SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “MEDİ CLUB” məhkəməyə verildi – vətəndaşa vurduğu maddi ziyana görə

“MEDİ CLUB” məhkəməyə verildi – vətəndaşa vurduğu maddi ziyana görə

Tarix:

11-01-2019, 13:24

/ 1 553 dəfə oxundu.
“MEDİ CLUB” məhkəməyə verildi – vətəndaşa vurduğu maddi ziyana görə

Bunu söyləməyə heç ehtiyac da yoxdu ki, həkimlik çox nəcib bir peşədir. Həyatında heç olmasa bir dəfə də olsa həkimə müraciət etməyən insan çətin tapılar. İnsanlar sağlamlığının xatirinə imkan oldu-olmadı həkimlərə müraciət etmək məcburiyyətində qalırlarsa, həkimlər də sağlamlığın keşiyində durmağa həm məcburdurlar, həm də borcludurlar. Bəs görəsən həkimlər insanların sağlamlığının keşiyində durmaq üçün bütün bacarıqlarından istifadə edirlərmi? Yaxud da səy göstərirlərmi?

Təbii ki, bu cümlələr daim peşəsinə hörmətlə yanaşan həkimlərə aid deyil. Azərbaycanda bu gün minlərlə tanınmış həkimlər var ki, bütün bilik və bacarıqlarını insanlardan əsirgəmir, insanların sağlamlığı yolunda vicdanla, şərəflə çalışırlar.

Heç bir şərh vermədən hələ ötən ildən “Aktualinfo.org” saytına müraciət etmiş Müşfiqabad qəsəbə sakini Bənnayev Səmədin başına gələnləri sadəcə oxucularımızın diqqətinə çatdırmaq istərdik. Səməd Bənnayev deyir ki, anam Sevda Bənnayeva uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Fevral ayının əvvəllərində onun xəstəliyi qəflətən ağırlaşdı. Qəsəbə poliklinikasında ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına apardıq. Orada müayinələrdən sonra, həkimlər anamın üç-dörd gün ömrü qaldığını, müalicənin heç bir effekt vermədiyini bildirdilər və evə aparmağımızı məsləhət gördülər.

Səməd Bənnayev deyir ki, yaxın tanışlardan biri “Medi Club” Klinikasında müasir tibb aparatları olduğundan ora müraciət etməyimi məsləhət gördü. Biz “Medi Club” Klinikasına müraciət etdik. Onlar xəstəni götürdülər, müayinədən sonra Respublika Klinik Xəstəxanasının həkimləri haqqında sərt ifadələr işlətdərək anamı müalicə edəcəklərinə söz verdilər.

Səməd Bənnayev sonra deyir ki, 07.02. 2018 -ci il tarixdən 11.02. 2018 – ci il tarixədək, yəni dörd gün ərzində klinikanın hesabına 5000 manat pul ödədim. Klinikada ona qəbzdən başqa heç bir sənəd verilmədiyini bildirən Səməd Bənnayev deyir ki, 11. 02. 2018 -ci ildə anam Sevda Bənnayeva dünyasını dəyişdi. Mən klinikaya müraciət etdim ki, anamı müalicə edə bilmədiklərinə görə ödədiyim pulları geri qaytarsınlar. Onlar mənə 1700 manat pul qaytardılar. İndi isə heç telefonuma belə cavab vermirlər.

Anasının sağlamlığı naminə, imkanı oldu-olmadı hər bir qeyrətli oğul bu gün Səməd Bənnayev kimi əlindən gələni əsirgəməzdi. Amma “Medi Club” Klinikasının tibb personalı nələr etdi? Təbii ki, dörd gün içində 5000 manatı mədəni şəkildə vətəndaşdan alaraq ona anasının cənazəsini verib. Bu mədəni şəkildə soyğunçuluq, qarət deyilmi?

Həkimlərin səhlənkarlığı, xəstələrə qarşı biganəliyi barədə dövrü mətbuatda kifayət qədər məlumatlar yayılmaqdadır. Həkimlərin döyülməsi, təhqir edilməsi barədə də yüzlərlə hadisələrin şahidi olmuşuq. Hamısı məhz bu kimi səhlənkarlıqdan sonra baş verir. Lakin Səməd Bənnayev bu məsələni geniş ictimaiyyətin diqqətinə çatdırmaqla kimin haqlı, kimin haqsız olduğunu sübut etmək istəyir. Hüquqi qiyməti isə təbii ki, aidiyyəti orqanlar verəcəklər.

Biz bir mətbuat orqanı olaraq hələ ötən il məsələyə hüquqi qiymət veilməsi üçün Respublikamızın Baş Prokuroru Zakir Qaralova müraciət etmiş, qanun çərçivəsində tədbir görməyi xahiş etmişik. Vətəndaş Səməd Bənnayevin baxılması üçün Respublika Prokurorluğuna göndərdiyimiz müracətə sözügedən orqandan cavab gəldi. 30.03.2018-ci il tarixdə Respublika Prokurorluğu müracətə baxılması üçün Səhiyyə Nazirliyinə göndərib. Amma üstündən səkkiz ay keçməsinə baxmayaraq Səhiyyə Nazirliyindən heç bir cavab, yaxud da açıqlama yoxdur. Zənnimizcə heç olmayacaq da. Çünki “Medi Club”a rəhbərlik edən Sabir Adnayev elə birbaşa Səhiyyə Naziri Oqtay Şirəliyevin ən yaxınlarından biri kimi tanınıır. Sabir Adnayevi bu gün respublika ictimaiyyətinə tanıtdırmağa isə heç ehtiyac duyulmur. Azərbaycanda ilk özəl tibb müəssisəsi yaratmış və əsasən də xarici şirkətlərlə müqavilə bağlayaraq tibb xidməti göstərən klinikanın direktoru kimi Sabir Adnayev çoxdan böyük nüfuz sahibidir.Bir böyük nüfuz sahibi kimi Sabir Adnayevdən bir suala cavab almaq istərdik. Pulunu əvvəlcədən kassaya keçirdərək, xəstəni 3-4 gün klinikada saxladıqdan sonra övladına ölü qaytarılan Azərbaycan vətəndaşı Sevda Bənnayeva deyil, tibbi xidmət göstərdiyiniz xarici şirkətlərdən birinin əməkdaşı, tutalım Amerika vətəndaşı olsa idi nə edərdiniz? Eyni sayqısızlığı ona da göstərə bilərdinizmi Sabir Adnayev?

“Aktualinfo.org”

P.S.

Oxucuların diqqətinə çatdırmaq istərdik ki, mərhum Sevda Bənnayevan ölümündən artıq bir il keçib. Buna baxmayaraq “Medi Club” rəhbərliyi şikayətçinin tələbini yerinə yetirmək niyyətinin olmadığını açıq aşkar göstərir. Əldə etdiyimiz son məlumata görə mərhumun həyat yoldaşı Müseyib Bənnayev “Medi Club” Klinikasının ona vurduğu maddi və mənəvi ziyanın ödənilməsinə dair Nəsimi rayon Məhkəməsinə müracıət edib. Bu mübahisəli məsələ ilə bağlı tərəflər arasında baş verənlərin sonrakı gedişatını ancaq bizdən izləyin.

Şərhlər

XƏBƏR LENTİ