SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibi içində yaşamayan mənzil məhkəmə yolu ilə ələ keçirilib - GİLEY

Sahibi içində yaşamayan mənzil məhkəmə yolu ilə ələ keçirilib - GİLEY

Tarix:

22-01-2019, 17:26

/ 899 dəfə oxundu.
Sahibi içində yaşamayan mənzil məhkəmə yolu ilə ələ keçirilib - GİLEY

Gədəbəy rayonunun Qala kəndində anadan olan, hazırda Sumqayıtda yaşıayan Səfərov Əlistan Novruz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məktubunda məmur özbaşınalığına etiraz edən Ə.Səfərov yazır:

“Mən, Səfərov Əlistan Novruz oğlu 1941-ci ildə Gədəbəy rayonunun Qala kəndində anadan olmuşam. Atamla əmilərim İkinci Dünya Müharibəsində həlak olub və mən 3 aylığımdan yetim qalmışam, həyatım boyu çox məhrumiyyətlər yaşamışam, haqsızlıqlarla qarşılaşmışam, bu üzdən özümü dərk edən zamandan haqq-ədalət uğrunda mübarizə aparmışam.

Ailə vəziyyətimiz ağır olduğundan 1964-cü ildə Gədəbəydəki evimizi tərk edib həyat yoldaşım və üç oğlumla birgə Sumqayıtda məskunlaşmışam. Alın tərimlə ailəmi dolandırıb, oğullarımı boya-başa çatdırmışam.

1988-ci ildə sürücü kimi çalışdığım vaxt Əlvan Metallurgiya Birliyində dövlət əmlakının oğurlandığ ilə bağlı aidiyyati qurumlara şikayət məktubları ünvanladığıma görə məni döydürüblər, haqqımda 191-ci maddə ilə (guya müdirimi döymüşəm) cinayət işi qaldırıblar.

Haqqımı müdafiə etmək məqsədilə o vaxtkı SSRİ-nin paytaxtı olan Moskvaya yollanmışam, orda özümü müdafiə edib, əməllərimdə cinayət tərkibi olmadığı üçün bəraət hökmü almışam. Onu da deyim ki, həmin bəraət hökmünü bu günə qədər mənə verməyiblər. Buna görə də mənə dəyən maddi və mənəvi dəyərin ödənilməsinə nail ola bilməmişəm, məni haqsız yerə şərləyib tutdurmaq istəyən şəxslər də cəzalarına çatmayıb.

Cinayət əməllərini ifşa etdiyim korrupsioner mafioz dəstə məndən öc almaq üçün Sumqayıt hadisələrində iki oğlumu tutdurub. Mən də oğullarımın müdafiəsinə qalxmışam. Döymədiyim qapı qalmayıb, çox zülmlər çəkmişəm. Bakı-Moskva-Sumqayıt arasında aylarla “yol ölçmüşəm”. Oğullarımdan biri 18 ay günahsız yerə Bayıl həbsxanasında qalıb, ona olmazın işgəncələr verilib. Nəhayət, hər iki oğlumun günahsız olduğunu sübuta yetirə bilmişəm.

Mənim bu mübarizliyimi, dönməzliyimi, hüquqşünas olmasam da, qanunları gözəl bildiyimi müşahidə edən soydaşlarım məni özlərinə vəkil tutdular (indiki dillə desək, etibarnamə verərək məni məhkəmədə onların hüquqlarını müdafiə edəcək vəkalətli nümayəndə seçdilər).

Rüşvətxor məmurların zavalına gələrək 18 il yaşadıqları halalca mənzilindən didərgin salınan ailə

Hazırda mənzilini qaytarmağa çalışdığım Həsənova Həvayət Müslüm qızı qohumunun məhkəmə işini qazandığımı görüb, məni özünə nümayəndə seçdi.

Adıçəkilən xanımın işi ilə tanış olduğum zaman onun və ailəsinin başına açılan oyunlar, ədalətsizlik, saxtakarlıq, rüşvətxorluq, özbaşınalıq məni sarsıtdı.

Məsələ ondadır ki, Gəncə şəhərinin 1-ci mikrorayonunda yerləşən 7 saylı binada Həsənova Həvayətin və onun ailə üzvlərinin qeydiyyatda olduğu 2 otaqlı mənzili (14-cü mənzil) olub. Həmin mənzil Həvayət Həsənovanın həyat yoldaşı Həsənov Rafiq Hüseyn oğluna 1984-cü ildə o vaxtkı Gəncə şəhər İcrayyə Komitəsi tərəfindən verilib( 5 nəfərdən ibarət ailəyə ikiotaqlı mənzilin orderi verilib-daimi yaşayış üçün. Order hazırda Əlistan Səfərovdadır).

18 il ailə həmin mənzildə yaşayıb. Ailənin dördüncü üzvü 1986-cı il doğumlu Həsənov Elgün Rafiq oğlu həmin mənzildə anadan olub. Onu da qeyd edim ki, sözügedən mənzilin yerləşdiyi bina Gəncə şəhəri İcra Hakimiyyətinin (keçmiş İcrayyə Komitəsinin) balansındadır, sadəcə həmin binada bir neçə mənzil Müdafiə Nazirliyinin əməkdaşlarına verilib.

Rafiq Həsənovun Şəmkir rayonunun Seyfəli kəndində yaşayan yaşlı anası ağır xəstəliyə düçar olduğundan oğlu, gəlini və ailənin kiçik oğlu ona qulluq etməkçün Şəmkirdəki evə daşınıb. Evin 3 böyük oğlu isə qazanc arxasınca Rusiyaya üz tutub.

Məhkəmə əsassız iddia ərizəsini təmin etdi

Vəziyyətdən istifadə edən Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Namazov F. R. 2002-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Ərizədə Cavabdeh Rafiq Hüseyn oğlunun hərbi xidmətdə olduğu dövrdə 1984-cü ilin 31 mayında 1-ci mikrorayon, bina 7, mənzil 14-ə order aldığı qeyd edilir.

Sənəddə sözügedən mənzilin 10 il boş qaldığı, sahiblərinin başqa dövlətə köçdüyü, mənzildə yaşayış olmadığı üçün yararsız hala düşdüyü iddia olunur. Eləcə də mənzilin yerləşdiyi binanın dam örtüyünün şiferlərinin və pəncərələrinin dağılaraq yararsız hala gəldiyi, yağan yağışın binanın sonuncu (7-ci) mərtəbəsində yerləşən mənzili yuyub apardığı, oradan da aşağı mərtəbələrə axdığı və bunun qonşuların haqlı narazılığına səbəb olduğu, adıçəkilən mənzilin “ev pulu” və kommunal xidmət borcunun (sənəddə məhz bu cür yazılıb) 147.000 manat təşkil etdiyi də bildirilir.

Ərizənin sonunda məhkəmədən bütün söylənənləri nəzərə alaraq, adıçəkilən mənzilin orderinin ləğv edilməsi və mənzildə qeydiyyatı olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul etməsi xahiş edilir.

Onu da deyim ki, həmin iddia ərizəsinə, deyilənləri təsdiq edəcək heç bir sənəd əlavə olunmadığl halda məhkəmə iddia ərizəsini təmin edir. Halbuki, qanunvericiliyə əsasən, məhkəmə əsassız iddia ərizəsini icraata qəbul etməməli və mülkiyyəti sahiblərinə qaytarmalı idi.

Artıq qeyd etdiyim kimi, iddia ərizəsi tamamilə əsasız olaraq məhkəmə tərəfindən təmin edilir və məhkəmənin çıxardığı qətnaməyə əsasən order ləğv edilir və Həsənovlar yaşadıqları mənzilin qeydiyyatından çıxarılırlar.

Maraqlı cəhətlərdən biri də ondadır ki, qətnamədə mənzil sakinlərinin ordan çıxarılması haqda heç nə yazılmadığı halda ailə mənzildən çıxarılır. Halbuki, onların mənzildən çıxarılması üçün qətnamədə mütləq bu bənd qeyd edilməli idi.

Məhkəmənin 2002-ci ilin 27 may tarixli qətnaməsinə baxmayaraq, Həsənovlar ailəsi bu günədək həmin evdə qeydiyyatdadır, amma orda yaşamalarına imkan verilmədiyindən Rafiq Həsənovun Şəmkirdəki ata yurdunda məskunlaşmaq məcburiyyətində qalıblar.

Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 oktyabr 2002-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 27 may 2002-ci il tarixli qətnaməsi ləğv edilərək, cavabdeh Həsənov Rafiq Hüseyn oğlunun Kəpəz Rayon Məhkəməsinin göstərilən qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilib.

Bunu görən Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Namazov F. R. Apallyasiya məhkəməsinin 02 oktyabr 2002-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verir və rüşvət hesabına qətnaməni ləğv elətdirir.

Haqqı çatmayan hakim ailəyə növbəti zərbə

Təbii ki, bu qanunsuzluqla barışmayan ailə Ali Məhkəməyə şikayət edir. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarır və Apellyasiya Məhkəməsinin hakimi Salman Babayev 1000 manat rüşvət istəyir. Həvayət Həsənova məndən əvvəlki vəkalətli nümayəndəsinə 1000 manatı versə də, nümayəndə həmin pulu hakimə çatdırmayıb mənimsəyir, buna görə də hakim sonuncu qətnaməni qüvvədə saxlayır, yəni mənzil Həsənovlar ailəsinə qaytarılmır.

Məsələ icraata gəlib çatanda isə Ülfət Ağayev adlı icra məmuruna heç bir tələbə cavab verməyən, çox naşı tərtib edilmiş (verilmə tarixi, möhürü yoxdur, verənin adı vcə soyadı qeyd edilməyib) icra vərəqəsi təqdim edilir(həmin icra vərəqi də Əlistan Səfərovdadır).

İcraçılar valideynlərin oğulları üçün yığdığı zinət əşyalarını, digər qiymətıi əşyaları oğurlayırlar

Məhkəmənin qətnaməsində mənzilin tamamilə boş olduğu və yararsız hala gəldiyi, mənzil sakinlərinin 10 ildir başqa dövlətdə yaşadığı (dəfələrlə şikayət məktublarımda qeyd etmişəm ki, Şəmkir nə vaxtdan xarici dövlət olub, bəlkə bu rayonumuz da ermənilər tərəfindən işğal edilib, bizim xəbərimiz yoxdur, Yəni Həsənovları Şəmkirdən Gəncəyə gətirmək bu qədər çətin idi ki, məhkəməni onların iştirakı olmadan keçiriblər? Üstəlik icraçılar mənzilə daxil olanda da onlara xəbərdarlıq edilməyib, heç bir bildiriş göndərilməyib. Məgər bu qanunsuzluq deyil?) qeyd edildiyi halda, icra məmuru mənzildəki əşyaların siyahısını tutur və üç vərəqdən ibarət akt tərtib edir( 10 nəfər icraçı qanunsuz olaraq mənzilin pəncərəsini sındırıb içəri daxil olur və valideynlərin illərlə işləyib, oğulları üçün yığdığı zinət əşyalarını, digər qiymətıi əşyaları qeydiyyata salmadan oğurlayırlar) və həmin aktı Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin əməkdaşı Dursun Xəlilova verir.

Müraciət etdiyim bütün məhkəmələr, Ədliyyə Nazirliyi, icra məmurları rüşvətxor hakimləri müdafiə edir.

17 ildə məhkəməyə, aidiyyati qurumlara, eləcə də ölkə prezidentinə dəfələrlə müraciət etməyimə baxmayaraq, bu günədək həmin mənzilin bircə əşyasından belə xəbər yoxdur, əşyaların harda olduğu bilinmir.

Sözügedən işin indiki vəziyyətinə gəldikdə isə, təəssüflə qeyd edirəm ki, heç bir irəliləyiş yoxdur, müraciət etdiyim bütün məhkəmələr, Ədliyyə Nazirliyi, icra məmurları rüşvətxor hakimləri, icra məmuru Ülfət Ağayevi müdafiə edir.

Qanunsuz olaraq məni 3 ay müddətinə azadlıqdan məhrum etmə haqqında hökm çıxarıblar.

Bir sözlə, bu işlə bağlı yazdığım şikayət ərizələrinə baxılmır. Hətta Ali Məhkəmə bu işlə bağlı mənim haqqımda xüsusi qərar çıxarıb və işim Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinə verilib. İstintaq idarəsi isə 289-cu maddə ilə haqqımda cinayət işi qaldırıb və 2009-cu ildən bəri mənimlə bağlı bir neçə hökm verilib. Amma vicdanlı hakimlər həmin hökm və qərarları ləğv ediblər, bununla belə, sonda qanunsuz olaraq məni 3 ay müddətinə azadlıqdan məhrumetmə haqqında hökm çıxarıblar.

Vicdanlı insanların sayəsində həmin hökmü əldə etdikdən sonra öz müdafiəmə qalxmışam və 1 il 7 aydan sonra həbsdən azad edilmişəm.

Adıçəkilən mənzilin aqibətinə gəlincə isə, qeyd etməliyəm ki, mənzil 2003-cü ildə bir hərbçiyə satılıb. Hərbçi isə bir ay müddətində mənzili özəlləşdirərək 8 min 500 dollara bazar alverçisinə satıb.

Mən hazırda haqqımda açılan qanunsuz cinayət işi ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etmişəm, məhkəmə isə 34-cü və 35-ci maddələrin tələblərini pozduğumu əsas gətirilərək işə baxmır, eləcə də sözügedən mənzil məsələsi ilə bağlı fasiləsiz olaraq aidiyyati qurumlara, məhkəmələrə müraciət edirəm, amma hələ ki, heç bir nəticə yoxdur.

Mən ölkə prezidentinə və aidiyyati qurumlara müraciət edərək, onlardan vəkalətli nümayəndəsi olduğum Həvayət Həsənovanın, işinə obyektib baxılmasını, eləcə də haqqımda qaldırılan əsasız cinayət işinin ləğv edilməsini təmin etmələrini xahiş edirəm”.

Şərhlər

XƏBƏR LENTİ