarix:

1-11-2017, 09:43

/ 41 391 dəfə oxundu.
Eldar Mahmudov "kəfəni yırtdı"... - Gəlişmə

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Akif Çovdarov barəsində Sabunçu Rayon Məhkəməsinin 12 illik həbs qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları baş verənləri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dirəniş göstərməsi kimi qiymətləndirirlər.

Belə rəylər də var ki, Akif Çovdarova 12 il həbs cəzasının verilməsi mal-qara oğrularına qarşı böyük ədalətsizlikdir. Fikirlərini də belə əsaslandırırlar ki, qoyun-quzu oğrularının törətdiyi əməl Cinayət Məcəlləsinin 1 maddəsinin, Akif Çovdarovun etdikləri isə azı 10 maddənin təsiri altına düşür. Amma ona da mal-qara oğrusuna verilən qədər - 12 il cəza kəsiblər. Həm də A.Çovdarovun əməllərinin əhatəsi, dövlətə və millətə vurduğu ziyan da qat-qat artıqdır. 2015-ci ilin dekabrında həbs olunandan sonra Akif Çovdarova Cinayət Məcəlləsinin bir neçə - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub.
2 illik istintaq-məhkəmə araşdırmalarının sonunda isə ona cəmi 12 il cəza verilib, Çovdarovun ailə üzvlərinin yaşadığı ev özlərinə qaytarılıb, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. A.Çovdarovun ailə üzvünə məxsus “8-ci kilometr bazarı” kimi tanınan iaşə obyekti dövlət sərəncamına keçirilib. Bir neçə il sonra isə A.Çovdarovun “xəstəliyi ilə əlaqədar” azadlığa çıxması da tam real görünür.
Məhkəmə dövründə zərərçəkənlər dəfələrlə Eldar Mahmudovun prosesə çağırılaraq dindirilməsini tələb etsələr də, məhkəmə vəsatətləri təmin etməyib. 2 il əvvəl “MTN işi” başladılan zaman qurumdakı qanunsuzluqların tam olaraq araşdırılacağına olan ümidlər də artıq aradan qalxıb. E.Mahmudov azadlıqdadır, həbs ediləcəyi haqda yaranan fikirlər də sabun köpüyü kimi əriyib aradan qalxıb. Artıq Mahmudov kəfəni yırtmış, dirəniş göstərmiş kimi görünür. Qalır böyük səhnəyə qayıdışı...

musavat.com

Şərhlər

XƏBƏR LENTİ