yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

«Bəzi deputat və məmurlar məcəllənin qəbuluna maneçilik törədir»

«Bəzi deputat və məmurlar məcəllənin qəbuluna maneçilik törədir»
11-10-2017, 18:09 80 878 dəfə baxılıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a müsahibəsində hazırda ölkədə 43 bankdan 32-sinin fəaliyyət göstərdiyini və bunun çox olduğunu, Azərbaycanda bank sektorunun toparlanması üçün 15-16 bankın normal fəaliyyətinin yetərli oldğunu söyləyib. Problemli kretidlərin ötən illə müqayisədə daha da artdığını deyən millət vəkili Milli Məclisdə 10 ildən artıqdır ki, müzakirəyə çıxarılan, amma qəbul edilməyən Rəqabət Məcəlləsi məsələsinə də toxunub. O, bildirib ki, Azərbaycanda bazara nəzarət edən müəyyən qruplar var onlar bazarı əldən vermək istəmirlər. Ona görə də Rəqabət Məəlləsinin qəbul olunmasına mane olurlar: "Biz 10 ildir ki, bunu qəbul edə bilmirik".
Ümumiyyətlə, bankların sayının azaldılması sektorun inkişafına nə kimi töhfə verə bilər? Kredit faizləri yüksək olduğu üçün vətəndaşlar aldıqları kreditləri qaytara bilmirlər. Faizlərin nə üçün aşağı salınmır, bunun üçün hansı zəruri addımlar atılmalıdır? Rəqabət Məcəlləsinin qəbulunu ləngidən kimlərdir? Bu və digər suallarlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə etdik.
Problemli, çürük banklar sektordan nə qədər tez çıxarılarsa...
Ekspert açıqlamasında bildirdi ki, bankların sayının azaldılmasındansa, effektivliyinin artırılmasının önə çəkilməsi daha vacibdir:
"Əslində bankların sayı ilə effektivliyi arasında birbaşa əlaqə yoxdur. Məsələn, Avropanın Lixtenşteyn adlı kiçik bir ölkəsində yüzlərlə bank fəaliyyət göstərir. Bu maliyyə sisteminn dayanıqlılığı və inkişaf etməsi ilə bağlı olan məsələdir. Düzdür, bankların çoxunda bir neçə ildir ki, tənəzzül yaşanır və çox ciddi problemlər var. Buna görə də, zəif bankların bağlanması və ya daha böyük banklara birləşdirilməsi məqsədəuyğundur. Bu, ən azından bank sektorunda sağlamlaşdırılma üçün ilkin addımların atılmasına xidmət edə bilər. Lakin bu, təkcə bankların sayı ilə bağlı məsələ deyil, eyni zamanda onların yenidən normal fəaliyyətə başlaması, kreditləşdirilməsi, artırılması və yaxud verilən kreditlərin toplanması üçün şəraitin yaranması da vacib məsələdir. Ona görə də, saydan daha çox effektivliyin artırılması önə çəkilməlidir.
Təbii ki, problemli, çürük banklar sektordan nə qədər tez çıxarılarsa və ya daha sağlam banklara birləşdirilərsə, sistemin bir o qədər tez toparlanmasını görə bilərik. Lakin dediyim kimi bu, sağlamlaşdırılma üçün ilkin addımdır, sonrakı addımlar olmasa, yəni bank sektorunda normallaşma yenidən gündəmə gəlməsə, kreditləşdirilmənin başlanılması, iqtisadi aktivlikdə bank sektorunun rolu artmasa, bu birləşmədən sonra belə ciddi dəyişikliklərin olacağını düşünmürəm. Çünki birləşmə prosesində bankların passivləri və ya aktivləri ilə bağlı problemlər həll olunmur, həm də depozitlərlə bağlı məsələlər gündəmə gəlir, vətəndaşların yerləşdirdikləri depozitlərin geri qaytarılması da problemə çevrilir. Həmin banklarda olan kreditlərin yığılması ilə də ciddi problemlər yaşanır və ya iki bank birləşəndə, təkcə aktivlərini deyil, passivlərini də birləşdirirlər. Ona görə də bu məsələdə təmərküzləşmə ilə bağlı müəyyən addımlar atılmalıdır, amma bu birləşmədən və ya qapatmadan sonra bank sektoruna dəstək proqramları olmalıdır ki, onlar yenidən ayağa qalxıb, iqtisadiyyatı aktiv bir hala gətirə bilsinlər.
İndi bank sektorundakı ciddi problemlər o qədər böyüyüb ki, heç bir iqtisadi artımda rol oynaya bilmirlər. Çünki nə verdikləri krediti yığa bilirlər, nə də yeni kreditləşmə xətləri aça bilirlər. Bunu hətta rəsmi rəqəmlər belə sübut edir. Məsələn, ötən ilin ilk 9 ayı ilə müqayisədə, bu ilin ilk 9 ayında verilən kreditlərin həcmi 4 milyon manat azalıb. Bu, çox ciddi rəqəmdir və iqtisadiyyatda gedən tənəzzülün, problemlərin davam etməsinə səbəb olan əsas amillərdən birinə çevrilib".

Manatın dövriyyəsi artdıqca, inflyasiya sürətlənə və valyuta bahalaşa bilər
Kredit faizlərinin yüksək olması məsələsinə toxunan ekspert faizlərin aşağı salınmasının yollarını da göstərib:

"Kredit faizlərinin aşağı çəkilməsinin nəzəriyyəyə görə ən asan yolu Mərkəzin Bankın uçot dərəcəsini azaltmasıdır. İndi çox yüksəkdir, 15 faizdir. Mərkəzi Bank bunu lap aşağı səviyyə çəkərək digər banklara ucuz kreditlər verə bilər ki, banklar da öz növbəsində həmin pulun üzərinə 2-3 faiz qoyaraq əhalini və ya biznesi kreditləşdirsinlər. Amma bunun da riskləri mövcuddur. Belə ki, manata əlçatanlıq artdıqca, manatın dövriyyəsi artdıqca, inflyasiya sürətlənə və valyuta daha da bahalaşa bilər. Bunu nəzərə alaraq Mərkəzi Bank uçot dərəcəsini aşağı salmır. Digər yol isə xarici bankların bazara buraxılmasıdır. Təəssüf ki, uzun illərdir bu məsələ də öz həllini tapmır. Xarici banklar birbaşa Azərbaycan bazarına daxil olsalar, hansısa təşfiq proqramı ilə ölkəyə cəlb edə bilsək, onların kapitallarının həcmi o qədər böyükdür ki, Azərbaycanda daha ucuz və daha uzunmüddətli kreditlər verə bilərlər. Bu da ölkədə rəqabətqabiliyyətli mühitin yaranmasına gətirib çıxarar. Təbii ki, söhbət böyük banklardan gedir. Yəni bunun üçün iki yol var. İnzibati yolla, əmrlə faizləri aşağı çəkmək dayanıqlı olmur və bir müddət sonra hətta əks effekt verməyə başlayır. Ona görə də iqtisadi nəzəriyyədə olan bu iki yoldan hər ikisini istifadə etməklə, faiz dərəcələrini aşağı çəkmək mümkündür".

Rəqabət Məcəlləsinin qəbul olunmaması utanc məsələsinə çevrilib
N.Cəfərli Rəqabət Məcəlləsinin qəbul olunmamasına görə Milli Məclisdəki bəzi deputatları və hökumət daxilindəki məmurları günahlandırıb:

"Rəqabət Məcəlləsinin qəbul olunmaması artıq utanc məsələsinə çevrilib. 10 ildən çoxdur ki, bununla bağlı təklif parlamentə daxil olub, lakin qəbul olunmur. Görünən odur ki, bu məcəllənin qəbul olunmasına, inhisarçılıqla bağlı ciddi addımların atılmasına müəyyən qruplar əngəl olur. Yəni bazarı əlində saxlamağa çalışan müəyyən qruplar var ki, həmin qruplar parlamentdəki təmsilçiləri vasitəsilə qanunun qəbul edilməsini 10 ildən çoxdur ləngidirlər. Rəqabət Məcəlləsinin qəbulu ən azından inhisarçılıqla hüquq müstəvisində mübarizə aparmaq üçün zəmin yaradır. Bunun uzun illərdir qəbul olunmaması onu deməyə əsas verir ki, həm hökumət daxilində, həm deputatlar arasında lobbiçilik var, müəyyən qrupların mənafeyini önə çəkərək maneçilik törədirlər".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mecellenin, deputat, Bezi, memurlar, ve, manechilik, qebuluna, toredir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ