XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq

Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq

Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq
26-03-2021, 23:10

Xalqımız torpaqlarımızın işğaldan azad edilməsinin və şanlı Qələbəmizin sevincini yaşayır. Bu gün yazın gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilaxır çərşənbədə Şuşaya səfəri də bu sevincin aydın ifadəsidir.   
44 günlük İkinci Qarabağ müharibəsi xaqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs Şuşamızda  heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər.  Bütün dünya artıq bundan xəbərdardır.  İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri əllərində   bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar.  
 İkinci Qarabağ  müharibəsi  regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik.  Ağrını, yaraları heç vaxt unutmayacağıq.   Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki,  biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.
Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən  əks-hücum əməliyyatları dövründə də ölkə  Prezidentinin  hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır.
Prezident İlham Əliyev martın 16-da Şuşaya səfəri zamanı da bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Bu istiqamətdə  dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə  kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Bərpa işlərindən sonar Şuşa regionun ən gözəl şəhərlərindən və istirahət bölgələrindən birinə çevriləcəkdir. Aparılacaq yenidənqurma işlərindən sonra burada turizmin inkişafı üçün “beş”, “dörd” və “üç” ulduzlu otellər tikiləcək. Şuşanın enerji təminatı ilə bağlı    layihələrin bir hissəsi icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu yarımstansiya Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Qeyd edilməlidir ki, Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq və məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu işləri, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcəkdir.
 Dövlətimizin başçısının “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən belə bir ümumiləşdirməni qürurla apara bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi.   
 «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm» söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ilə bir daha bu tezisin reallıqda öz əksini tapdığını göstərir.  Cənab İlham Əliyev  bu məqamı da xüsusi qeyd edir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.  

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.