SON DƏQİQƏ
XalqXeber.Az » Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Tarix:

2-09-2021, 16:37

/ 334 dəfə oxundu.
Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Dövlətimizin başçısı İlham Əliyevin avqustun 29-da mədəniyyət paytaxtımız Şuşaya beşinci dəfə səfəri, bu cənnət məkanda görülən işlərlə tanışlığı, baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. 
44 günlük İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi.   Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz gələcəyə baxmalı,  əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri icra olunmaqdadır.
Ölkə başçısının Qarabağın tacı Şuşaya səfərlərinin hər biri mühüm məqamlarla yadda qalır. Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunan Şuşa şəhərinin  baş planında tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Şuşada ümumi sahəsi 46.765 kvadrat metr olaraq, yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. Ölkə Prezidenti İlham Əliyev 1-ci məhəllənin təməlini qoydu. Artıq dövlət başçısı İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən böyük qürur və fərəh hissi ilə söylədiyi «Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa biz səni dirçəldəcəyik!» fikirlərin reallığa çevrildiyinin təsdiqidir. 
Avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır.  Vaqif Poeziya Günlərinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev «Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq» fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırmışdır ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. 
39 il əvvəl Şuşada Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Vaqifin məqbərəsi açıldı. Şuşa azad edildikdən sonra Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Bu ilin may ayında çox böyük coşqu ilə bu şəhərdə “Xarıbülbül” festivalı keçirildi.  Həmçinin Vaqif Poeziya Günləri də bərpa edildi.
Heydər Əliyev Fondunun Şuşada təşkil etdiyi Vaqif Poeziya Günlərinin açılışında Birinci Qarabağ, Vətən müharibəsində, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi bütün şəhidlərimizə ümümxalq ehtiramı idi.
Azərbaycanın mədəniyyət tarixində böyük rəmzi mənası olan, hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qaldığı illərdə belə milli ruhunu qoruyub saxlayan Şuşa kimi doğmalarının isti nəfəsinə həsrət qalan xarıbülbül də əyilmədi, sınmadı. Poeziyanın, sözün, musiqinin bayramı olan tədbirdəki çıxışında 39 il bundan əvvəl burada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi şair Vaqifin məqbərəsinin açılış mərasimini xatırlayan Prezident İlham Əliyev bu məsələdə də ata vəsiyyətinə sadiqliyini göstərdi.
Müharibədən sonra arxada qalan 9 ayda bir çox tarixi abidəni bərpa edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vaqif Poeziya Günlərinin bərpası, «Xarıbülbül» musiqi festivalının təşkili, Yuxarı Gövhər ağa məscidinin təmiri, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin bərpasına diqqətin artırılması, Natəvan bulağının istifadəyə verilməsi tarixi məqamlardır.
  Poeziya Günləri çərçivəsində Vaqifin məqbərəsinin, büstünün açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenilənməsi, görkəmli sənətkar Bülbülün ev muzeyinin bərpası tarixi şəxsiyyətlərə ehtiram nümunəsidir. Şuşadakı «Qarabağ”», «Xarıbülbül» otellərinin əsaslı təmirdən sonra öz qapılarını qonaqların üzünə açması, yeni yaşayış kompleksinin təməlinin qoyulması da bu ecazkar şəhərin simasını daha da gözəlləşdircək.
 «Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik» söyləyən Prezident İlham Əliyevin diqqəti sayəsində Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır. Şuşa əbədi olaraq İslam dünyasının, Azərbaycan xalqının mədəniyyət paytaxtı olacaq, ev sahibi kimi qonaqlarını möcüzələri, möhtəşəmliyi ilə heyrətləndirəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Şərhlər

XƏBƏR LENTİ